Gundelik.az Mədəniyyət və cəmiyyət “Fərqlilik Gücümüzdür” Konsepsiyası
Mədəniyyət və cəmiyyət Xəbərlər

“Fərqlilik Gücümüzdür” Konsepsiyası

Humayun Sosial Problemlərin Həllinə Kömək İctimai Birliyinin nəzdində 2024-cü ildən fəaliyyət göstərən “Yurdum” layihəsi 18 yaşdan yuxarı Daun sindromlu, autizmli, əqli inkişaf məhdudiyyəti olan və digər xüsusi qayğıya ehtiyacı olan şəxslərin sosial inteqrasiyasına xidmət edir. Layihə çərçivəsində onların sosial və fərdi bacarıqlarının inkişafı məqsədilə musiqi, yoqa, incəsənət, əl işləri, özünəqulluq bacarıqları və digər inkişafyönümlü fəaliyyətlər təşkil olunur.
Humayun Sosial Problemlərin Həllinə Kömək İctimai Birliyinin sədri Firəngiz Hüseynova, layihə meneceri Vəfa Xəlilova, təlim koordinatoru Teymur Hüseynov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə direktor müavini, Humayun QHT-nin təhsil üzrə işçi qrupunun üzvü və tələbə-gənclərlə iş üzrə koordinatoru Sevda Axundova, hüquqşünas Fariz Əkbərov və Gundelik.az xəbər portalının təsisçisi – baş redaktoru Aynur Turanın iştirakı ilə “Fərqlilik Gücümüzdür” konsepsiyası hazırlanmış, “Yurdum” layihəsinin gələcək inkişaf istiqamətləri müzakirə edilmişdir.
Qeyd olunmuşdur ki, Azərbaycan Dövlət Pedaqoji Kolleci ilə Humayun QHT arasında imzalanmış əməkdaşlıq memorandumu əsasında kollec tələbələri tədris təcrübəsini keçmək məqsədilə Humayun QHT nəzdində fəaliyyət göstərən “Yurdum” inklüziv icmasına könüllü kimi cəlb olunurlar. Bu əməkdaşlıq gələcək sosial iş mütəxəssislərinin praktiki bilik və bacarıqlarının formalaşmasına, eyni zamanda inklüziv cəmiyyətin inkişafına mühüm töhfə verir.
Müzakirələr zamanı inklüziv mühitin daha da genişləndirilməsi, könüllülük fəaliyyətinin gücləndirilməsi, hüquqi dəstəyin artırılması, media ilə əməkdaşlığın inkişaf etdirilməsi və xüsusi qayğıya ehtiyacı olan insanların cəmiyyətə daha fəal inteqrasiyasını təmin edəcək növbəti addımlar müəyyənləşdirilmişdir. Hüquqşünas Fariz Əkbərov tərəfindən hüquqi məsələlərə dair ətraflı izahat verilmiş, layihənin gələcək inkişafı üçün mühüm əhəmiyyət kəsb edən bir sıra məsələlərə aydınlıq gətirilmişdir.
“Fərqlilik Gücümüzdür” konsepsiyası hər bir fərqliliyin cəmiyyət üçün dəyər olduğunu ön plana çıxararaq inklüziv, bərabərhüquqlu və mərhəmətli cəmiyyətin formalaşdırılmasına xidmət edən mühüm sosial təşəbbüsdür.
   
Gundelik.az
Exit mobile version