Gundelik.az Elm və təhsil Ədəbiyyat Dəmirçizadə dünyası
Elm və təhsil Ədəbiyyat

Dəmirçizadə dünyası

Tanrının inayəti ilə günəş türk bürclərində doğdu və göylərin bütün dairələri onların mülkləri üzərində döndü. Tanrı onlara türk adını verdi və onları yer üzünə hakim qıldı. Dövrümüzün xaqanlarını onlardan çıxardı, dünya millətlərinin idarə cilovunu onların əlinə tapşırdı, onları hamıdan üstün elədi, onları haqq üzrə qüvvətləndirdi.

Türk dilini öyrənmək çox vacib işdir, türk dilini öyrənmək ağıl əmr edir. İllərdən bəri istila və əsarət altında yaşayan türk qardaşlarımızın milli birlik və varlığını bu yolla tədqiq etmək, şübhəsiz, hər türk ziyalısının birinci və ümdə vəzifəsi olmalıdır… Türk dili qrupunun ən ümdə qollarından biri isə Azərbaycan dilidir. Azərbaycan dili Azərbaycanda və bir sıra qonşu ölkələrdə əsrlərdən bəri yaşayan azərbaycanlılara ünsiyyət vasitəsi kimi xidmət edən ana dilidir. Azərbaycan dili türk dilləri ailəsinin qərb qrupuna mənsub olmaqla bu qrup daxilində mərkəzi mövqe tutan və geniş nüfuz dairəsinə malik olan bir dildir. Həm də bu qrupa mənsub dillər arasında ən əvvəl, yəni təqribən VII-IX əsrlər arasında ümumxalq dili halında formalaşmışdır. Bu dilin formalaşmasında misilsiz və əvəzolunmaz xidmət göstərən şəxsiyyətlərdən biri də Azərbaycan EA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor, Azərbaycan SSR Əməkdar elm xadimi, Azərbaycan SSR Dövlət mükafatı laureatı Əbdüləzəl Dəmirçizadədir. Ə.Dəmirçizadə ana dilinin, Azərbaycan türkcəsinin ürək döyüntülərini, qan yaddaşını duyurdu, o dilin keçib gəldiyi tarix, təkamül yollarının ayağı dəmir çarıqlı, əli dəmir əsalı müdrik yolçusu ola bilirdi. Tale onu dilimizin bəxtinə seçib göndərmişdi. O, Mahmud Kaşğarlı, Mirzə Kazımbəy, Bəkir Çobanzadə kimi elm korifeylərinin mənəvi varisi, sədaqətli, fədakar davamçısı idi. Azərbaycan dilçiliyinin gizli ciddi elmi təfəkkürə, yaradıcı milli alim şəxsiyyətinə olan böyük ehtiyacından yaranmışdı Əbdüləzəl Dəmirçizadə. Bir vaxtlar böyük alim Bəkir Çobanzadənin aspirantı olan Dəmirçizadə öz fonemenal araşdırmaları, fundamental elmi tədqiqatları, dəyərli, sanballı monoqrafiyaları ilə müasir Azərbaycan dilçiliyinin yolgöstərən ağsaqqallarından birinə çevrilmişdi. Onun elmi fəaliyyətində, yüksəlişində təsadüflər yox, zərurətlər intelekt və istedadın, zəhmət və fədakarlığın bütöv vəhdətinə əsaslanan halal, özünəməxsus təkamül yolu mühüm rol oynamışdı.

Əbdüləzəl Dəmirçizadə Məmmədoğlu 1909-cu ildə Şəkidə anadan olmuşdur. O, ibtidai və orta təhsilini Şəkidə almış, əvvəlcə “Həqiqətül- maatif” adlanan yeni tipli məktəbdə, sonra isə “Şəki nümunə zəhmət” məktəbində oxumuşdur. Şəki Müəllimlər Seminariyasını bitirdikdən sonra 1925-ci ilin sentyabrından 2 saylı şəhər məktəbində müəllim kimi əmək fəaliyyətinə başlamışdır. Onun ilk məqaləsi də həmin ildə       “Yeni Məktəb” məcmuəsində dərc edilmişdir. Dəmirçizadə gəncliyində bədii yaradıcılığa böyük həvəs göstərmiş, bir sıra şeirlər, hekayələr və oçerklər yazmışdır. Lakin onu elmi iş daha çox maraqlandırmış və buna görə də bütün fəaliyyətini elmi təhqiqat sahəsinə istiqamətləndirmişdir.

