Gundelik.az Mədəniyyət və cəmiyyət Gözəgörünməz təhlükə: Plastik məmulatlar təkcə təbiəti deyil, orqanizmimizi də əhatə edir
Mədəniyyət və cəmiyyət Xəbərlər

Gözəgörünməz təhlükə: Plastik məmulatlar təkcə təbiəti deyil, orqanizmimizi də əhatə edir

Gündəlik həyatda cəmi bir neçə dəqiqə istifadə etdiyimiz plastik məmulatlar təbiətdə yüz illərlə parçalanmadan qala bilir. Zaman keçdikcə mikroplastiklərə çevrilən bu hissəciklər artıq içməli suda, havada, insan qanında və ağciyər toxumasında aşkarlanır. “Plastiksiz İyul” hərəkatı isə kiçik istehlak vərdişlərini dəyişməklə bu təhlükənin azaldılmasının mümkün olduğunu xatırladır.

Bir su butulkası, qəhvə stəkanının qapağı və ya marketdən aldığımız plastik torba… Gündəlik istifadə etdiyimiz bu əşyaların ömrü qısa olsa da, onların ətraf mühitə təsiri uzun illər davam edir.

Elmi araşdırmalar göstərir ki, mikroplastiklərə çevrilən bu tullantılar təkcə təbiət üçün deyil, insan sağlamlığı üçün də ciddi risk yaradır.

Hər plastik parçasının öz hekayəsi var. Bəziləri cəmi bir neçə dəqiqə istifadə olunan su butulkası, digərləri isə qəhvə qapağı və ya alış-veriş torbası olur. Lakin onların böyük hissəsi sonda təbiətə qarışır.

Plastik tullantılar çaylara, dənizlərə axır, sahillərdə toplanır və zamanla gözlə görünməyəcək qədər kiçik hissəciklərə – mikroplastiklərə parçalanır. Halbuki düzgün tullantı toplama sistemi, təkrar emal və şüurlu istehlak sayəsində plastik yenidən istehsal prosesinin bir hissəsinə çevrilə bilər.

Məhz “Plastiksiz İyul” təşəbbüsü də bunu xatırladır. Hər bir plastik məhsulun taleyini dəyişmək gündəlik seçimlərimizdən başlayır. Çünki plastiklər təkcə təbiətdə yığılmır, həm də insan orqanizmində təhlükəli nəticələr yaradır.

Niyə bu qədər müzakirə olunur?

Araşdırmalar mikroplastiklərin içməli suda, havada, dəniz məhsullarında, süfrə duzunda, torpaqda və bir çox digər mühitlərdə mövcud olduğunu göstərir.

Son illərdə dərc olunan tədqiqatlarda isə bu hissəciklərin insan qanında, ağciyər toxumasında, plasentada və müxtəlif orqanlarda da aşkarlandığı bildirilib.

Ümumdünya Səhiyyə Təşkilatı mikroplastik və nanoplastiklərə məruz qalmanın mühüm tədqiqat sahəsi olduğunu vurğulayır. Təşkilat qeyd edir ki, onların uzunmüddətli təsirləri barədə qəti nəticələr əldə olunmasa da, bu maddələrə məruz qalmanın azaldılması vacib yanaşma hesab edilir.

Boston Universitetində aparılan yeni araşdırma isə mikroplastiklərin bakteriyalarda antibiotiklərə qarşı davamlılığın yaranmasını və yayılmasını sürətləndirə biləcəyini göstərib.

Tədqiqat zamanı müəyyən olunub ki, mikroplastiklərə məruz qalan Escherichia coli (E. coli) bakteriyaları mikroplastiklə təmasda olmayan bakteriyalarla müqayisədə dörd geniş istifadə olunan antibiotikə qarşı daha yüksək müqavimət inkişaf etdirib.

Problem təkcə təkrar emalla bitmir

Plastik deyildikdə ilk ağla gələn həll yolu təkrar emaldır. Lakin mütəxəssislər hesab edirlər ki, bununla kifayətlənmək mümkün deyil.

OECD-nin məlumatına görə, dünyada istehsal olunan plastiklərin yalnız 10 faizdən azı təkrar emal edilir.

Qalan hissə isə tullantı sahələrində toplanır, ətraf mühitə yayılır və zaman keçdikcə mikroplastiklərə çevrilir. Buna görə də əsas məqsəd yalnız təkrar emal deyil, birdəfəlik plastik məhsulların istifadəsini elə başlanğıcdan azaltmaqdır.

Tamamilə plastiksiz həyat müasir dövrdə real görünməsə də, gündəlik kiçik dəyişikliklər mikroplastiklərə məruz qalmanı azaltmağa kömək edir.

Məsələn:

Birdəfəlik plastik butulkalar əvəzinə təkrar istifadə olunan su qabından istifadə etmək;

Alış-veriş zamanı parça çanta götürmək;

İsti yemək və içkiləri plastik qablarda uzun müddət saxlamamaq;

Şüşə və ya paslanmayan poladdan hazırlanmış saxlama qablarına üstünlük vermək.

Bundan əlavə, həddindən artıq qablaşdırılmış məhsulların istehlakını azaltmaq və depozitli qabların geri qaytarılması sistemlərini dəstəkləmək də plastik tullantılarının azalmasına töhfə verir.

İyuldan sonrakı vərdişlər

“Plastiksiz İyul” kampaniyasının əsas məqsədi qüsursuz həyat tərzi yaratmaq deyil. Bu təşəbbüs insanların bir ay ərzində ekoloji şüur qazanmasını və əldə etdikləri faydalı vərdişləri ilin qalan hissəsində də davam etdirməsini təşviq edir.

Yanınızda gəzdirdiyiniz bir su qabı, marketə aparılan parça çanta və ya istifadə etdiyiniz depozitli butulkanın geri qaytarılması təkbaşına dünyanı dəyişmir. Lakin milyonlarla insan eyni kiçik addımları atdıqda, bunun yaratdığı müsbət təsir böyük olur.

Çünki plastik çirklənməsi yalnız ətraf mühitin deyil, hər birimizin ortaq problemidir.

 

Mənbə:CNN Türk

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version