Ürək problemləri yalnız yaşlı insanlara xas deyil. Son illərdə gənclər arasında da qəfil ürək ölümü halları diqqət çəkir. Mütəxəssislər bildirirlər ki, çox vaxt nəzərə alınmayan ürək xəstəliklərinin erkən əlamətləri vaxtında qiymətləndirilərsə, risk altında olan şəxsləri müntəzəm müayinələrlə qorumaq mümkündür.
Kardioloq Dr. Gülay Özkeçeci qəfil ürək ölümünün tibbi baxımdan necə qiymətləndirildiyini belə izah edib:
“Hadisənin şahidi varsa, simptomların başlamasından sonra 1 saat ərzində, şahid yoxdursa isə şəxsin sonuncu dəfə görüldüyü vaxtdan etibarən 24 saat ərzində baş verən ürək mənşəli təbii ölüm qəfil ürək ölümü hesab olunur. Bu hal hər yaşda baş verə bilər, lakin yaş artdıqca rastgəlmə tezliyi də yüksəlir.”
Həkimin sözlərinə görə, körpə və uşaqlarda bu hal hər 100 min nəfərə 1 nəfərdə müşahidə olunduğu halda, orta yaşda hər 100 min nəfərə 50, 80 yaşdan yuxarı şəxslərdə isə hər 100 min nəfərə 200 hadisəyə qədər artır.
40 yaşdan yuxarı insanlarda qəfil ürək ölümlərinin əsas səbəbi adətən infarkt və ya ürək-damar xəstəlikləri olur. Gənclərdə isə bu hallar daha çox ürək ritm pozğunluqları ilə əlaqələndirilir və onların əksəriyyəti genetik mənşəli olur.
Genetik ürək xəstəlikləri bəzən ürəyin quruluşunda dəyişikliklər yaradır. Quruluş pozğunluqları qanın dövranına təsir göstərir, struktur dəyişiklikləri olmayan xəstəliklər isə ürəyin elektrik sistemindəki problemlər səbəbindən ölümcül ritm pozğunluqlarına yol aça bilir.
Dr. Özkeçeci xəbərdarlıq edib ki, anabolik steroidlər və bəzi hormonal preparatlar ürək əzələsinin qalınlaşmasına səbəb olaraq qəfil ölüm riskini artıra bilər. Xüsusilə idman göstəricilərini artırmaq məqsədilə bu vasitələrin yüksək dozada istifadəsindən çəkinmək lazımdır.
Hansı əlamətlərə diqqət yetirilməlidir?
Qəfil ürək ölümündən əvvəl bəzi xəbərdaredici əlamətlər ortaya çıxa bilər. Bunlara aşağıdakılar daxildir:
Fiziki fəaliyyət və ya qaçış zamanı səbəbi bilinməyən huşun itməsi;
Güclü həyəcan və ya qorxu zamanı bayılma;
Sinədə sıxılma hissi;
Ürəkdöyünmə;
Göz qaralması.
Bu əlamətlər mütləq həkim tərəfindən qiymətləndirilməlidir.
Kimlər risk altındadır?
Ailəsində 50 yaşdan əvvəl səbəbi izah olunmayan qəfil ölüm, erkən yaşda infarkt və ya izah olunmayan boğulma hadisəsi olan gənclər yüksək risk qrupuna daxildir. Belə şəxslər üçün müntəzəm EKQ, exokardioqrafiya və zərurət yarandıqda genetik müayinələr həyat qurtara bilər.
Peşəkar və ya həvəskar səviyyədə idmanla məşğul olan gənclərin də idmana başlamazdan əvvəl kardioloji müayinədən keçməsi tövsiyə olunur.
İlk dəqiqələr həlledicidir
Mütəxəssisin sözlərinə görə, gənclərdə qəfil ürək ölümlərinin qarşısını almağın ən təsirli yolu xəbərdaredici əlamətləri vaxtında tanımaq, ailə anamnezini bilmək və ürəyi mütəmadi müayinələrlə nəzarətdə saxlamaqdır. Bundan əlavə, əhali arasında əsas həyat dəstəyi üzrə təlimlərin genişləndirilməsi də böyük əhəmiyyət daşıyır.
Mütəxəssislər vurğulayırlar ki, gənc yaşda baş verən hər bir bayılma, sinədə sıxılma və ya ürəkdöyünmə hissi laqeyd yanaşılmamalı, belə hallarda vaxt itirmədən həkimə müraciət edilməlidir.
Mənbə:CNN Türk
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

