Azərbaycanın daxili işlər orqanlarında süni zəka texnologiyalarının tətbiqi xidmətləri göstəriləcək.
Gundelik.az-ın məlumatına görə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) Baş İnformasiya Kommunikasiya İdarəsi bununla bağlı müvafiq işlərə başlayıb.
Belə ki, layihə çərçivəsində texnoloji strategiya və yol xəritəsi, elecə də bir beynəlxalq konsaltinq qurumu və 3 yerli ali təhsil ocağından milli ekspertləri ilə texniki və hüquqi əsaslandırmalar hazırlanacaq.
Həmçinin müvafiq sahədə texniki bilik və ixtisaslaşmaya malik yerli mütəxəssislər tərəfindən hazırlanmış həllər əsasında, daxili istifadə üçün nəzərdə tutulan pilot səviyyəli identifikasiya sisteminin qurulması və ilkin test mühitində sınaqların aparılması planlaşdırılır.
Bundan başqa, icra prosesinə nəzarət, texniki hesabatların hazırlanması, risklərin idarə edilməsi və qiymətləndirmə işləri Layihənin effektiv həyata keçirilməsi, mərhələlərin ardıcıllıqla icrası və nəticələrin davamlı şəkildə izlənməsi məqsədilə peşəkar layihə idarəetməsi və monitorinq xidmətlərinin təşkili nəzərdə tutulur.
“Layihə çərçivəsində müxtəlif açıq mənbələrdən əldə olunan məlumatların təhlil və yararlı formaya gətirilməsi məqsədilə onların toplanması, ilkin emalı, təmizlənməsi, daha sonra süni zəka əsaslı modellərin təlimi və tətbiqi üçün istifadə olunması Süni zəka sistemlərinin effektivliyinin təmin olunması və real ssenarilər üzrə öyrədilməsi məqsədilə açıq mənbələrdən (məsələn, rəsmi məlumat bazaları, vizual arxivlər, ictimai müşahidə görüntüləri və s.) uyğun test datalarının toplanması, onların strukturlaşdırılması, saflaşdırılması (məlumat səs-küyünün və uyğunsuz elementlərin aradan qaldırılması) və etik prinsiplərə uyğun şəkildə emal olunması həyata keçiriləcək. Toplanmış təmiz data süni zəka əsaslı modellərin ilkin təlimi, test edilməsi və performansının qiymətləndirilməsi üçün istifadə olunacaq, bu proses zamanı həm də modelin dəqiqliyi, çevikliyi və uyğunluq səviyyəsi üzrə göstəricilər analiz ediləcəkdir. Nəticədə yerli kontekstə uyğunlaşdırılmış və sınaqdan keçirilmiş data dəstləri əsasında effektiv tətbiq modellərinin formalaşdırılması təmin olunacaq”, – deyə məlumatda qeyd edilib.
Ümumilikdə, sözügedən işlərin 6,6 milyon manata başa gələcəyi proqnozlaşdırılır.
Gundelik.az

