Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) dövlət qurumlarının rəhbər nümayəndələri üçün nəzərdə tutulan “Rəhbərlər üçün kibertəhlükəsizlik seminarı” təşkil edib. Adətən, dövlət qurumları üçün bu tip tədbirləri indiyədək Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) təşkil edirdi. Yəni belə bir vəzifənin icrası əsasən XRİTDX –ya aid sənədlərdə qeyd edilib.
Gundelik.az xəbər verir ki, bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz fikirlərini bölüşüb.
O xatırladıb ki, 2018-ci ilədək ETX Əsasnaməsində kiber sahə üzrə əsasən qeyri-dövlət sektorunda aparılacaq işlər nəzərdə tutulurdu: “Sonradan bu siyahıya “dövlət qurumları” adı əlavə olunsa da, ETX adətən bu istiqamətdə tədbirlər keçirmirdi. Güman ki, ETX ötən ay “İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası haqqında Əsasnamə”yə edilən dəyişikliklərdən sonra bu tip tədbirlərə start verib.
Xatırladıram ki, ötən ay Prezidentin Fərmanı ilə nazir Rəşad Nəbiyev İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının sədri təyin edilib. Bu komissiya kiber ekosistemdə fəaliyyət göstərən dövlət qurumlarının işinin əlaqələndirilməsini təşkil edir. Komissiyanın nəzdində daimi fəaliyyət göstərən Katibliyin işinin təşkili isə Elektron Təhlükəsizlik Xidmətinə həvalə olunub. Əvvəllər isə həm Komissiyaya, həm də Katibliyə XRİTDX rəhbərlik edirdi”.
“İstənilən halda, düşünürəm ki, ETX-nin əladədar qurumlarla birgə kiber sahədə maarifçilik istiqamətində atdığı addımlar faydalıdır. Bu istiqamətdə birgə səylərin daha da gücləndirilməsi doğru olardı”, – deyə O. Gündüz fikilərini tamamlayıb.
Gundelik.az

