“Göz təzyiqi” kimi də tanınan qlaukoma, əlamət vermədən irəliləyən təhlükəli göz xəstəliyidir. Vaxtında aşkarlanıb müalicə edilməzsə, görmə sinirini zədələyərək korluğa səbəb olur. Mütəxəssislər, xüsusilə 40 yaşdan sonra hər il göz müayinəsindən keçməyi tövsiyə edirlər.
Dünyada təxminən 80 milyon insan qlaukomadan əziyyət çəkir və bu rəqəmin 2040-cı ilə qədər 110 milyona çatacağı proqnozlaşdırılır. Türkiyədə isə təxminən 2 milyon qlaukoma xəstəsinin olduğu ehtimal edilir. Lakin onların yalnız 500 mininə diaqnoz qoyulub. Yəni hər dörd xəstədən üçü xəstəliyindən xəbərsiz yaşayır. Bunun əsas səbəbi qlaukomanın uzun müddət heç bir əlamət vermədən inkişaf etməsidir.
Qlaukoma necə yaranır?
Mütəxəssislərin sözlərinə görə, göz daxilindəki mayenin axını pozulduqda gözdaxili təzyiq artır. Bu təzyiq görmə sinirini zədələyir və zamanla görmə qabiliyyətinin itirilməsinə səbəb olur. Bəzi hallarda isə göz təzyiqi normal olsa belə, görmə sinirində struktur dəyişikliklər nəticəsində qlaukoma inkişaf edir.
Risk altında olanlar
Ən böyük risk qrupuna 40 yaşdan yuxarı şəxslər daxildir. Həkimlər bu yaşdan sonra ildə ən azı bir dəfə göz həkiminə müraciət etməyi tövsiyə edirlər. Erkən diaqnoz görmə itkisi riskini əhəmiyyətli dərəcədə azaldır.
Xəstəliyin növləri
Qlaukomanın iki əsas növü var:
Açıq bucaqlı qlaukoma – halların təxminən 90 faizini təşkil edir. Adətən heç bir əlamət vermir. Görmə itkisi periferik (yan) görmədən başladığı üçün xəstə bunu uzun müddət hiss etmir. Əlamətlər ortaya çıxanda isə xəstəlik artıq irəliləmiş olur.
Bağlı bucaqlı qlaukoma – daha nadir rast gəlinir, lakin qəfil güclü göz ağrısı, baş ağrısı, ürəkbulanma və qusma kimi əlamətlərlə özünü göstərir və təcili tibbi yardım tələb edir.
Həkimlər qeyd edirlər ki, qaranlıq otaqda televizora baxarkən yaranan və istirahətdən sonra keçən baş və ya göz ağrıları da qlaukomanın əlamətidir. Belə hallarda mütləq göz həkiminə müraciət etmək lazımdır.
Müalicə
Qlaukoma tam sağalan xəstəlik deyil. Müalicənin məqsədi xəstəliyin inkişafını ləngitmək, görmə sinirini qorumaq və korluğun qarşısını almaqdır.
Müalicəyə adətən gözdaxili təzyiqi azaldan damcılarla başlanılır. Həkim tövsiyə etmədiyi halda bu damcıların istifadəsini dayandırmaq olmaz. Əgər dərmanlarla təzyiq nəzarət altına alınmırsa, lazer və ya cərrahi əməliyyat tətbiq olunur.
Göz təzyiqi neçə olmalıdır?
Normal gözdaxili təzyiq 10–21 mm civə sütunu (mmHg) arasında hesab olunur. Bununla belə, həkimlər vurğulayırlar ki, qlaukoma diaqnozu yalnız göz təzyiqinə əsasən qoyulmur. Diaqnoz üçün görmə sinirinin vəziyyəti, görmə sahəsi və digər xüsusi müayinələr də aparılır.
Unutmayın: Qlaukoma erkən mərhələdə əlamət vermir. Buna görə də, xüsusilə 40 yaşdan sonra müntəzəm göz müayinəsi görmə qabiliyyətini qorumağın ən təsirli yoludur.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

