Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi 2025-ci ili 21 min manat mənfəətlə başa vurub.
Gundelik.az Agentliyin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 40 % azdır.
Ötən il DOST Agentliyinin hökumətdən aldığı subsidiyalar 273,77 milyon manat (əvvəlki ilə nisbətən 12,1 % az), digər gəlirləri 21 min manat (40 % az), heyətlə bağlı xərcləri 252,322 milyon manat (13,4 % az), köhnəlmə xərcləri 8,065 milyon manat (8,3 % çox), amortizasiya xərcləri 3,737 milyon manat (61,2 % çox), icarə xərcləri 3,499 milyon manat (3,4 % az), qısamüddətli icarələr üzrə icarə obyektlərinin təkmilləşdirilməsi xərcləri 260 min manat (26,2 % çox), digər əməliyyat xərcləri 5,178 milyon manat (13,9 % az), maliyyə xərcləri 709 min manat (24 % çox) təşkil edib.
Bu il yanvarın 1-nə DOST Agentliyinin aktivləri 165,039 milyon manat olub ki, bu da illik müqayisədə 20 % çoxdur. Hesabat dövründə Agentliyin öhdəlikləri 21,6 % artaraq 154,879 milyon manata, balans kapitalı isə 0,2 % artaraq 10,160 milyon manata çatıb.
DOST Agentliyi Prezident İlham Əliyevin 9 avqust 2018-ci il tarixli fərmanı ilə yaradılıb, qurumun Nizamnaməsi və Strukturu dövlət başçısının 10 dekabr 2018-ci il tarixli fərmanı ilə təsdiq olunub. Onun nizamnamə kapitalı 10 milyon manatdır. 9 may 2019-cu ildə ilk “DOST” mərkəzinin açılışı baş tutub.