O, 1929-cu ildə Bakı şəhərinə gəlmiş və ADU pedaqoji fakültəsinə daxil olmuşdur. Burada B.Çobanzadə, Ə.Haqverdiyev, Y.V.Çəmənzəminli,  A.Şaiq kimi görkəmli alim və yazıçılardan dərs almışdır. Həmin fakültəni bitirdikdən sonra Şəkiyə qayıdıb, böyük rəğbətlə yanaşdığı müəllimliyini davam etdirmişdir.

Elmə olan həvəs heç vaxt Dəmirçizadəni rahat qoymudu. O, 1933-cü ildə yenidən Bakıya gəlib, APİ-nin “Dillər” kafedrasına aspirat qəbul olunmuşdur. 1936-cı ildə “Türk dili” adlı ilk kitabı, aspiranturanı qurtardıqdan sonra isə, yəni 1938-ci ildə “Azərbaycan ədəbi dili tarixinin xülasələri” adlı ikinci kitabı işıq üzü görmüşdür. 1940-cı ildə Ə.Dəmirçizadəyə filologiya elmləri namizədi alimlik dərəcəsi verilmişdir.

Dil tarixi sahəsində elmi təhqiqatlarını davam etdirən təhqiqatçı 1944-cü ildə “Azərbaycan dilinin tarixi (qədim dövr)” adlı əsəri müdafiə edib. 1945-ci ildə isə professor elmi adına layiq görülmüşdür. 1955-ci ildə Azərbaycan SSR EA-nın müxbir üzvü seçilmişdir.

Onun 20-dən çox kitabı, 200-dən artıq elmi və elmi-metodik məqaləsi çap olunmuşdur. Yenilikçi alim daha çox Azərbaycan dilçiliyinin işlənilməmiş sahələrini (fonetika, orfoepiya, etimologiya, üslubiyyat, dil tarixi və s.) araşdırmışdır. Alimin “Azərbaycan dili tarixi xülasələri” (1938), “M.F.Axundov dil haqqında və Axundovun dili” (1941), “Azərbaycan dilinin tarixi!” (1948), “Azərbaycan ədəbi dilinin inkişaf yolları” (1959), ““Kitabi-Dədə Qorqud” dastanının dili” (1959), “Azəri ədəbi dilinin tarixi” (1967), “Azərbaycan dilinin tarixi qrammatikası” (1967) və ölümündən sonra çap olunmuş “Azərbaycan ədəbi dilinin tarixi” (II hissə)  kitabları yalnız Azərbaycan dilçiliyinin deyil, türk aləminin xəzinəsini zənginləşdirmişdir. Dəmirçizadə nəzəri dilçilik məsələləri ilə yanaşı, təbliği dilçilik problemlərini də həll etməyə çalışmış, “Azərbaycan dili orfoepiyasının əsasları” (1969) kitabını ədəbi tələffüz, onun mənbələri, pozulma səbəbləri, fonetik, qrafik və qrammatik şəraitdə təfəffüz məsələlərinə həsr etmişdir. O, etimoloji tədqiqatlar sahəsində də xeyli iş görmüş, araşdırmalarını ümumiləşdirərək 1962-ci ildə “50 söz” adlı orjinal kitab nəşr etdirmişdir. Azərbaycan dilçiliyi üzrə yüksək ixtisaslı elmi kadrların hazırlanmasında prof. Dəmirçizadənin böyük rolu olmuşdur. O, 50-dən çox elmlər namizədi və doktoru hazırlamışdır.

Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, professor, filologiya elmləri doktoru Dəmirçizadə 1979-cu ildə dünyasını dəyişdi. O, Bakı şəhərində, II Şəhidlər Xiyabanında dəfn edildi.

Paytaxt küçələrindən biri onun adınadır.

