Klassiklərimiz mətbuatı insanların ruhunu təzələyən səhər mehi, cəmiyyətin hərəkətverici qüvvələrindən biri, dövrün aynası, xalqın görən gözü, eşidən qulağı və s. epitetlərlə təqdim və təqdir etmişlər. Doğrudan da ümummilli mədəniyyətin tərkib hissəsi olan mətbuat mənsub olduğu xalqın həyata baxışlarını, məişət tərzini, ictimai-mədəni proseslərə sosial-psixoloji münasibətlərini özündə əks etdirən, eyni zamanda onun hər hansı məsələyə münasibətinin formalaşmasında əhəmiyyətli rol oynayan bir vasitədir. Ona görə mətbuatın elmi-nəzəri, metodiki və təcrübi baxımdan dərki və inkişaf mərhələlərinin şəhri də diqqət mərkəzində olmuş, bu barədə şeir, məqalə və kitablar yazılmış bir-birindən maraqlı fikirlər söylənmişdir. İş elə gətirmişdir ki, mətbuata, onun əhəmiyyətinə dair ilk qiymət verib fikir söyləyən qələm əhli elə şair, yazıçı, publisistlər olmuşlar. Milli mətbuat tariximizin keçdiyi yolu araşdıran, onun ümumi mənzərəsini canlandırmağa çalışmaq təşəbbüsü ilə qələmə salınanlar da mətbuat və ədəbiyyat xadimləri olmuşlar. XX əsr Azərbaycan ədəbi fikrinin görkəmli şəxsiyyətləri içərisində satirik şair Əli Nəzminin adı iftixarla çəkilənlərdəndir. Dövrünün ən qüdrətli yazarları sayılan Əli Nəzmi ölməz sənətkar olaraq həkk olunmaqdadır.
Əli Nəzmi (Əli Məhəmməd oğlu Məmmədzadə) 1878-ci ildə Gəncə şəhəri yaxınlığındakı Sarov kəndində yoxsul ailədə doğulmuşdur. İbtidai təhsilini mollaxanada almışdır. Sonra rus-tatar məktəbində oxumuşdur. Atasının vəfatından sonra güzəranı ağır keçdiyindən doğma yurdu tərk edib Orta Asiyanın Buxara və Səmərqənd şəhəriərində iki il tacir dükanında şagird olmuşdur. Mütaliə yolu ilə təhsilini artırmış, klassik Şərq ədəbiyyatını dərindən öyrənmişdir. “Bikəs” təxəllüsü ilə şeirlər də yazmışdır.
Ədəbi fəaliyyətə 1904-cü ildə “Şərqi-Rus” qəzetində dərc etdirdiyi “Kənddə ibtida” adlı ilk şeri ilə başlamışdır. 1905-1907-ci illərin inqilabi hərəkatı onun yaradıcılığında dönüş yaratmışdır. Satirik şeirlərini “Məşədi Sijimqulu”, “Kefsiz” və s. gizli imzalarla çap etdirmişdir. “Molla Nəsrəddin” ədəbi məktəbinin görkəmli nümayəndəsi kimi tanınmışdır. Felyeton və satirik şerləri satirik-yumoristik jurnallarda, xüsusən “Molla Nəsrəddin” jurnalında müntəzəm çap olunmuşdur. “İstibdad”, “Qorxuram”, “Olacaqmı”, “Sizə nə”, “Ey fuqəra”, “Od tutub odlandı vətən” və s. şeirlərində mütləqiyyətə, müstəmləkəçilik siyasətinə, dini fanatizmə və geriliyə qarşı azadlıq ideyalarını təbliğ edir. Doğma kəndində təqib olunduğuna görə ailəliklə Gəncəyə köçmüş, burada xırda ticarətlə məşğul olmuşdur. Eyni zamanda öz satirik şeirlərini gizli imzalarla (A.S.Əlidəyənəkli, “Həcamətverdi”,“Sərsəri”,“Qanacaqsız”,“Şəmşir”, “Şəmşirək”, “Peşiman qoca”, “Gəncə Cavanları”, “Müt-şair”, “Şallax”, “Kav-mahi”, “Qoca zığ-zığ”, “Papiros-çəkən” və s.) çap etdirir. Azərbaycanda Sovet hakimiyyəti yarandığı ilk gündən yeni cəmiyyətin tərəfdarı kimi fəaliyyət göstərmişdir. O, Gəncə məktəblərində müəllimlik etmiş, sonra “Yeni Gəncə” qəzeti redaksiyasında çalışmış (1924-1926), Bakıya köçüb “Kəndli” qəzeti və “Molla Nəsrəddin” jurnalı redaksiyasında məsul katib olmuşdur (1926-1931). Sonra təqaüdə çıxmışdır, həm də “Yeni yol”, “Kommunist” qəzeti redaksiyalarında müxtəlif vəzifələrdə işləmişdir. İkinci Dünya müharibəsi dövründə alman faşizminə qarşı kəskin satirik əsərlərlə çıxış etmişdir. Nizami, Firdovsi, Krılov kimi sənətkarlardan tərcümələr etmiş, eyni zamanda qiymətli ədəbi-tənqidi məqalələr yazmışdır. “Keçmiş günlər” (1944) adlı mənzum xatirəsi XX əsr Azərbaycan ədəbiyyatı və mətbuatını öyrənmək üçün maraqlıdır.
