Gundelik.az Müsahibə Əyyub Kərimli: “WUF-13 Azərbaycan üçün mühüm siyasi-iqtisadi platformadır”
Müsahibə Xəbərlər

Əyyub Kərimli: “WUF-13 Azərbaycan üçün mühüm siyasi-iqtisadi platformadır”

BMT-nin Ümumdünya Şəhərsalma Forumu – WUF-13 dünyanın müxtəlif ölkələrindən minlərlə iştirakçını bir araya gətirən nüfuzlu beynəlxalq platformalardan biridir. Forum çərçivəsində urbanizasiya, şəhərlərin idarə olunması, dayanıqlı inkişaf, “ağıllı şəhər” və “yaşıl enerji” konsepsiyalarının tətbiqi, eləcə də müasir şəhərsalma modelləri geniş müzakirə olunur. Azərbaycanın belə mötəbər tədbirə ev sahibliyi etməsi ölkəmizin beynəlxalq nüfuzunun artması ilə yanaşı, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma layihələrinin dünya ictimaiyyətinə təqdim edilməsi baxımından da xüsusi əhəmiyyət daşıyır.

İqtisadçı ekspert Əyyub Kərimli Gundelik.az saytına müsahibəsində WUF-13 forumunun Azərbaycan üçün yaratdığı imkanlardan, Qarabağda həyata keçirilən “ağıllı şəhər” və “yaşıl enerji” layihələrinin perspektivlərindən, həmçinin beynəlxalq təcrübənin və investisiyaların ölkəmizə qazandıracağı üstünlüklərdən danışıb.

 WUF-13 forumunun Azərbaycan üçün əhəmiyyətini necə qiymətləndirirsiniz?

– WUF – BMT-nin Ümumdünya Şəhərsalma Forumu dünyanın bir çox ölkələrində keçirilmiş nüfuzlu beynəlxalq platformadır. Forum çərçivəsində urbanizasiyanın idarə olunması, şəhərlərin yeni layihələndirilməsi, müasir texnologiyaların tətbiqi və şəhərsalma sahəsində innovativ yanaşmalar geniş şəkildə müzakirə olunur.

Hazırda dünya əhalisinin təxminən 56 faizi şəhərlərdə yaşayır və proqnozlara görə, 2050-ci ilə qədər bu göstərici 70 faizə çatacaq. Bu isə şəhərlərin idarə olunması, infrastrukturun qurulması və dayanıqlı inkişaf istiqamətində ciddi çağırışlar yaradır. WUF-13 bu baxımdan Azərbaycan üçün unikal imkanlar formalaşdırır.

Forum çərçivəsində biz şəhərsalma sahəsində yeni texnologiyaların, yeni maliyyələşmə mexanizmlərinin, müasir infrastruktur modellərinin tətbiqi ilə bağlı beynəlxalq təcrübələri öyrənmək və gələcək layihələri müzakirə etmək imkanı əldə edirik. Bu baxımdan WUF-13 təkcə şəhərsalma tədbiri deyil, eyni zamanda mühüm siyasi-iqtisadi platformadır.

Forumun Qarabağda həyata keçirilən layihələrə hansı təsirləri ola bilər?

– Bildiyiniz kimi, işğaldan azad edilmiş ərazilərdə yeni şəhərlər salınır və bu istiqamətdə böyük investisiyalar həyata keçirilir. Artıq rəqəmsal şəhərlər, “ağıllı kənd” layihələri, yaşıl texnologiyalar və ekoloji cəhətdən dayanıqlı şəhər modelləri planlaşdırılır.

Bu baxımdan WUF-13 forumunun təsirləri olduqca böyük olacaq. Azərbaycanın Qarabağda həyata keçirdiyi layihələr beynəlxalq səviyyədə təqdim ediləcək və bu, xarici investorların diqqətini daha da artıracaq. Hazırda həmin ərazilərdə alternativ və yaşıl enerji əsaslı şəhər modelləri formalaşdırılır. Ətraf mühitin qorunması, sıfır emissiya prinsipləri və tullantıların idarə olunması istiqamətində ciddi işlər həyata keçirilir.

Eyni zamanda, bu layihələr şəhərlərin idarə olunmasında “yaşıl maliyyə” alətlərinin tətbiqinə də geniş imkan yaradır. Müasir şəhərlərin qurulması böyük maliyyə resursları tələb edir. Buna görə də beynəlxalq maliyyə mexanizmlərinin öyrənilməsi və tətbiqi xüsusi əhəmiyyət daşıyır.

Şəhərlərin gələcək inkişafı baxımından forum hansı perspektivlər yaradır?

– Müasir şəhərlərin inkişafı artıq yalnız infrastrukturun qurulması ilə məhdudlaşmır. Burada əsas məqsəd daha insan yönümlü, sosial baxımdan əlçatan və texnoloji baxımdan müasir şəhər mühitinin formalaşdırılmasıdır.

WUF-13 bu istiqamətdə yeni yanaşmaların və beynəlxalq təcrübələrin öyrənilməsi üçün geniş imkanlar yaradır. Forum çərçivəsində şəhərlərin idarə olunması, biznes infrastrukturunun inkişafı, yeni texnologiyaların tətbiqi və investisiya imkanları ilə bağlı mühüm müzakirələr aparılır.

Qarabağda qurulacaq şəhərlərdə yeni biznes sahələrinin yaradılması, innovativ texnologiyaların tətbiqi və yeni iş yerlərinin açılması əsas prioritetlərdəndir. Bu istiqamətdə beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi Azərbaycana ciddi faydalar qazandıracaq.

Tərtib etdi: Əliyeva Jalə
Mənbə: Gundelik.az

Exit mobile version