Görkəmli alim, böyük vətənpərvərin Azərbaycan xalqı və elmi qarşısındakı xidmətləri heç vaxt unudulmur. Bakıdakı küçələrdən biri bu gün onun adını daşıyır, vaxtilə yaşadığı binanın fasadına isə xatirə lövhəsi vurulub.

        Dilçilik fəaliyyəti.

Ə.Dəmirçizadənin “Müasir Azərbaycan dilinin fonetikası” kitabı bu nailiyyətlərin önündə gedən, dilçiliyimizin qızıl fonduna daxil olan əsərlərdəndir. İlk variantını 1947-ci ildə yazdığı bu əsəri müəllif eksperiment əsasında genişləndirərək ayrıca kitab halında çap etdirmiş və sonralar daha da təkmilləşdirərək dərsliyə çevirmişdir. Bu əsərdə məntiqi mühakimə çox güclüdür. Mövzular məntiqi olaraq bir-birindən doğur. Ona görə də əsərin bölmələri böyük bir zəncirin həlqəciklərini xatırladır, bu zəncirin həlqəcikləri kimi bir-biri ilə möhkəm bağlıdır. Bəzən professorun ifadə tərzinin çətinliyindən danışılır. Bunlar ifadə tərzində çətinlik deyil, mühakimə və təfəkkür zənginliyidir. Bu xüsusiyyət onun əsərlərinin çoxunda özünü göstərir. Onun 1969-cu ildə çap etdirdiyi “Azərbaycan dili orfoepiyasının əsasları” kitabından orfoepik normalar haqqında kifayət qədər məlumat almaq mümkündür. Ümumiyyətlə, tələffüz və xüsusən orfoepik tələffüz, ədəbi tələffüzün mənbələri və pozulma səbəbləri, tələffüz üslubları, lüğəvi, qrammatik və qrafik şəraitdə tələffüz və s. haqqında professorun qeydləri yeni və orijinaldır. Ədəbi və mədəni tələffüz vərdişlərinin yayılma və inkişafında, düzgün tələffüz normalarının təlim və tədrisində bu əsərin mühüm rolu vardır. Ə.Dəmirçizadə yaradıcılığı boyu Azərbaycan dili lüğət tərkibinin sağlam bir yolla inkişafı, zənginləşməsi yolunda imkan və bacarığını əsirgəməmişdir. Onun bu sahədə qayğısı təkcə elmi-nəzəri məqalə və kitabları ilə məhdudlaşmır. O, geniş auditoriyalarda da, yığcam fərdi söhbətlər zamanı da yersiz işlədilən əcnəbi sözə etirazını bildirmədən keçməzdi. Biz “həştad” dedikcə o bizi “səksən” ə öyrətmişdir. O, milli dilə münasibətdə bizim cəmiyyətin, bizim quruluşun verdiyi imkanlardan səmərəli istifadəni təbliğ edərdi.

Professor bu vəfasız dünyaya göz yummazdan bir neçə gün əvvəl 40 ildən artıq bir müddətdə üzərində yaradıcılıq işi apardığı monumental “Azərbaycan ədəbi dili tarixi” (1979) kitabını ortaya qoydu. Bu kitab ədəbi dilimizin həqiqi tarixini üzə çıxarmaq sahəsində ən qiymətli bir kitab olub, bütün türk xalqları, bütün türkologiya üçün bir nümunə sayıla bilər.

Böyük alimin həyatının və elmi axtarışlarının çox böyük hissəsi Azərbaycan ali məktəbləri arasında özünəməxsus yerini bütün zamanlarda da qoruyub saxlamış Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə sıx bağlı olmuşdur.

