Gundelik.az Mədəniyyət və cəmiyyət Diş müalicəsində süni intellekt dövrü
Mədəniyyət və cəmiyyət Xəbərlər

Diş müalicəsində süni intellekt dövrü

Süni intellekt diş həkimliyində getdikcə daha geniş tətbiq olunur. Diaqnozun qoyulmasından müalicənin planlaşdırılmasına, gülüş dizaynından uşaq stomatologiyasına qədər bir çox sahədə istifadə edilən bu texnologiya xəstələrin rahatlığını artırır və müalicə prosesini asanlaşdırır.

Bu gün süni intellekt həyatın demək olar ki, bütün sahələrində özünə yer tapıb. Səhiyyə də bu sahələrdən biridir. Təbabətin müxtəlif istiqamətlərində geniş tətbiq olunan süni intellekt dəstəkli sistemlər diaqnostika, müalicə, planlaşdırma və sonrakı nəzarət mərhələlərində mühüm rol oynayır. Bu texnologiya həm həkimlərin işini asanlaşdırır, həm də xəstələrə daha sürətli və təhlükəsiz xidmət göstərilməsinə imkan yaradır.

Diş həkimliyi də süni intellektin fəal şəkildə istifadə olunduğu sahələrdən biridir. Böyüklər və uşaqlar üçün nəzərdə tutulan diş müalicələri süni intellekt dəstəkli tətbiqlər sayəsində artıq daha qısa müddətdə, daha rahat və daha dəqiq planlaşdırılmış şəkildə həyata keçirilir. Bu texnologiyadan fəal istifadə edən qurumlardan biri də Mərmərə Universitetinin Diş Həkimliyi Fakültəsidir.

Gülüş dizaynında süni intellektin rolu

Dişlər yalnız çeynəmə funksiyasını yerinə yetirmir. Onlar eyni zamanda insanın simasını və gülüşünü tamamlayan əsas amillərdən biridir. Bu səbəbdən gülüş dizaynı diş həkimliyində süni intellektin ən çox istifadə olunduğu sahələrdən hesab olunur.

Mərmərə Universitetinin Diş Həkimliyi Fakültəsinin Protetik Diş Müalicəsi kafedrasının müəllimi dosent Erkut Kahramanoğlu bildirib ki, xəstələrin şəkilləri əsasında onların üz quruluşuna və gülüşünə ən uyğun diş formaları süni intellekt proqramlarının köməyi ilə hazırlanır.

Bu prosesdə əvvəlcə xəstənin fotoşəkilləri çəkilir, sonra isə ağız boşluğunun rəqəmsal ölçüləri kompüter sisteminə köçürülür. Xüsusi proqramlar vasitəsilə həm xəstənin üz quruluşuna uyğun, həm də onun istəklərini nəzərə alan diş modelləri hazırlanır.

Ənənəvi üsullarla müqayisədə bu metod bir sıra üstünlüklərə malikdir. Rəqəmsal ölçü sistemləri sayəsində xəstədə ürəkbulanma refleksi minimuma enir, ölçü daha rahat götürülür, müalicə seanslarının müddəti qısalır və xəstə müalicəyə başlamazdan əvvəl hazırlanacaq protezin necə görünəcəyini görə bilir.

Süni intellekt yalnız xəstələr üçün deyil, həkimlər üçün də iş prosesini xeyli asanlaşdırır. Bu texnologiya xəstənin istəklərini daha düzgün müəyyən etməyə, uyğun material seçməyə imkan verir, həm vaxt itkisinin qarşısını alır, həm də xəstə məmnuniyyətini artırır.

Diş əti xəstəliklərinin diaqnostikasında da istifadə olunur

Diş əti xəstəlikləri ağız sağlamlığı üçün ciddi problemlər yaradır. Qanaxma, şişkinlik və qızartı ilə müşahidə olunan bu xəstəliklər vaxtında müalicə olunmadıqda diş itkisinə səbəb olur.

Mərmərə Universitetinin Diş Həkimliyi Fakültəsinin Periodontologiya kafedrasının müdiri professor Leyla Kuru bildirib ki, süni intellekt daha çox diaqnozun qoyulması və müalicə planının hazırlanması mərhələsində istifadə edilir. Texnologiya diş əti iltihabının səviyyəsini, xəstəliyin inkişaf dərəcəsini, diş əti çəkilməsinin ölçüsünü müəyyənləşdirməyə və ən effektiv müalicə üsulunu seçməyə kömək edir.

Professorun sözlərinə görə, gələcəkdə süni intellekt şəkərli diabet və diş əti xəstəlikləri arasında mövcud olan qarşılıqlı əlaqəni də qiymətləndirərək, diabetli xəstələr üçün hansı müalicənin daha uğurlu nəticə verəcəyini əvvəlcədən proqnozlaşdırmağa imkan yaradacaq.

Uşaq diş müalicəsində rahatlıq yaradır

Uşaqlarda diş müalicəsi böyüklərlə müqayisədə daha çətin aparılır. Çünki uşaqlar uzun müddət diş həkimi kreslosunda sakit oturmaqda çətinlik çəkirlər. Süni intellekt isə bu sahədə həm həkimlərin işini asanlaşdırır, həm də uşaqlar üçün müalicəni daha rahat edir.

Mərmərə Universitetinin Uşaq Stomatologiyası kafedrasının müəllimi professor Sərtaç Peker bildirib ki, süni intellektdən ilk növbədə diaqnostika zamanı istifadə olunur. Rentgen görüntülərinin qiymətləndirilməsi, müalicənin planlaşdırılması, çürük riskinin müəyyən edilməsi, ağız gigiyenası vərdişlərinin təhlili və ortodontik müalicələrin planlaşdırılmasında bu texnologiya mühüm rol oynayır.

Bundan əlavə, uşağın əvvəlki müalicə təcrübələri də nəzərə alınaraq fərdi müalicə planı hazırlanır. Süni intellekt gələcəkdə yarana biləcək problemləri əvvəlcədən proqnozlaşdırmağa imkan verir və buna uyğun ən doğru müalicə üsulunun seçilməsinə kömək edir. Bu isə həm müalicənin uğurunu artırır, həm də uşaqların diş həkimi qorxusunun azalmasına töhfə verir.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version