Artıq Azərbaycan yeni bir tarixi dönəm, yeni epoxa yaşayır. Artıq Böyük Zəfərin beçinci ilini qürur və təntənə ilə qeyd edirik. Bir də “Suverenlik və Konstitusiya ili” başqa bir qürur və fəxarət bəxş edir adama.
Son dövrlər baş verən hadisələr, Azərbaycan Respublikası Silahlı Qüvvvələri və onun Ali Baş Komandanının faşizm ideologiyalı Ermənistan ordusunun hərbi təcavüzlərinə cavab olaraq başlatdığı uğurlu əks-hücum və azadetmə əməliyyatları bütün xalqımızın ürəyindən, lap könlündən xəbər verdi. Doğrudur, xalqımız və onun lideri heç zaman müharibə tərəfdarı olmayıb və bu niyyətini uzun illər ərzində beynəlxalq ictimaiyyətə də çatdırıb. Lakin xain və faşist bir düşmənin ardıcıl, davamlı hərbi təcavüzlərini də cavabsız qoymaq, gözəl Qarabağı – Şuşanı, Xankəndini və neçə-neçə işğal altına alınmış doğma, canımız-qanımız olan əziz yurd yerlərimizi də nigarançılıqda qoymaq şanımıza, adımıza yaraşmazdı. Buna görə də Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə Milli Ordumuzun faşist Ermənistanın hərbi təcavüzləri və qəfil hücumlarına cavab olaraq başlatdığı uğurlu əks-hücum əməliyyatları gətirdiyi qələbələrlə xalqımızın eynini açdı, ruhundakı mübarizə əzmini oyatdı. Xalqımız birmənalı və qətiyyətli bir həmrəylik nümayiş etdirərək Ali Baş Komandanın əmrində olduğunu qətiyyətlə ifadə etdi. Cani-dildən el birliyi ilə Vətən müharibəsinə dəstək nümayiş etdirdi. O günlər sanki hər kəsin – yaşından, cinsindən asılı olmayaraq hər bir azərbaycanlının ruhu generallaşmış – Poladlaşmış, Mübarizləşmişdi… Kimsə ölümə-itimə baxmır, hər kəs məğrurca, qeyrətlə ön cəbhəyə atılıb, Vətənə can fəda etmək, düşmən qarşısında sipər dayanmaq istəyirdi. Bir sözlə, bütün Azərbaycan xalqı bir əsgər kimi Vətəni müdafiənin ön cəbhəsində, onun keşiyində dayanmaq, döyüşmək, böyük bir azadlıq tarixi, Qələbə epoxası yazmaq istəyirdi və nail oldular da…
Qarabağın fəryad səsi…
Məlumdur ki, 1988-ci ildə yenidən başlayan və alovlanan erməni faşizminin işğalçılıq niyyətləri Azərbaycana ünvanlanmışdı. İllərlə xain plan üzərində işləyən erməni faşizmi Azərbaycanın dilbər guşəsi olan, qədim yaşayış-yurd yerimiz Qarabağı, onun dağlıq adlanan hissəsini işğal obyektinə çevirdi. 1988-ci ilin noyabrında erməni cəlladlarının Qarabağ meşələrində ağaclara çaldığı baltanın səsi Azərbaycanda xalqın qəzəblənməsi və hiddətlənməsinə səbəb oldu. Milyonlarla insan bu xain niyyətin və erməni faşizminə havadarlıq edən qüvvələrin önünə əliyalın da olsa, dimdik dikildi, sərhəd çəpərinə çevrildi. Bu mübarizə zamanı Azərbycan xalqını xəyanətlər müşaiyət etdi: uğrunda dostluq, qardaşlıq deyə övladlarını döyüşə yolladığı, qurbanlar verdiyi, sərvətindən pay biçdiyi SSRİ hökuməti ən ağır hadisələrlə Azərbycan xalqına xəyanət etdi və erməni faşizminə yol açmaq istədi. Bu amansız mücadilə prosesi Azərbaycanın Qanlı Yanvar qırğınına məruz qalması, 20 faiz torpaqlarının işğal edilməsi, Daşaltı, Xocavənd, Xocalı kimi misli görünməmiş qətliamlar yaşaması və s. ilə nəticələndi və yaddaşlarda dərin, kədərli izlər buraxdı. Lakin birlik içərisində olan Azərbaycan xalqını heç nə sarsıtmadı. Mübrizə apardı və ilk növbədə milli istiqlaliyyətini qazandı, milli dövlətçiliyini yenidən bərpa etdi və işğal hədəfi seçilən ərazilərinin müdafiəsi uğrunda minlərlə övlad qurban elədi. Lakin xəyanət və dünya ikiüzlülüyü onun mübarizə əzmini üstələdi, şərə güc gəlmək yeni müstəqilliyini bərpa etmiş, hələ yeni dövlətçilik tədbirləri həyata keçirən, milli ordusu belə nizama salınmayan bir ölkə üçün çox çətin oldu və məhrumiyyətlərlə tarixə çevrildi.