Ötən əsrin 20-ci illərində isə Bəkir Çobanzadənin “Mirzə Fətəli Axundov və azəri ləhcəsi”, Abdulla Tağızadənin “Türk dilçiliyi və əski türk dilləri” və digər əsərlərlə başlanan bu iş həmin əsrin 30-cu illərində Əbdüləzəl Dəmirçizadənin “Azərbaycan ədəbi dil tarixi xülasələri” kitabı ilə davam etdirildi. Onun sonradan yazaraq nəşr etdirdiyi “ “Kitabi- Dədə Qorqud” dastanının dili” monoqrafiyası ilə davam etdirilən bu iş böyük tədqiqatlar üçün stimul verdi. Söhbət həmin Dəmirçizadədən gedir ki, Azərbaycan dilçiliyində yeni bir dalğa yaradan, lakin sonradan repressiyanın qurbanına çevrilmiş Bəkir Çobanzadə və Abdulla Tağızadənin yarımçıq qoyduğu işləri davam etdirdi.

“Azərbaycan xalqının mühüm tarix və mədəniyyət qaynaqlarından biri olan “Kitabi-Dədə Qorqud” dastanının  yaranmasından 1300-dən çox bir müddət keçir. Oğuz türklərinin tarixini əks etdirən “Kitabi-Dədə Qorqud” yüksək bəşəri ideallar tərənnümçüsü kimi dünya xalqlarının mənəvi sərvətlər xəzinəsinə daxil olmuşdur.

Ə.Dəmirçizadənin iyirmi ilə yaxın bir zaman bundan əvvəl “Azərbaycan ədəbi dili tarixi xülasələri” adlı kitabında       “Kitabi-Dədə Qorqud” dastanları şifahi ədəbi dilimizin ilk abidələrindən sayılaraq onun dil xüsusiyyətlərinə 17 səhifə həsr edilmişdir. “Kitabi-Dədə Qorqud” qəhrəmanlıq dastanları olduğu kimi, ümumxalq Azərbaycan dilinin ilk təşəkkül dövrünün aydınlaşdırmaq üçün də zəngin və dolğun, həm də dürüst faktlar verən bir abidə olaraq o  dövrdə müəllifin tədqiq etdiyi mühüm mənbələrdən biri olmuşdur və oxuculara təqdim olunan bu əsər də məhz bu dövrdə yazılmışdı.

1955-ci ildə Azərbaycan SSR EA-nın müxbir üzvü seçilən Ə.Dəmirçizadə Azərbaycan dil tarixini fundamental tədqiqata cəlb edərək tarixin müxtəlif mərhələlərinə məxsus dil hadisələrini öyrənmiş, türkdilli ailəyə mənsub olan Azərbaycan dilinin müqayisəli təhlilini apara bilmiş, özünün qazandığı elmi nəticələrlə bərabər, yeni yetişəcək və özlərini “Dəmirçizadə məktəbi”nin nümayəndələri hiss edən alimlər üçün yeni tədqiqatın üfüqlərini göstərmişdir. Elmi axtarışlarını 20-dən artıq kitabda və 200-dən artıq elmi və elmi-pedaqoji məqalədə ümumiləşdirən  Dəmirçizadənin elmi araşdırma arealı istənilən alimi heyrətləndirəcək genişlikdədir. Yeri gəlmişkən, Azərbaycan dilinin tarixi qrammatikasını araşdırarkən professor Dəmirçizadənin söykəndiyi mənbə XI əsrin ən böyük türkoloq-filoloqu, etnoqraf, ilk türk ensiklopedisti və türkologiyanın banisi Mahmud Kaşğarinin əsərlərindəki dil nümunələri olmuşdur. Bu, ötən əsrin 30-cu illərində elmi axtarışlara başlayan gənc alimin, sözün birbaşa mənasında müəllimi Bəkir Çobanzadənin başladığı, lakin Stalin repressiyasının yarımçıq qoyduğu elmi tədqiqatların verdiyi ilkin nəticələr idi. Alim ömrünün sonunacan həmin nəticələrin etibarlılığı üçün çalışdı. Onun elmi-tədqiqatlarının məntiqi yekunu olaraq ötən əsrin 60-cı illərinin sonunda nəşr etdirdiyi “Azərbaycan dilinin tarixi qrammatikası” və ölümündən sonra çap olunmuş “Azərbaycan ədəbi dilinin tarixi (II hissə)” kitabları yalnız Azərbaycan dilçiliyi üçün deyil, türkologiya üçün də dəyər daşıdı.

