ABŞ Prezidenti Donald Tramp müzakirələr məsələsində İrana güvənmədiyini bildirərək, “İrana güvənəcək ən son insan mənəm. Mənə davamlı olaraq yalan danışıblar” deyib.
ABŞ Prezidenti Tramp Ohayodan Vaşinqtona qayıdarkən jurnalistlərin gündəmlə bağlı suallarını cavablandırıb.
Tramp İranın danışıqlar boyunca onlara dəfələrlə “yalan danışdığını” iddia edərək, bu prosesdə Tehrana güvənmədiyini bildirib.
ABŞ Prezidenti, “İrana güvənmirəm. Niyə elə danışırsınız ki, guya mən İrana güvənirəm? İrana güvənəcək ən son insan mənəm. Mənə davamlı olaraq yalan danışıblar”, – deyə bildirib.
Tramp Hörmüz boğazının hazırda tamamilə ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətində olduğunu iddia edib.
“Hazırda Hörmüz boğazına tam nəzarət edirik. Nəzarət onlarda deyil, tam nəzarət bizdədir. Ora bizimdir”, – deyə Tramp bildirib.
“Məndən başqa təyyarə ilə getməyimi istədilər”
Tramp ötən ay NATO sammitindən sonra Türkiyədən ayrılarkən Məxfi Xidmətin “təhlükəsizlik narahatlıqlarını” əsas gətirərək onu başqa təyyarədən istifadə etməyə yönləndirdiyi barədə iddiaları da təsdiqləyib.
Tramp bununla bağlı suala belə cavab verib:
“Bu, tamamilə Məxfi Xidmətdən asılıdır. Mən sadəcə onların dediklərinə əməl edirəm. Buna görə də Məxfi Xidmətin və ordunun göstərişlərinə uyğun hərəkət edirəm. Məndən başqa təyyarə ilə getməyimi istədilər. Bu da təhlükəsizlik baxımından eyni dərəcədə uyğun seçim idi.”
Tramp müxtəlif mənbələrdən çoxsaylı təhdidlər aldığını bildirərək, “Bunu etməyimi istədilər, mən də etdim. Nə deyirlərsə, onu edirəm. Düşünürəm ki, bir təhdid var idi. Bu barədə çox sual vermədim. Çoxlu təhdid alıram”, – deyə bildirib.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