“Müstəqil Azərbaycanın bu gün də, gələcəkdə də çox güclü ordusu olmalıdır”
Azərbaycanın xalqının böyük oğlu Heydər Əliyevin Azərbayacana qayıdışı və xalqın təkidli tələbilə siyasi hakimiyyətə dönüşü yeni yaranmış müstəqil dövlətimizin möhkəmləndirilməsinə vəsilə oldu. Dahi, müdrik lider uzaqgörən dərin siyasəti və zəngin təcrübəsi ilə Azərbaycanın dövlət müstəqilliyinin qısa müddətdə möhkəmləndirilməsi və dünyanın güc mərkəzlərilə bir arada dayanmasına şərait yaratdı. Əlbəttə, təfərrüatını saymadan və sadalamadan demək olar ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanı güclər arasında gücə, dövlətlər içərisində yeri, mövqeyi, sözü, təsiri olan bir dövlətə çevirdi və Azərbaycan gələcək hədəfləri üçün qüdrətli bir ölkə, dövlət olaraq tanındı. “Azərbaycanı Azərbaycana qaytarmaq missiyasını” həyata keçirən böyük xilaskar, Böyük Qurtuluş Tariximizin yaradıcısı ümummilli lider Heydər Əliyevin yorulmaz fəaliyyəti, qırılmaz iradəsi, vətənpərvərliyi sayəsində qüvvətli, qüdrətli Milli Ordu – Silahlı Qüvvələr yaradılması da başlıca məqsədlərdən birini təşkil edirdi. Müdafiə qüdrətli, hər bir tapşırığın öhdəsindən layiqincə gələn bir orduya malik olmaq üçün böyük zəhmət, idarəçilik qabiliyyəti, ən əsası sərkərdəlik bacarığı tələb olunurdu. Dahi rəhbər Heydər Əliyevin yenilməz iradəsi və apardığı ordu quruculuğu sayəsində nizami Milli Ordu – Azərbaycan Silahlı Qüvvələri yaradıldı. “Biz bütün millətlərə sübut etməliyik ki, azərbaycanlılar elmin, texnikanın ən mühüm nailiyyətlərinə yiyələndikləri kimi, həm də hərb sahəsində böyük istedada malikdirlər”, – deyən ulu öndər Heydər Əliyev hələ birinci siyasi hakimiyyəti zamanı hərbi məktəblər yaratmış, ali təhsilli zabitlər yetişdirmək üçün bir çox insanı başqa ölkələrə təhsil almağa göndərmişdi. Müstəqillik illərində isə məhz vaxtilə Heydər Əliyevin təşəbbüsü və qayğısı ilə ali hərbi təhsil almış və hərbi xidmət yolu keçən kadrların iştirakı ilə nizami Milli Ordu yarandı.
Ulu öndər Heydər Əliyev hərbi sahəyə, hərb adamına, əsgərə çox böyük, yüksək qiymət verirdi. Dahi sərkərdə hərbi peşəni “Vətəni qorumaq peşəsi” adlandıraraq deyirdi: “Cəmiyyətdə hər bir peşə lazımdır, hörmətlidir, cəmiyyət üçün faydalıdır. Ancaq vətəni qorumaq peşəsi bu peşələrin hamısından yüksəkdir. Özünü bu peşəyə həsr edən hər bir Azərbaycan gənci bütün gənclərdən yüksəkdə durur, bütün gənclərdən qiymətlidir”. Müstəqil Azərbaycan dövlətinin güclənməsi, yaşaması, ərazi bütövlüyünün qorunması və bir daha tarix boyu bir qarış torpağının belə işğal olunmamasına nail olunması üçün ulu öndər Milli Ordunu, hərb sahəsini, vətəni qorumaq peşəsini vacib, zəruri, taleyüklü vəzifə, məqsəd hesab edirdi. Azərbaycan Milli Ordusunun olmasının vacibliyini ifadə edən ulu öndər Heydər Əliyev deyirdi: “Müstəqil Azərbaycanın bu gün də, gələcəkdə də çox güclü ordusu olmalıdır.
