2026-cı il FIFA Dünya Kubokunun açılış matçında Meksika Cənubi Afrikanı 2:0 hesabı ilə məğlub edərək turnirə qələbə ilə başladı.
Ev sahibi komanda ilk hissəni Xulian Kinyonesin qolu ilə 1:0 öndə başa vurdu. İkinci hissədə isə hücumçu Raul Ximenes fərqi artıraraq matçın yekun hesabını müəyyənləşdirdi.
Qarşılaşmada ümumilikdə 3 qırmızı vərəqə göstərildi:
Cənubi Afrika yığmasında Sphephelo Sitole 49-cu dəqiqədə,
Themba Zvanə 84-cü dəqiqədə,
Meksika millisində isə Sezar Montes 90+2-ci dəqiqədə meydandan qovuldu.
Kinyones ilk Dünya Kuboku oyununda tarix yazdı
Kolumbiya əsilli Meksika millisinin hücumçusu Xulian Kinyones karyerasındakı ilk Dünya Kuboku matçında fərqlənərək həm özünün, həm də 2026 Dünya Kubokunun ilk qolunun müəllifi oldu.
Bir zərbəsi dirəkdən dönən futbolçu ötən mövsümü Səudiyyə Ərəbistanının “Əl-Qadsiya” klubunda 33 qolla başa vurmuşdu. O, həmçinin oyunun ən yaxşı futbolçusu seçildi.
Aquirre 40 ildən sonra yenə eyni stadionda qalib gəldi
Meksika millisinin baş məşqçisi Xavyer Aquirre ilə Cənubi Afrikanın çalışdırıcısı, belçikalı Huqo Broos 40 ildən sonra yenidən Meksiko Siti stadionunda rəqib oldular.
1986-cı il Dünya Kubokunda futbolçu kimi üz-üzə gələn bu iki məşqçidən Aquirre həmin vaxt da 2:1 hesablı qələbə qazanmışdı. 40 il sonra artıq baş məşqçi kimi qarşılaşan tərəflər arasında yenə qalib Meksika təmsilçisi oldu.
Neri Pumpido alqışlarla qarşılandı
1986-cı ildə Argentina ilə Dünya Kubokunu qazanan əfsanəvi qapıçı Neri Pumpido, turnirin 40 illiyi münasibətilə Meksiko Siti stadionunda xüsusi qonaq kimi azarkeşlərin qarşısına çıxdı.
Fasilə zamanı qısa çıxış edən Pumpido burada Dieqo Maradona ilə birlikdə kuboku qazandıqlarını xatırladıb və Meksikalı azarkeşlər tərəfindən uzun müddət alqışlanıb.
Turnirin ən gənc futbolçusu meydana çıxdı
2026 Dünya Kubokunun ən gənc iştirakçısı, 17 yaşlı Gilberto Mora oyunun 66-cı dəqiqəsində meydana daxil olaraq karyerasında ilk dəfə Dünya Kubokunda çıxış etdi.
Beləliklə, o, Dünya Kuboku tarixində ən gənc futbolçulardan biri kimi adını tarixə yazdırdı.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

