İnzivaya çəkilmək mütləq lazım imiş…
Əvvəli belə başlamışdı. Yazıçı xanım dostlarımdan biri demişdi, nəsə, son vaxtlar heç nə yazmırsan. Söhbətin məğzini dəyişib onun başladığı mövzuya cavab verməməyə çalışmışdım… Bəlkə, əsaslı bir səbəb də yox idi… Sadəcə üzrlü səbəblərdən inzivaya çəkilmişdim. O da yayındığımı sezib zarafatyana demisdi ki, „ya sənin ilham pərin uçub, ya da çox tənbəlləşmisən…“
Yazıçı xanım dostumuzun sözlərinə gülümsəsəm də, qəlbimdə hissiz bir ağrının o anda necə sızıldadığını daha çox duydum. Daxilində son vaxtlarda itirdiyim insanların ağrısı, narahatlığı və yoxluğu yatırdı.
Bəlkə də tənbəlləşməyə əsas da elə bunlar idi. Həm də sanki yazmağa o ruh da qalmamışdı…
Arada son üç ilə yaxın müddətdə Feysbuk divarımda yazıb paylaşdıqlarımı nəzərdən keçirdim. Nə maraqlı… Özümdən iki obraz yaratmışdım. Onları canlı insan halına gətirib aralarında sevgi, fəlsəfə, duyğu, hörməttl – ümumiyyətlə, bəşər əhlinə aid ünsiyyəti yaxşı və gözəl edən nə varsa, o obrazlarda birləşdirmişdim. Həyatda belə həqiqətlər az olur. Obrazların arasında yaxşı münasibət yaradıb, öz aləmimdə maraqlı tapıntılar edərək “Ədəbiyyat və mən” etməyə çalışmışdım.
Sözsüz ki, yazan adamların mətnlərində müəyyən bir bioqrafiya var. Bu, şəksiz belədir. Mövzu və nümunə olaraq, kimi yaşadığını, kimi yaşamaq istədiyini, kimi də müşahidə etdiyini yaradıcılığına gətirir.
Qeyd edim ki, bir müəllif kimi müşahidələri gözdən qaçırmamaqla, ikinci fikri daha çox diqqətdə saxlayırdım…
Ancaq bir zaman ki var, onun içində yaşadıqların, həyat şəraitin, qayğıların və sr. müvəqqəti də olsa duyğularını özündən ayırır, heç deyilsə özünlə danışmaq istədiklərini əlindən alır, səndən uzaq bir məsafədə bloklayır. Onda yaşamaq istədiyini yazmaq da istəmirsən.
Axı, indiyə kimi hər yuxunun, özündən uydurduğun nağılın, hekayənin gerçək olacağı bir həqiqət də doğulmayıb… Bu, bəzən baş verə bilirmiş. Yalnız insan israrla onu istəyəndə…
Ümumiyyətlə, adamda nə qədər istedad olsa da, ruh yorğun hala gələndə zəifləyirsən, “immunitet” deyə saxladığın nə varsa, tükənir və yazmaq istədiyin mətn də uğurlu alınmır.
Mövzu etibarilə zəif görünəcək mətni də yazmaq istəmirsən…
Fikir və ideya olsa da, nəfəs çatışmazlığı səbəbindən sevimli söz körpəsi doğula bilmir. Burada bu situasiya əsas məqamdır. Doğrudan-doğruya qüsursuz, dolğun yazılan söz, fikir dünyaya gələcək körpəyə bənzəyir. Və həqiqətən, bədahətən yaranan istənilən mətn haradasa dayandısa, ilişdisə, dayanmaq lazım imiş. Demək ki, daha yaxşının yazılmasına, özünü sükut içində saxlamağın da xüsusi bir təyinatı varmış…
Hərdən durğunluğun içində fikrimdə olanları “Paris” dəftərimə yazırdım. Atamın və bacımın hədiyyə etdiyi dəftərlər içində ən çox yanımda gəzdirdiyim idi o. Bəzən o dəftərə yazdıqlarımın mənasını çox sonra anlaya, aça bilirdim. Yaradıcılıq fakültəsində Maral Yaqubova ilə o situasiyanı müzakirə etmişdim. Onun söylədiyi hələ də yadımdadır: “Yazacağın özü gəlməzdən əvvəl sənin indiki halındır”, — demişdi. Yəni ki, susaraq nə düşünürsənsə, o da dünyaya – sənə gələcəkdir.
O müzakirədən sonra „Paris“ dəftərimə bunları da yazmışdım:
Sükut – həm də düşüncənin bətnindən gələnin anasıdır!
Sükut – düşüncənin yetişdiyi yerdir!
Şükür ki, nə yaxşı sükut var imiş, şükür…
Gülər Natiq İsaq
Gundelik.az