Olmalıdır ki, torpaqlarımız bundan sonra işğal edilməsin. Olmalıdır ki, torpaqlarımızın hər bir qarışı qoruna bilsin. Olmalıdır ki, dünya tarixində böyük yer tutmuş sərkərdələr kimi müstəqil Azərbaycanın özünün də hərbi sərkərdəsi olsun”. “Biz hər an öz doğma torpaqlarımızı azad etməyə hazır olmalıyıq və məhz bu məqsədlə bir güclü ordu yaradırıq”
Ulu öndərin müəyyənləşdirdiyi yol, məqsəd və vəzifə Azərbaycan dövlətinin və onun yaşamasına cavabdeh olan hər bir insanın qarşısında dayanan bir proqram oldu. Bu mənada ulu öndərimizin layiqli davamçısı, “özü qədər inandığı” İlham Əliyevin siyasi fəaliyyətinin əsas prioritet məqsədinə çevrilən ordu quruculuğu uğurlu inkişaf yolu keçib. İlham Əliyev cənablarının siyasi kursa rəhbərliyi ölkəmiz üçün yeni bir mərhələni yaratdı və uğurlu bir epoxanın əsasını qoydu. Həm daxili, həm də xarici kursda ciddi dönəm özünü nümayiş etdirdi. Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin Azərbaycanı qüdrətləndirmək və inkişaf etdirmək məqsədinin tərkib hissəsi olaraq Azərbaycan Silahlı Qüvvələri daha güclü inkişaf yolu keçərək peşəkarlaşmış və yüksək hərbi qüdrətə nail olmuşdur. Bu inkişafın bir təzahürü də cənab Prezidentin vaxtilə məqsədə çevirdiyi kimi Azərbaycan Silahlı Qüvvələrinə ayrılan xərcin həcminin artırılması və bütün Ermənistanın büdcəsini ötüb keçməsi nailiyyətində idi. Bundan başqa dahi liderimizin uğurlu davamçısı cənab İlham Əliyevin böyük siyasət və idarəçilik qabiliyyəti sayəsində nəinki Azərbaycan ordusu peşəkarlaşdı, nəinki hərbi texniki imkanlarını genişləndirdi, həmçinin Azərbaycanda müdafiə sənayesi yaradıldı və hərbi texnika, silah və sursat
təminatı istiqamətində əvəzsiz tarixi bir uğura nail olundu. Azərbaycan Silahlı Qüvvələrinin keçdiyi uğurlu inkişaf yolu və malik olduğu hərbi qüdrət, texniki imkanlar, o cümlədən müdafiə qüdrəti və nizamiliyi özünü Ali Baş Komandan İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan ordusunun keçirilən hərbi paradlarında nümayiş etdirdi. Azərbaycanın kosmik sahədə əldə etdiyi nailiyyətlər də onun gücünə güc qatdı, onu kosmik gücə və imkanlara malik ölkələr sırasına daxil etdi. Ölkəmizdə hərbi paradların keçirilməsi bir tərəfdən Silahlı Qüvvələrimizin qüdrətini göstərmək və nümayiş etdirmək baxımından əhəmiyyətli idisə, digər tərəfdən xalqa onu qoruyacaq müdafiə qüdrətli bir ordunu təqdim etməklə ona güvənc, ümid, inam və arxayınlıq verdi. Bu, həmçinin Azərbaycanın düşmənlərinə çox uğurlu və layiqli bir jest idi. Açıq, əyani şəkildə təsdiqini tapdı ki, Azərbaycan dövləti öz ərazi bütövlüyünü bərpa etməyə, işğal olunmuş torpaqlarını geri almağa müvəffəq Silahlı Qüvvələrə, Milli Orduya malikdir. Prezident İlham Əliyevin dediyi kimi: “Biz hər an öz doğma torpaqlarımızı azad etməyə hazır olmalıyıq və məhz bu məqsədlə bir güclü ordu yaradırıq. …Ordu quruculuğu, müdafiə potensialının möhkəmlənməsi və güclü ordunun yaranması dövlət üçün, hökumət üçün, hər bir vətəndaş üçün bir nömrəli vəzifədir. Biz hər an hazır olmalıyıq ki, öz doğma torpaqlarımızı işğalçı qüvvələrdən hərbi yolla azad edək”. Ali Baş Komandan elə bu sözlərinə də əməl edəcəyini tam mənası ilə sübut etdi: 2016-cı ilin aprel