Gundelik.az Xəbərlər Aktual Diz protezindən sonra xəstə nə vaxt normal yeriyə bilər? – Reabilitoloqdan AÇIQLAMA
Aktual Ölkə Xəbərlər

Diz protezindən sonra xəstə nə vaxt normal yeriyə bilər? – Reabilitoloqdan AÇIQLAMA

Diz oynağının protezlə əvəzlənməsi xəstənin həyat keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Lakin əməliyyatın uğurlu nəticəsi yalnız cərrahın işi ilə bitmir. Əsl bərpa prosesi əməliyyatdan sonra başlayır və düzgün reabilitasiya aparılmadıqda xəstənin ağrısız və rahat hərəkətə qayıtması daha uzun çəkə bilər. Bəs diz protezindən sonra reabilitasiya necə aparılmalıdır, xəstə nə vaxt ayağa qalxa və nə zaman normal yeriyə bilər?

Gundelik.az-a açıqlamasında tanınmış reabilitoloq və fizioterapevt Afaq Azad diz protezindən sonra bərpa prosesinin mərhələləri, hərəkətlərin əhəmiyyəti və xəstələrin ən çox maraqlandığı sağalma müddəti barədə danışıb.

Reabilitasiya nə vaxt başlayır?

Afaq Azadın sözlərinə görə, diz protezindən sonra reabilitasiya mümkün qədər erkən başlanmalıdır. Xəstənin ümumi vəziyyəti və əməliyyatın gedişindən asılı olaraq, ilk hərəkətlər adətən əməliyyatdan sonrakı erkən dövrdə həyata keçirilir.

“Reabilitasiyanın əsas məqsədi ilk mərhələdə şişkinliyi və ağrını nəzarətdə saxlamaq, dizin hərəkət amplitudasını bərpa etmək, əzələləri aktivləşdirmək və xəstənin təhlükəsiz şəkildə ayağa qalxmasına kömək etməkdir”, – reabilitoloq bildirib.

İlk günlərdə hansı hərəkətlər edilir?

Mütəxəssis qeyd edib ki, ilkin mərhələdə xəstəyə yataq şəraitində sadə, lakin vacib hərəkətlər etdirilir. Ayaq biləyinin hərəkətləri, bud əzələlərinin aktivləşdirilməsi və dizin tədricən bükülüb-açılması kimi məşqlər qan dövranının yaxşılaşmasına və əzələlərin fəaliyyətə başlamasına kömək edir.

Daha sonra xəstə fizioterapevtin nəzarəti altında ayağa qaldırılır və yerimə vasitəsindən istifadə etməklə qısa məsafələrdə hərəkət etməyə başlayır.

Xəstə nə vaxt normal yeriyə bilər?

Afaq Azadın sözlərinə görə, bunun üçün bütün xəstələrə şamil edilən konkret müddət yoxdur. Sağalma sürəti insanın yaşından, əzələ vəziyyətindən, əməliyyatdan əvvəlki hərəkət qabiliyyətindən, yanaşı xəstəliklərdən və reabilitasiya proqramına əməl etməsindən asılıdır.

“Bir çox xəstə əməliyyatdan sonra çox qısa müddətdə ayağa qalxa və köməkçi vasitə ilə yeriyə bilir. Lakin ‘normal yerimək’ anlayışı fərqlidir. Xəstənin axsamasız, ağrısız və təhlükəsiz şəkildə yeriməsi üçün müəyyən zaman və sistemli məşqlər tələb olunur”, – mütəxəsis deyib.

Onun sözlərinə görə, bəzi xəstələr bir neçə həftə ərzində gündəlik fəaliyyətlərinə əhəmiyyətli dərəcədə qayıda bilsələr də, tam funksional bərpa daha uzun çəkə bilər.

Reabilitasiyada ən vacib məqam nədir?

O vurğulayıb ki, xəstənin yalnız ağrının azalmasını gözləməsi düzgün yanaşma deyil. Diz ətrafındakı əzələlərin gücləndirilməsi, oynağın hərəkət imkanının artırılması və düzgün yerimə mexanizminin bərpası reabilitasiyanın əsas hissələrindəndir.

“Xəstə özbaşına ağır məşqlərə başlamamalıdır. Hərəkətlərin həcmi və intensivliyi mərhələli şəkildə artırılmalıdır. Əsas məqsəd həm dizin funksiyasını bərpa etmək, həm də xəstənin gündəlik həyata təhlükəsiz qayıtmasını təmin etməkdir”, – reabilitoloq bildirib.

Reabilitasiyanı yarımçıq saxlamaq olarmı?

Afaq Azadın fikrincə, ağrının azalması xəstənin reabilitasiyanı dayandırması üçün əsas olmamalıdır. Çünki ağrı azalsa da, əzələ zəifliyi və hərəkət məhdudiyyəti davam edə bilər.

Mütəxəssis bildirib ki, fərdi reabilitasiya proqramına əməl etmək, fizioterapevtin tövsiyələrini yerinə yetirmək və məşqləri düzgün icra etmək bərpa prosesinin daha səmərəli keçməsinə kömək edir.

Qeyd edək ki, diz protezindən sonra reabilitasiya proqramı hər bir xəstə üçün fərdi müəyyənləşdirilməlidir. Ağrı, şişkinlik, hərəkətin kəskin məhdudlaşması və ya digər narahatedici əlamətlər yarandıqda xəstə həkimə və reabilitasiya mütəxəssisinə müraciət etməlidir.

Nurəddin Abdullayev
Gundelik.az

Exit mobile version