1946-cı il yanvarın 4-də Bakıda vəfat etmişdir.
İlk mətbu əsəri “Şərqi-rus”da çap olunan Əli Nəzminin ilk yaradıcılığı haqqında tədqiqatçların fikri belədir ki; “onun 1901-ci idən başlayaraq şerlər yazdığı və hətta bundan bir neçə il əvvəl Orta asiya dan öz dostlarına və məktəb yoldaşlarına mənzum məktublar göndərdiyi məlimdiur”. Bu haqda şair özü də sonralar xatirələrində yazırdı ki: “Mən, qürbətdə mütəəssir olduqca vətəndəki məktəb arkadaşlarıma məktub yazaraq və bəzən də təəssüratımı onlara daha kəskin anlatmaq üçün qəzələ oxşar, vəzni və qafiyəsi pozuq şerlər yazırdım”.
Əli Nəzmi ailəsini dolandırmaq üçün Buxara və Səmərqəndə gedərək ticarətlə məşğul olurdu. Belə səfərlərdən biri də 1904-cü ildə Tiflisə oldu. Lakin burada o yalnız ticarətlə maraqlanmadı. Həm də yenicə çap olunan “Şərqi-rus”un redaksiyasına gəlir və M.Şahtaxtinskilə tamış olur. Bu tanışlıqdan sonara qəzetdə ara-sıra şer və məqalələri ilə çap olunur. Növbəti gəlişlərindən birində elə həmin redaksiyada Mirzə Cəlil və Ö.F.Nemanzadə ilə tanışlığı sonralar möhkəm dostluğa cevrilir . O, “Molla Nəsrəddin”də ilk dəfə 1906-cı ildə “Əlidəyənəkli” imzası ilə kiçik bir məktubla (bəzi tədqiqatçlar bunu felyeton da adlandırıdlar) başlayır. Ə.Nəzminin jurnala gəlişini Mirzə Cəlil sonralar xatirələrində belə yazırdı: “O vaxt biz məcmuəmizin 12-ci nömrəsində “Quli-biyabani” sərlövhəli bir məqalə ilə varlılarımıza tənəli bir xitab dərc etdik. Ta ki,ondan bir neçə vaxt sonra Sabirin “Təmeyi-nahar”ı bizim səsimizə səs verdi. Burada Məşədi Sijimqulu kefsiz də meydana çıxdı və “pənah Allaha”- deyib, Sabirin “Təmeti-nahar”ına cavab olaraq “Çayda çapan qardaşım, ağlama, ağları gör” mətləli şerini göndərdi”.
Lakin, Ə.Nəzmi “Molla Nəsrədddin”də ilk olaraq bir neçə mollanəsrəddinçidən fərqli olaraq nə şer, nə də felyoton ilə çıxış edib. Onun ilk çıxışları məktubları olub. Beləliklə jurnalla yaxınlıq edən gənc onun məqsədini, məramını daha yaxından başa düşməyə başlayır və sonralar nəyin ki, jurnalın daimi yazarına çevrilir, hətta Mirzə Cəlil onu dahi Sabirlə müqayisə edərək deyirdi: “Molla Nəsrəddin”ə yaraşan şivənin məzəliliyi və duzluluğunda, məharət və lətafətdə Sabirə yavuq gələn və ona əvəz olan–birinci Məşədi Sijimqulu Kefsiz olubdu”.
Mirzə Cəlilin bu fikrini sonralar ədəbiyyatşünas alim Mir Cəlal təsdiq edərək yazırdı ki: “İmza atmasa Sabir ilə Əli Nəzminin şerlərini biri-birindən ayırmaq çox çətindir”. Digər tədqiqatçların fikrincə də M.Ə.Sabirin vəfatından sonara istər “Miolla Nəsrəddin”də istərsə də “Məzəli”, “Tuti”, “Zənbur”, “Babayi-Əmir” və s kimi satirik jurnallarda əsasən “Şəmşirək”, “Şəmşir”,“Sijimqulu”, “Kefsiz”, “Məşədi Sijimqulu”, “Sərsəri”, “Şallax” imzaları ilə ən yaxşı şerləri yazan Əli Nəzmi olmuşdur. Bunlarla yanaşı Əli Nəzmi “Məlimat”, “Tərəqqi”, “Yeni irşad”, “Günəş”, “Qardaş köməyi” kimi qəzet və jurnallarla da əməkdaşlıq etmişdir.Bu mətbu orqanlarındakı çıxışı bir daha sübut edir ki, Ə.Nəzmi təkcə satirik şerlər deyil, eyni zamanda nəsrlə də maraqlanmış, publisistik məqalələr və felyetonlar da yazmışdır.