ayında ermənilərin hücumlarına qarşı aparılan əks-hücum əməliyyatları və Lələtəpə yüksəkliyinin alıması ilə nəticələnən zəfər Ali Baş Komandanın öz sözündə möhkəm və ötkəm olduğunu bir daha göstərdi. Aprel qələbəsindən sonra Naxçıvanının işğal edilmiş 11 min hektarlıq ərazisinin uğurlu istehkam-mühəndislik işləri nəticəsində azad edilməsi ilə nəticələnən məharətli Günnüt əməliyyatı da göstərdi ki, Azərbaycan Ordusu regionun ən çevik, qüdrətli və inkişaf etmiş, qələbə əzmli ordusudur. Azərbaycan Milli Ordusu hər an öz torpaqlarını işğaldan azad etməyə hazır və qadirdir. Bu, həm də düşmənə bir daha başa saldı ki, Azərbaycan Oğlu dediyi sözü, verdiyi vədi yerinə yetirmək qüdrətinə də malikdir. Faktlar bir daha göstərdi ki, Azərbaycan Prezidentinin və Azərbaycan xalqının sözünü canından keçərək yerinə yetirməyə qabil döyüş əfsanəsinə çevrilən Polad Həşimov kimi generalı, Mübariz İbrahimov, Ramil Səfərov, Elnur Əliyev, Qabil Orucəliyev və onlarla, yüzlərlə, minlərlə igid, cəsur, qorxmaz Azərbaycan oğlu – Azərbaycan əsgəri, döyüşçüsündən ibarət Milli Ordusu var. Yüzlərlə Azərbaycan əsgəri, Milli Qəhrəmanı, şəhidi sübut etdi ki, bizim söz yerə düşməz, düşmənin başına bəla olaraq düşər.
“Qarabağ Azərbaycandır və nida işarəsi (!)”
Düz otuz ilə yaxın bir dövr ərzində Azərbaycan dövləti beynəlxalq hüquq normalarına hörmət və humanizmə, insanlıq duyğularına hörmətlə Ermənistan tərəfindən işğal edilmiş ərazilərin danışıqlar yolu ilə, sülh şəraitində həllinə hər cür cəhd göstərdi. Lakin… Lakin bu illər ərzində heç bir beynəlxalq hüquq, adi insanlıq normalarını tanımayan Ermənistan öz işğalçı davranışlarını davam etdirərək Azərbaycan ərazilərini hərbi müdaxilə altında saxlamaqla bərabər dövlət başçısının dililə beynəlxalq təşkilatda çıxış edərək “Qarabağ Ermənistandır və nöqtə”, – deyə bütün danışıqlara son qoymuş oldu. Hər zaman öz uzaqgörənliyi, bilik və savadı, mahir diplomatik məharətilə çıxış edən ölkəmizin başçısı cənab İlham Əliyev bütün incəliklərilə dünya liderləri və xalqlarına tədim və təsdiq etdi ki: “Qarabağ Azərbaycandır və Nida işarəsi!” Əlbəttə, bu “Nida işarəsi” artıq səbri daşmış, haqq işinə məsuliyyətsiz yanaşmalardan cana doymuş, öz haqq savaşını qələbə ilə ilə bitirməyə qabil və qadir bir ölkənin, onun başçısının işğalçı ölkəyə və onun havadarlarına qəti və sərt xəbərdarlığı, həyəcan siqnalı idi. Ermənistanın Azərbaycanın Tovuz istiqamətindəki sərhədlərini hərbi müdaxilə ilə pozmağa çalışması bir daha onların işğalçılıq mövqeyini nümayiş etdirdi və bölgədə, bütövlükdə Cənubi Qafqazda sülhə təhlükə yaratdıqlarını sübuta yetirdi. Bu qəfil və xain hücumda Azərbaycanın Polad Həşimov kimi bir generalını şəhid verməsi gələcək haqq savaşına doğru bütün Azərbaycan xalqını mənən oyatdı, milli həmrəyliyi təmin etdi və bütövlükdə azərbaycanlı ruhunu generallaşdırdı. Əlbəttə, Ermənistan siyasi elitası “axmaqlığı” ilə dərk etmədi ki, onlar od ilə oynayırlar. Azərbaycan Respublikasının Ali Baş Komandanı, ölkə başçısı İlham Əliyevin göstərişi ilə əks-hücum əməliyyatlarına başlayan Azərbaycan Ordusu odla oynamağın cəzasını düşmənə hiss etdirmiş oldu. Tovuz hadisələrinin ardınca yenə də hərbi müdaxilələrə