Gundelik.az Mədəniyyət və cəmiyyət Çiyələk: Sağlamlıq mənbəyi və düzgün istifadə qaydaları
Mədəniyyət və cəmiyyət Xəbərlər

Çiyələk: Sağlamlıq mənbəyi və düzgün istifadə qaydaları

Çiyələk gülçiçəklilər fəsiləsinə aid çoxillik ot bitkisidir. Meyvəsi adətən qırmızı, bəzən çəhrayı və ağ rənglərdə olur. Çiyələkdə orqanizm üçün xeyirli bir sıra maddələr var. Bu maddələrə qlükoza və saxaroza, C vitamini, karotin və pektin, dəmir duzları, efir yağı və s aiddir. Xalq təbabətində çiyələyin meyvəsindən podaqra və böyrək daşı xəstəliyi zamanı istifadə edilir.

Çiyələk eyni zamanda orqanizmdə maddələr mübadiləsini, həzm prosesini yaxşılaşdırır, qanazlığında və ümumi zəiflikdə, eləcə də ağciyər xəstəliklərində qüvvətverici vasitə hesab edilir.

Bundan başqa çiyələk bitkisinin qurudulmuş yarpaqlarından dəmlənən çay sidikqovucu, həmçinin soyuqdəymə zamanı tərlədici vasitə kimi də istifadə edilir.

Çiyələk aşağı kalori və qlikemik indeksə malikdir. Aşağı qlikemik indeksə malik olması və lif tərkibinə görə çiyələyin qan şəkərinin artmasına səbəb olma ehtimalı azdır. Ona görə də 2-ci tip diabet xəstələri üçün çiyələk sağlam seçim hesab edilir. Lakin bununla belə porsiya miqdarına diqqət etmək vacibdir. Unutmayaq ki, balanslı qidalanma sağlam qidalanmanın təməlidir.

Çiyələk vitamin və minerallarla zəngindir. Bunlara fol turşusu, manqan, A, B, C vitaminləri, kalsium, kalium, fosfor, dəmir, sink, maqnezium, liflər, polifenollar və antosiyaninlər aiddir.

Çiyələkdəki C vitamini immun sistemini dəstəkləyir və yaraların sağalmasında kollagen sintezinə kömək göstərir. Maraqlıdır ki, 8 ədəd çiyələkdə 1ədəd portağaldan daha çox C vitamini var. Fol turşusu yeni hüceyrələrin əmələ gəlməsində iştirak edir. Manqan sümüklərin sağlamlığı və beyin funksiyaları üçün faydalıdır.

Çiyələk antioksidantlarla zəngindir. Antioksidantlar orqanizmdəki hüceyrələrə və DNT-yə zərər verə bilən sərbəst radikallarla mübarizə aparmağa kömək edən molekullardır. Daha sadə şəkildə desək, antioksidantlar hüceyrələri zədələnmələrdən qoruyur. Çiyələyin əsas antioksidantı antosianin adlanır. Antosianin həm də çiyələyə qırmızı rəng verir. Çiyələyin tərkibindəki antosianinin miqdarı meyvə yetişdikcə artır. Beləliklə, çiyələk nə qədər qırmızıdırsa, bir o qədər xeyirlidir. Çünki tərkibində daha çox antioksidant var.

Çiyələk beynin funksiyasını dəstəkləyir. Aparılan araşdırmalar nəticəsində məlum olub ki çiyələyin tərkibindəki antioksidantlar beyindəki iltihabı aradan qaldırmağa, yaşla bağlı yaddaş itkisini gecikdirməyə və yaşlılarda Alzheimer riskini azaltmağa kömək edir.

Çiyələk torpaqda yetişdiyi üçün istehlak etməzdən öncə mütləq şəkildə bol su ilə yuyulmalı və üzərindəki torpaq hissəcikləri təmizlənməlidir.

Təbii və keyfiyyətli məhsulu seçərkən çiyələyin mövsümü olmasına və rənginə, ətrinə xüsusi diqqət edilməlidir. Alimlər düşünür ki, çiyələyin rəngi onun tərkibində olan zülalların zənginliyindən asılıdır. Çiyələk nə qədər parlaq olsa, bu onun tərkibində bir o qədər bol və faydalı zülalların mövcudluğundan xəbər verir.

Asanlıqla xarab ola biləcək yetişmiş çiyələklər bir neçə gün ərzində istehlak edilməlidir. Çiyələyi 1 həftə müddətinə soyuducuda, 6 aya qədər isə dondurucuda saxlamaq mümkündür.

Çiyələklərin həddindən artıq istehlakı insan orqanizmində diareya və qaz, qaraciyər xəstəliyi, sarılıq, tənəffüs yollarının ağrısı və şişməsi (iltihabı), artrit, sinir gərginliyi, su tutma (ödəm), böyrək xəstəlikləri, böyrək daşları, yüksək hərarət, allergik reaksiyalar və s. kimi xəstəliklərə səbəb ola bilər.

Bəzi insanlarda çiyələyə qarşı allergiya olur. Bunun qarşısını almaq və bu faydalı giləmeyvəni dadmaqdan məhrum olmamaq üçün onu süd məhsulları ilə birgə yemək tövsiyə edilir.

Çiyələkdən və onun yarpaqlarından orqanizmin müxtəlif xəstəliklərə qarşı immunitetini gücləndirmək üçün istifadə edilir.

Bəziləri market və supermarketlərdə satılan iri və ya çox böyük olan çiyələklərin geninə müdaxilə edildiyini düşünürlər. Lakin bu daha çox çiyələyin çeşidindən asılıdır. İri və böyük olan bu çiyələk çeşidləri ölkəmizə daha çox Amerikadan idxal edilir. Son dövrlərdə piştaxtalarda öz yerini alan iri və ya böyük, fərqli forma və görünüşdə olan bu çiyələk çeşidlərinə iqlim şəraitinin təsiri də az deyil.

Hazırladı: Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version