İnsan Hüquqları üzrə Müşahidə Təşkilatının (HRW) 102 səhifəlik hesabatına görə, Facebook və TikTok-un tövsiyə alqoritmləri Kolumbiyada silahlı qrupların uşaqları sıralarına cəlb etmək məqsədilə paylaşdığı məzmunları aktiv şəkildə istifadəçilərə təqdim edib.
Hesabatda bildirilir ki, sosial media platformaları bəzi profilləri və paylaşımları yalnız HRW-nin xəbərdarlığından sonra silib. Lakin tövsiyə sistemləri bu məzmunları əvvəllər belə materialları axtarmamış istifadəçilərin qarşısına çıxarmağa davam edib.
Kolumbiya Ombudsmanlığının məlumatına görə, 2021-ci ildən bəri ən azı 1 500 uşaq silahlı qruplara cəlb olunub. Ölkənin ən yoxsul bölgələrindən biri olan Kauka 2021-2025-ci illər arasında qeydə alınan bütün halların 57 faizini təşkil edib. Ölkə əhalisinin təxminən 4 faizini təşkil etmələrinə baxmayaraq, silahlı qruplara cəlb olunan uşaqların təxminən yarısının yerli icmaların nümayəndələri olduğu qeyd olunub.
Məlumatlara əsasən, halların 74 faizinə 2016-cı il sülh sazişini qəbul etməyərək FARC-dan ayrılan qruplar cavabdehdir. Qeydə alınan halların 30 faizindən çoxunu 10-14 yaşlı uşaqlar təşkil edir. Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutuna əsasən, 15 yaşdan aşağı uşaqların silahlı qüvvələrə və ya qruplara cəlb edilməsi müharibə cinayəti hesab olunur.
HRW araşdırmaçıları Facebook və TikTok-da silahlı qruplara üzvlüyü təşviq edən 70-dən çox hesab və 40 paylaşımı araşdırıblar. Bu paylaşımlarda pul, zinət əşyaları və silah nümayiş etdirən şəxslərin görüntüləri, həmçinin silahlı qrupların həyatını romantikləşdirən musiqilər yer alıb.
Hesabatda vurğulanır ki, TikTok və Facebook-un alqoritmləri istifadəçinin həmin hesabları izləyib-izləməməsindən asılı olmayaraq, yüksək qarşılıqlı əlaqə yaradan bu tip məzmunları önə çıxarıb.
Meta və ByteDance 2026-cı ilin iyulunda məlumatlandırıldıqdan sonra HRW tərəfindən göstərilən profilləri sildiklərini təsdiqləyiblər. Şirkətlər qaydaları pozan məzmunlarla mübarizə apardıqlarını bildirsələr də, hesabatda qeyd olunan alqoritmik yayılma probleminə konkret münasibət bildirməyiblər.
HRW sosial media platformalarını yalnız şikayət edilən məzmunları silməklə kifayətlənməməyə, alqoritmlərin insan hüquqlarına mənfi təsirlərini müəyyənləşdirmək və qarşısını almaq üçün hərtərəfli insan hüquqları üzrə araşdırmalar aparmağa çağırıb.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