davam edən Ermənistanın çoxdan hazırlanan hücum planlarına qarşı Azərbaycan Ordusu tərəfindən edilən əks-hücum həmlələri Ermənistanın özü haqda yaratmış olduğu mifi nəinki darmadağın eldi, ən qısa müddətdə, hətta ilk cəhddə Ermənistan tərəfinə ağır itkilər veməklə bərabər, 6 kəndin işğaldan azad edilməsilə nəticələndi. Azərbaycan Prezidentinin: “Bizim daha 30 il gözləməyə vaxtımız yoxdur, münaqişə indi həll olunmalıdır” diplomatik həmləsinə qüvvətli, qüdrətli Azərbaycan Ordusu ən müasir silah, sursat və döyüş texnikası ilə, nəticəli döyüş əməliyyatları ilə dəstək və güc verərək artıq xeyli ərazilərin işğaldan azad edilməsinə imkan yaratdı. Azərbaycan xalqı tam əmindir ki, bu xına o xınadan deyil: mütləq
Azərbaycan bayrağı Şuşada, Dağlıq Qarabağda asılacaqdır və əsarətə son qoyulacaqdır! Ermənistan tərəfinin verdiyi ağır itkilər, saysız-hesabsız döyüş texnikasını qoyub qaçmaları, xeyli sayda canlı qüvvəsinin əsir alınması və s. Ermənistanın məğlub və acınacaqlı durumunu kifayət qədər aydınlığı ilə ortaya qoyur. Hətta döyüş bayrağını qoyub-qaçan ermənilər sübut etdilər ki, Ermənistan milli orduya deyil, müxtəlif ölkələrdən gətirilmiş, hətta terror təşkilatlarına aid qüvvələrdən ibarət dağınıq hərbi birləşmələrə malikdir. Elə Azərbaycan əsgəri ilə erməni əsgərinin başlıca fərqlərindən biri də odur ki, hər bir Azərbaycan əsgəri öz torpağı, Vətəninin əraziləri uğrunda, haqq və həqiqət yolunda mübarizə aparır. O bilir ki, onun sərhəd çəpəritək dayandığı yerdən geridə sevdikləri, doğmaları var və onu öldürmədən düşmən bir addım da irəli gedə bilməz. Amma erməni tərəfdən döyüşənlər üçün niyə, nə üçün döyüşdükləri bəlli deyil və onların bu döyüşdə müqəddəs amalları, mənəvi məsuliyyətləri yoxdur. Dara düşəndə qaçmaq onlar üçün amalsız döyüşdən canını qurtarmaq vasitəsidir. Buna görə də hər bir həmləsində Azərbaycan əsgərinin rəşadəti, döyüş bacarığı və hərbi qüdrəti özünü qələbə ilə tamamlandı.
Ermənistan hökuməti və onun dövlət və din başçılarının rəsmi etirafları Azərbaycan Ordusunun əks- hücum əməliyyatlarından nə dərəcədə dəhşətə gəldikləri və qorxduqlarını aydın nümayiş etdirdi. Qeyri- peşəkar və heç bir hərbi nizama dayanmayan döyüş cəhdləri də Ermənistan “ordu”sunun çoxdan məğlub olduğunun bariz təzahürü, panik duruma düşmüş bir yığın döyüşçünün nizamsız davranışlarından başqa bir şey deyil. Habelə Ermənistan tərəfinin məqsədli olaraq dinc sakinləri hədəfə alması, yaşayış yerlərini vurmağa cəhd göstərməsi bir daha göstərdi və sübut etdi ki, Ermənistan nəinki siyasi əxlaqdan kənardır, o hətta döyüş mədəniyyətindən uzaqdır və onun dövlət, ölkə, xalq olaraq ən adi insan haqlarına sayğı ləyaqəti yoxdur. Bunun isə bir adı var: terrorizm. Son hadisələr və Ermənistanın davamlı anti-insani hərəkətləri, onların faşist ideologiyası ilə davranışları yeni faşizm olan ermənizmin meydana gəlməsinin əyani sübutudur. Azərbaycanlılar minlərlə Həzi Aslanov, Mehdi Hüseynzadə, Rixard Zorge, Qafur Məmmədov, İsrafil Məmmədov, Əhmədiyyə Cəbrayılov və başqaları kimi igidlərilə dünyanın müxtəlif
