Gundelik.az Dünya Ebola epidemiyası böyüyür: Virus mutasiyaya uğramış ola bilər
Dünya Xəbərlər

Ebola epidemiyası böyüyür: Virus mutasiyaya uğramış ola bilər

Konqo Demokratik Respublikasında (KDR) davam edən böyük Ebola epidemiyasında təsdiqlənmiş yoluxma hallarının sayı 4 mini keçib. Bu səbəbdən mütəxəssislər virusun mutasiyaya uğramış ola biləcəyindən narahatdırlar. Afrika Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (Africa CDC) mərhələli tədbirlər dövrünün başa çatdığını açıqlayaraq epidemiyaya qarşı mübarizəni ən yüksək səviyyəyə qaldıracağını bildirib.

Bundibuqyo ştamından qaynaqlanan Ebola epidemiyası ilk dəfə mayın 15-də qeydə alınsa da, mütəxəssislər virusun əslində yanvar ayından etibarən yayılmış ola biləcəyini ehtimal edirlər. KDR Milli İctimai Sağlamlıq İnstitutunun məlumatına görə, avqustun 4-dək 3 973 yoluxma və 1 801 ölüm halı qeydə alınıb. Africa CDC-nin baş direktoru doktor Jan Kaseya isə mətbuat konfransında yoluxmaların artıq 4 mini keçdiyini təsdiqləyib.

Bu epidemiya tarixdə qeydə alınan ikinci ən böyük Ebola epidemiyası hesab olunur. Mövcud göstəricilər 2014–2016-cı illərdə Qərbi Afrikada baş vermiş, 28 mindən çox insanın yoluxduğu və 11 mindən çox insanın həyatını itirdiyi epidemiyanın 11-ci həftəsi ilə müqayisədə yoluxma sayının səkkiz, ölüm hallarının isə altı dəfə çox olduğunu göstərir.

Doktor Kaseya bildirib ki, o, Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru doktor Tedros Adhanom Qebreyesus ilə görüşərək virusun mutasiyaya uğrayıb-uğramadığını müəyyənləşdirmək üçün araşdırmaların aparılması barədə razılığa gəlib. Onun sözlərinə görə, “Bundibuqyo ştamının yaratdığı bu epidemiya indiyədək görünməmiş dərəcədə ağırdır.”

Təmaslıların yalnız dörddə biri müəyyən edilir

Mütəxəssislərin sözlərinə görə, Ebola səbəbindən baş verən ölümlərin üçdə ikisindən çoxu müalicə mərkəzlərində deyil, cəmiyyət daxilində baş verir. İturi əyalətinin Bunia şəhərində “Sərhədsiz Həkimlər” (MSF) təşkilatının idarə etdiyi müalicə mərkəzində hospitala yerləşdirilən xəstələrin 90 faizinin rəsmi təmaslı siyahılarında olmadığı müəyyən edilib. Bu isə aşkarlanmayan yoluxmaların geniş yayıldığını göstərir.

Doktor Kaseya qeyd edib ki, hər Ebola xəstəsi üzrə orta hesabla 40 təmaslı müəyyən edilməli olduğu halda, hazırda cəmi 10 nəfər izlənilir.

Qusma, ishal, orqan zədələnməsi və daxili qanaxmaya səbəb olan Ebola virusu əsasən İturi əyalətində yayılır. Epidemiya artıq Şimali Kivu, Cənubi Kivu, Haut-Uele və Tshopo əyalətlərinə də yayılıb. Qonşu Uqandada isə epidemiya nəzarət altına alınana qədər 20 yoluxma halı qeydə alınıb.

Mübarizə tədbirləri genişləndirilir

Africa CDC-nin Fövqəladə Hallara Hazırlıq və Cavab üzrə rəhbər vəzifəsini icra edən doktor Vessam Mankula bildirib ki, artıq yalnız təmaslıların izlənilməsi ilə kifayətlənilməyəcək. İcma səhiyyə işçiləri Ebola əlamətləri göstərən şəxsləri müəyyən etmək üçün evləri qapı-qapı gəzəcəklər.

Onun sözlərinə görə, mərhələli yanaşma artıq kifayət etmir və mübarizənin miqyası genişləndirilir.

Doktor Kaseya əlavə edib ki, yeni fəaliyyət planı kəndlərə yönələcək, yerli icmaların və rəqəmsal texnologiyaların imkanlarından istifadə olunacaq, həmçinin məcburi köçkün düşərgələrində profilaktik tədbirlər gücləndiriləcək.

Yeni müalicə və peyvənd sınaqları

Səlahiyyətlilər Ebola xəstələrinin müalicəsində humanitar əsaslarla Remdesivir antiviral preparatından istifadə etməyə başlayacaqlarını açıqlayıblar. Bundan başqa, başqa bir Ebola ştamına qarşı lisenziyalaşdırılmış Ervebo peyvəndinin Bundibuqyo ştamına qarşı da xəstəliyin gedişini yüngülləşdirdiyi və peyvənd olunan şəxslər arasında ölüm halının qeydə alınmadığına dair ilkin nəticələr əldə edildiyi üçün onun bölgədə tətbiqi sınaqdan keçiriləcək.

Africa CDC-nin Araşdırmalar, Klinik Tədqiqatlar və İnnovasiyalar direktoru doktor Plasid Mbala Kinqebeni vurğulayıb ki, epidemiyanın miqyası nəzərə alınarsa, təkcə ənənəvi ictimai səhiyyə tədbirləri ilə vəziyyəti nəzarət altına almaq mümkün olmayacaq.

KDR hökuməti həmçinin ölkənin şimal-şərqindən paytaxt Kinşasaya gedən gəmidə baş vermiş şübhəli Ebola ölümü ilə bağlı araşdırma aparıldığını, gəmidə olan digər sərnişinlərin karantinə alınaraq test ediləcəyini bildirib.

UNICEF isə xəbərdarlıq edib ki, yoluxma qorxusu və səhiyyə xidmətlərində yaranan fasilələr səbəbindən ailələr tibb müəssisələrinə müraciət etməkdən çəkinirlər. Epidemiyanın mərkəzi sayılan Monqbvalu qəsəbəsində uşaqlar arasında qızılca peyvəndinin ilk dozasını alanların sayı 69 faiz azalıb.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version