Gundelik.az Mədəniyyət və cəmiyyət Dişlər üçün təhlükəli ikili: Turşu və şəkər
Mədəniyyət və cəmiyyət Xəbərlər

Dişlər üçün təhlükəli ikili: Turşu və şəkər

Mütəxəssislər bildirirlər ki, şəkərli və yapışqan qidaların tez-tez qəbul edilməsi diş minasında mineral itkisinin sürətlənməsinə və kariyesin yaranmasına səbəb olur. Onların sözlərinə görə, diş çürüməsi baxımından qəbul edilən şəkərin ümumi miqdarından daha çox, gün ərzində nə qədər tez-tez istehlak edilməsi əhəmiyyət daşıyır.

Diş Həkimliyi fakültəsinin müəllimi Rabia Yıldırım qeyd edib ki, şəkərli qidalarla birlikdə qəbul edilən turşulu içkilər diş minasını saatlarla müdafiəsiz qoya bilər.

Onun sözlərinə görə, “Turşular diş minasını birbaşa zəiflədir, şəkər isə ağızdakı bakteriyalar tərəfindən parçalanaraq əlavə turşu yaranmasına səbəb olur.”

Yıldırım bildirib ki, demineralizasiya erkən mərhələdə tüpürcəyin təbii bərpa mexanizmi sayəsində geri çevrilə bilər. Lakin şəkərin tez-tez qəbul edilməsi və ağız gigiyenasına kifayət qədər əməl olunmaması bu prosesi geri dönməyən kariyesə çevirə bilər.

O, həmçinin vurğulayıb ki, şəkərli və turşulu qidaların qəbulundan sonra dişləri dərhal fırçalamaq olmaz. Bunun əvəzinə 30–60 dəqiqə gözləmək tövsiyə edilir.

Yapışqan qidalar kariyes riskini artırır

Rabia Yıldırımın sözlərinə görə, yüksək miqdarda əlavə şəkər ehtiva edən və dişlərin səthinə, eləcə də aralarına yapışaraq uzun müddət təmizlənməyən qidalar kariyes riskini artırır.

Bu qidalar diş səthində qaldıqda ağızdakı bakteriyalar şəkəri fermentləşdirir və nəticədə turşu əmələ gəlir. Bu zaman ağız boşluğunun pH səviyyəsi aşağı düşür və demineralizasiya – yəni diş çürüməsinin ilk mərhələsi başlayır.

Xüsusilə aşağıdakı məhsullar daha risklidir:

karamel;

rahat-lokum;

müxtəlif konfetlər;

quru meyvələr;

yapışqan qəlyanaltılar.

Kariyesin ilk mərhələsi – demineralizasiya

Mütəxəssis bildirib ki, diş minasının təxminən 96 faizi hidroksiapatit adlanan kalsium-fosfat minerallarından ibarətdir.

Turş mühitin təsiri nəticəsində bu minerallar həll olunaraq diş minasından uzaqlaşır və mineral itkisi baş verir. Bu proses kariyesin başlanğıc mərhələsini təşkil edir.

Şəkərli qidaların qəbulundan sonra bakteriyalar karbohidratları parçalayaraq üzvi turşular yaradır. Ağız boşluğunun pH səviyyəsi 5,5-dən aşağı düşdükdə mina səthində minerallar əriməyə başlayır.

Proses təkrarlandıqca:

mineral itkisi artır;

diş minası məsaməli hala gəlir;

ağ ləkələr yaranır;

diş həssaslığı artır;

sonradan bu sahələr tünd rəngli və dərin kariyes ocaqlarına çevrilir.

Şəkərin miqdarından çox qəbul tezliyi vacibdir

Rabia Yıldırım qeyd edib ki, kariyes riski baxımından əsas amil şəkərin nə qədər qəbul edilməsi deyil, nə qədər tez-tez qəbul edilməsidir.

Eyni miqdarda şəkərin bir dəfə qəbul edilməsi ilə gün ərzində dəfələrlə qəbul edilməsi müqayisə olunduqda, tez-tez qəbul zamanı ağız boşluğunun pH səviyyəsi davamlı olaraq kritik həddən aşağı düşür. Bu isə tüpürcəyin diş minasını bərpa etməsinə kifayət qədər vaxt vermir və demineralizasiya uzanaraq kariyes riskini artırır.

Demineralizasiya geri çevrilir

Mütəxəssis bildirib ki, turşu təsiri bitdikdən sonra tüpürcəkdəki kalsium, fosfat və flüor ionları diş minasını yenidən minerallarla zənginləşdirir. Bu proses remineralizasiya adlanır.

Lakin şəkərin tez-tez qəbulu və düzgün olmayan diş baxımı nəticəsində demineralizasiya remineralizasiyanı üstələyərsə, diş minasında geri dönməyən zədələnmə yaranır və kariyes inkişaf edir. Belə hallarda diş müalicə olunmalı və bərpa edilməlidir.

Turşu və şəkər birlikdə daha təhlükəlidir

Rabia Yıldırımın sözlərinə görə, turşulu və şəkərli qidaların birlikdə qəbul edilməsi həm kariyes, həm də diş minasının eroziyası riskini artırır.

Turşular diş minasını birbaşa zəiflədir, şəkər isə bakteriyalar vasitəsilə əlavə turşu əmələ gətirir. Belə olduqda tüpürcəyin ağızdakı turşunu neytrallaşdırması və pH səviyyəsini normaya qaytarması daha uzun çəkir. Nəticədə diş minası saatlarla müdafiəsiz qalır.

Kola, qazlı içkilər, enerji içkiləri, ətirli soyuq çaylar və şəkərli meyvə şirələri bu baxımdan ən riskli içkilər hesab olunur.

Şəkərdən sonra dişləri dərhal fırçalamayın

Mütəxəssis vurğulayıb ki, xüsusilə turşulu və şəkərli qidaların qəbulundan dərhal sonra dişləri fırçalamaq mina itkisini artırır.

Tövsiyə olunur ki:

əvvəlcə ağız su ilə yaxalansın;

şəkərsiz saqqız çeynənərək tüpürcək ifrazı artırılsın;

dişlər 30–60 dəqiqə sonra fırçalansın.

Rabia Yıldırım sonda bildirib ki, məhsulun üzərində “şəkərsiz” yazılması və ya dadının şirin olmaması onun dişlər üçün təhlükəsiz olduğu anlamına gəlmir.

Onun sözlərinə görə, diş minasının ən böyük düşmənlərindən biri şəkərdirsə, digəri də turşudur.

Dişlər üçün risk yaradan məhsullar arasında:

limon;

sirkə;

turşular;

şəkərsiz və ya “zero” qazlı içkilər;

meyvəli və ətirli mineral sular;

nişasta ilə zəngin cips, kraker və peçenyelər;

ağ çörək və lavaş da yer alır.

 

Mənbə:CNN Türk

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version