Professorun sonrakı araşdırma sahələri sırasında üslubiyyat başlıca yer tutur. Üslub haqqında onun gəldiyi nəticə belə idi: “Nitq üslubu danışanın (eləcə də yazanın) dil vasitələrindən, onun fonetik, leksik və qrammatik imkanlarından məqsəd və məqama uyğun istifadə edə bilmə tərzidir, sistemidir”. Alimin 1962-ci ildə nəşr etdirdiyi “Azərbaycan dilinin üslubiyyatı” adlı kitabı buna görə də nəşr olunduqdan dərhal sonra dilçiliyimizdə hadisə kimi qəbul edildi.

Onun ədəbi dil ilə bağlı gəldiyi elmi mülahizələri, bu problemə yanaşmaları ibrətamiz idi. Həmin ibrətamizlik alimin “Azərbaycan dilinin üslubiyyatı” kitabında belə ifadə olunur: “Bəziləri ədəbi dil dedikdə ancaq yazılı dili qəbul etmişlər, bu sıraya şifahi ədəbi dili aid etmək isə ağıllarına gəlməyib. Buna görə də ədəbi dil və onun inkişafı dedikdə ancaq yazılı sənədlərin, nəhayət, kitabların dilini tədqiq etməkdən uzağa getməyiblər. Bu isə “yazısı olmayan xalqın ədəbi dili ola bilməz” kimi yanlış anlayışı meydana çıxarmış, yaxud bu və ya digər xalqın ədəbi dilinin başlanğıcını həmin xalqın yazıya malik olduğu dövrdən hesab etmək kimi yanlış praktikanı yaratmışdır”.

Bu gün də Azərbaycanın ali məktəblərində təhsil alan tələbələr Ə.Dəmirçizadənin dərs vəsaitləri əsasında dilin əsaslarını öyrənir, tədqiqatçılar isə professorun kitablarını ən etibarlı mənbə kimi istifadə edirlər.

Müasir  Azərbaycan ədəbi dili dedikdə əsasən müasir dövrdə yüksək səviyyəli, hərtərəfli inkişaf etmiş və bütün sahələr üzrə hər cür anlayışı ifadə etmək imkanları olan Azərbaycan ədəbi dili nəzərdə tutulur. Dəmirçizadənin böyük araşdırma və tədqiqatlar nəticəsində yazdığı “Müasir Azərbaycan dili” kitabı ali məktəblərin filologiya fakültələrinin müəllimləri və tələbələri üçün   nəzərdə tutulmuş bu dərslik üç hissədən ibarətdir. Birinci hissədə  ̶  “Müasir Azərbaycan ədəbi dilinin fonetikası” bəhsində fonetik qanunlar, vurğu, intonasiya və eləcə də hecaların növləri haqqında geniş məlumat verilir. İkinci hissə “Müasir Azərbaycan dilinin orfoepiyası” bəhsidir. Burada müasir Azərbaycan dilinin orfoepiyasının əsasları, saitlərin, samitlərin və mürəkkəb sözlərin tələffüz qaydaları izah olunur. Üçüncü hissədə  ̶ “Müasir Azərbaycan dilinin orfoepiyası” bəhsində Azərbaycan dilinin yazısı və orfoqrafiyası haqqında qısa məlumat verilir.

Azərbaycan dilçilik elmində məxsusi yer tutmuş görkəmli alim Ə.Dəmirçizadənin anadan olmasının 110 illiyinin yüksək səviyyədə qeyd olunması, dövlətimizin, ilk növbədə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin elmə və elm adamlarına verdiyi dəyərin nümunəsidir.

O, dəmirçioğlu idi. Taleyində nəslinin dəmirçi möhkəmliyi ilə şəxsiyyətinin elmi-intelektual ucalığı qovuşmuş, bütöv vəhdət yaratmışdı. Bədii təxəyyül zənginliyi, elmi təfəkkür qüdrəti ilə sonsuz zəhmətdən, fədakar, yaradıcı əməkdən yaranmışdı.  Professor Əbdüləzəl Dəmirçizadə dünyası…

Aynur Əliyeva

Gundelik.az

Exit mobile version