ABŞ-ın CNN televiziya kanalı bildirib ki, ABŞ Prezidenti Donald Trampın dünən keçirdiyi mətbuat konfransında ABŞ/İsrail–İran müharibəsi və onun xarici siyasət addımları ilə bağlı səsləndirdiyi bəzi fikirlər “səhv və həqiqəti əks etdirməyən” məlumatlar ehtiva edir.
CNN-in fakt yoxlama qrupu tərəfindən hazırlanan xəbərdə qeyd olunur ki, Tramp İran gündəmi və xarici siyasətdəki fəaliyyəti ilə bağlı Ağ Evdə keçirilən çıxışı zamanı daha əvvəl təkzib olunmuş bəzi iddiaları yenidən səsləndirib.
Bu çərçivədə Trampın ABŞ/İsrail–İran müharibəsində ABŞ-a məxsus təyyarələrin əksəriyyətinin “dost atəşi” nəticəsində itirildiyi barədə açıqlamasının doğru olmadığı, bəzi təyyarələrin İran tərəfindən vurulduğu bildirilib.
Xəbərdə həmçinin Trampın 2000-ci ildə yayımlanan “Hak Etdiyimiz Amerika” adlı kitabında “Əl-Qaidə” lideri Usamə bin Ladenin öldürülməsinə çağırış etdiyi iddiasının da həqiqəti əks etdirmədiyi, kitabda onun adının yalnız qısa şəkildə çəkildiyi qeyd olunub.
Trampın “8 müharibəni bitirdiyi” barədə dediklərinin də doğru olmadığı, bu siyahıya daxil edilən bəzi qarşıdurmaların ümumiyyətlə müharibə sayılmadığı və ya hələ də davam etdiyi vurğulanıb.
Bundan əlavə, Trampın Venesuela Prezidenti Nikolas Maduronun ABŞ-a çoxlu sayda məhbus göndərdiyi ilə bağlı iddiasının da sübut olunmadığı bildirilib.
Mənbə: TRT Haber
Hazırladı: Ziyalə Əhmədli
Gundelik.az