1927-ci ildə Ə.Nəzmi “Sijimqulunamə” adlı “Azərnəşr”də çap etdirdiyi əsərini də ustadının xeyir-duası ilə (əsərə Mirzə Cəlil müqəddimə yazıb) oxucularının ixtiyarına verir.
Əli Nəzmi ömrünün əlli ilini bədii yaradıcılıqla məşğul olmuş, Mirzə Cəlil, Sabir kimi ömrünü vətənin tərəqqisinə, mədəniyyət və maarifin çiçəklənməsinə həsr etmişdir. O, Sabirin vəfatından sonra ikinci Sabirimiz oldu və onun yerini boş qoymadı. Məşədi Sijimqulu Kefsizin zövq və səfalı, duzlu və məzəli şeirinin dalı heç vaxt kəsilmədi. Onun əsərlərində cəmiyyətdə kök salan sosial ziddiyyətlər, yoxsulluq, dini fanatizm, qadın azadlığı öz əksini tapırdı.
Mən annamıram, bilmirəm, insan nə deməkdir!
İnsan hələ insandı, bə heyvan nə deməkdir?..
Çarizmin müstəbidliyi, azadlıqda olan millətlərə qarşı sonsuz zülm və işgəncəsi həssas təbiətli, iti və kəskin qələmli Əli Nəzminin ilk şeirlərindən tutmuş 1920-ci ilə qədərki bütün yaradıcılığında yanıqlı dillə təsvir olunur…
Vətən dərdi Əli Nəzminin inqilabdan əvvəlki bütün yaradıcılığına hopmuşdur. Xüsusilə, irtica illərində onun dünyagörüşünün, bəzən hətta bədbinlik notları sezilən şeirlərinin əsasında həmin ictimai kədər durmuşdur. “Bu da bir bahar” əsərində vətən yaraları ümidsiz, qəmli xallarla ifadə olunmuşdur:
Qırmızı qan ilə əlvandır bu gün lövhi-vətən,
Çəngi –istibdaddə qəbz olmada ruhi-vətən.
Turi-əğyar ilə ilə dolmuş qəlbi-məcburi-vətən,
Kəştiyi-hifzü xilasə minməyir Nuhi-vətən,
Bilkəsa, qəlbi-vətəntək zəxmdar olmuş könül.
Şair öz əsərlərində “dilbəri-hürriyyəti” , yəni azadlıq dilbərini bir növ vəsv edir. Vətənin gələcək səadəti üçün onun hava və su kimi gərəkli olduğunu dönə-dönə, coşğun ilhamla təsvir edir. Azadlığa olan olan ümid ağacını barsız görəndə, xəzan yelləri şairin ümid ağacını vuranda, irticanın qara əlləri ilə hər şey alt-üst ediləndə Əli Nəzmi:
Od tutub odlandı vətən sərbəsər,
Olmadı övladi-vətən bəxtəvər-
Deyə xalqın həsrətini ürəyində qoyanların nifrətlə damğalayır. “Hürriyyətdən kim nə pay aparsın?” şeirində azadlıq arzu və istəyini təəssüflə yoğrulmuş misralarda ifadə edir:
Qreklərə hər nə desə çal çəpik,
Azərbaycan türklərinə vur təpik.
Uruslara mümtaziyyat, ağalıq,
Erməniyə imperiyada darğalıq!
Milli ədəbiyyat və dilimizin varlığı, saflığı uğrunda kəskin məfkurə döyüşlərində Əli Nəzmi Mirzə Cəlilin ən yaxın silahdaşı , məsləkdaşı, ideya yoldaşı olmuşdur. Əli Nəzmi sovet dövründə də çoxlu mənzum hekayələr, satirik şeirlər yazmış, “Molla Nəısrəddin” əbədi məktəbinin tənqid, satira həqiqətpərəstlik, vətəndaşlıq cəsarəti ənənələrinə son nəfəsinədək sadiq qalmışdır. Böyük Vətən müharibəsi illərində yazdığı satiralar şairin ədəbi irsində ayrıca mərhələdir., bu əsərlər “Satira mərmiləri” adı ilə çap olunmuşdur. Onun keçdiyi mürəkkəb həyat və mübarizə yolu xalqa təmənnasız xidmət nümunəsidir.
Əli Nəzmi hər şeydən əvvəl, inqilabçı-satirik şairdir. Yaradıcılığının başlıca ruhunu inqilab, azadlıq, vətən, xalq, beynəlmiləlçilk, insansevərlik, milli dil və mədəniyyət uğrunda inadlı mübarizə kimi bəşəri problemlər təşkil edir. Onun yaradıçılığı maarifpərvər şeirlərdən ictimai-inqilabi satiraya doğru inkişaf edib yüksəlmişdir.
Millətin halına bən hey gülürəm,
Xoş gəlir təbimə hər şey, gülürəm.
Gəh gülür, gəhi də ağlamsınıram;
Gəhi pöhrələnirəm, gəhi sınıram,
Qorxmayır, ürküyürəm, diskinirəm,
Çəkirəmah peyapey, gülürəm,
Xoş gəlir təbimə hər şey, gülürəm…
Aynur Turan
Gundelik.az

