İstanbul Hava Limanı növbəti dəfə “Dünyanın ən yaxşı hava limanı” adına layiq görülüb.
Gundelik.az xəbər verir ki, mükafat Nyu-Yorkda fəaliyyət göstərən “Conde Nast Traveller” səyahət jurnalının oxucuları arasında keçirilən illik sorğunun nəticələrinə əsasən təqdim edilib.
İGA şirkətinin yaydığı məlumata görə, dünyanın 330-dan çox istiqamətinə reyslərin həyata keçirildiyi İstanbul Hava Limanı “qlobal transfer mərkəzi” statusunu möhkəmləndirərək səyahətçilərin səs çoxluğu ilə birinci yeri qazanıb.
İGA-nın baş direktoru Selahattin Bilgen açıqlamasında bu uğurun təsadüfi olmadığını bildirib.
“Conde Nast Traveller” jurnalının təcrübəli oxucularının bu etirafı sərnişin təcrübəsinə və xidmət keyfiyyətinə verdiyimiz önəmin göstəricisidir. Dünyanın ən yaxşı hava limanı seçilmək həm komanda işimizin, həm də sərnişinlərə göstərdiyimiz diqqətin nəticəsidir”, – deyə Bilgen qeyd edib.
Mərkəzi ofisi Nyu Yorkda yerləşən “Conde Nast” nəşriyyat qrupunun təşkil etdiyi “Oxucuların Seçimi” sorğusunda yüz minlərlə səyahətçi iştirak edib. Onların səslərinə əsasən, İstanbul Hava Limanı 2024-cü ildən sonra 2025-ci ildə də birinci yeri tutaraq iki il ardıcıl zirvədə qalıb.
Siyahıda Sinqapurun Çanqi Hava Limanı ikinci, Qətərin Doha şəhərindəki Hamad Beynəlxalq Hava Limanı isə üçüncü pillədə qərarlaşıb.
İstanbul Hava Limanı daha əvvəl də “Travel + Leisure” jurnalı tərəfindən iki il dalbadal “Dünyanın Ən Yaxşı Hava Limanı” seçilmişdi. Bu uğur hava limanını beynəlxalq arenada Türkiyə üçün qürur mənbəyinə çevirib.
Gundelik.az

