Gundelik.az Dünya Çin İrana yük təyyarələri göndərir
Dünya Xəbərlər

Çin İrana yük təyyarələri göndərir

İsrailin “Şir kimi insanlar” əməliyyatına başlamasından sonra Çin İrana ən azı üç yük təyyarəsi göndərib.

Gundelik.az xəbər verir ki, bu barədə Britaniyanın “Teleqraf” nəşri məlumat yayıb.

“Teleqraf”ın məlumatına görə, ilk təyyarə iyunun 14-də, digərləri isə növbəti iki gündə havaya qalxıb. Onlar Çinin şimalı boyunca qərbə, Qazaxıstan üzərindən, daha sonra Özbəkistan və Türkmənistandan keçərək cənuba uçub, İrana yaxınlaşarkən radarlardan itiblər.

“Lüksemburq son təyinat yeri kimi göstərilsə də, yəqin ki, təyyarələr Avropaya çatmayıb. Uçuşlar “Boeing 747″ yük təyyarələri ilə həyata keçirilib”, – nəşr yazıb. 

Aviasiya mütəxəssislərinin “Telegraf”a verdiyi məlumata görə, belə təyyarələrdən daha çox hərbi texnika və silahların daşınması üçün istifadə olunur.

Nəşr qeyd edib ki, İran Çinə gündə 2 milyon barelə qədər neft verən əsas enerji təchizatçılarından biridir. Pekin bundan əvvəl də Tehranı ballistik raketlər üçün komponentlər və nüvə silahının hazırlanmasında potensial olaraq tətbiq oluna bilən materiallarla təmin edib.

İyunun 13-nə keçən gecə İsrail bu ölkənin nüvə silahının hazırlanmasında mühüm irəliləyiş əldə etdiyinə inanaraq, İrana qarşı əməliyyata başlayıb. Əməliyyatda nüvə obyektləri, hərbi rəhbərlik, nüvə fizikləri, hava bazaları, hava hücumundan müdafiə sistemləri və yer-yer raketləri hədəf alınıb.

Gundelik.az 

Exit mobile version