yerlərində, müxtəlif xalqların azadlığı, müxtəlif millətlərin xoşbəxtliyi uğrunda faşizmə qarşı döyüşdükləri halda, ermənilər Njde kimi xain övladları ilə faşizmə xidmət emiş, faşist olaraq da qalmışlar. Lakin Ali Baş Komandan İlham Əliyevin dediyi kimi: “…Biz özümüzü müdafiə etməyə və təcavüzkarı elə cəzalandırmağa qabilik ki, o bir daha bizim tərəfə baxmağa cəsarət etməsin”. Ermənistan tərəfinin dinc sakinləri hədəfə almasına baxmayaraq Azərbaycan əhalisi birmənalı həmrəylik, birlik və mübarizlik göstərməyə davam edir. Daim ruh yüksəkliyində olan xalqımız və Milli Ordumuz Böyük Qələbəni möhkəm həmrəyliklə əldə elədilər. Döyüşə atılan əsgərlərdən başqa minlərlə vətəndaşımızın könüllü hərbi xidmətə yazılması, bu gedən haqq savaşında israrla iştirak etmək istəyi Azərbaycan xalqının Vətən müharibəsində hər bir zaman Ali Baş Komandanın yanında və hətta onun əmrində olduğunu qətiyyətlə göstədi. Hər bir azərbaycanlı (hətta o taylı-bu taylı və dünyanın hər bir yerindən!) Ali Baş Komandanın bu müqəddəs Vətən savaşındakı əzmini müdafiə etdi və bütün gücü ilə Milli Ordumuzun döyüşünə tərəfdar çıxdı. Bəli, bu savaş Azərbaycan xalqının haqq savaşı, Vətən müharibəsi idi. Bütün dünyaya, ələlxüsus Qafqaza əmin-manlıq bəxş etmək məsuliyyətini üzərinə götürən Azərbaycan dövləti böyük missiya həyata keçirdi: Yusif Mirzəyevlərin, Albertlərin, Mübarizlərin və neçə-neçə unudulmaz qəhrəmanların ənənələrini, qüdrətini özündə daşıyan əsgər və məharətli zabitlərin sayəsində Böyük, Şanlı Qələbəni təmin etdi. 2020-ci ilin noyabrında Müzəffər Azərbaycan Ordusu Böyük Qələbəni qazanaraq regionumuzun tarixində dönüş nöqtəsi yaratdı. Vaxtilə Bayraq Meydanı istifadəyə verilərkən və dünyanın ən hündür bayrağı müstəqillik səmasına qaldırılarkən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdi: “Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda da qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndində, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq”. SÖZÜ İMZASI qədər etibarlı olan Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin müdrik, uzaqgörən diplomatiyası və sərkərdəliyi sayəsində Azərbaycan xalqı Böyük, Şanlı Qələbəyə nail oldu, düşməni təslimçilik aktına imza atmağa məcbur etdi. Bayraq Meydanında deyilən sözün davamı olaraq Azərbaycan bayrağı artıq Azərbaycan xalqının ürəyi vurduğu Şuşada, Xankəndidə, Qarabağda Zəfər Qüruru ilə dalğalanır. Avqustun 8-də ABŞ-də Vaşinqtionda sülh müqaviləsinin paraflanması istiqamətində əldə edilən razılaşma isə bilavasitə Azərbaycan Respublikası və onun Prezidenti cənab İlham Əliyevin regionda sülh, əmin-amanlıq və iqtisadi əməkdaşlıq yolunda göstərdiyi mühüm diplomatik qələbə və nailiyyət olaraq xalqımıza qürur gətirir. Vaxtilə Ulu Öndər Heydər Əliyev demişdir: “Azərbaycan dünyaya Günəş kimi doğacaq!” Bu gün Azərbaycan əzmli və inamlı addımlarla artıq yeni dünyanın əzəmətli inkişaf və tərəqqi üfiqlərindəə bir sülh, əmin-amanlıq və əməkdaşlıq Günəşi olaraq parlayır. Qələbə Günün mübarək, Azərbaycan!
Torpağına can demişəm,
Suyuna mərcan demişəm,
Canımı qurban demişəm.
Canım- gözüm, gözüm- canım,
Azərbaycanım!
Can, can, can Azərbaycan!
Qarabağında şux bülbülün var,
Baldan da dadlı şirin dilin var,
Türküstan kimi böyük elin var.
Canım- gözüm, gözüm- canım,
Azərbaycanım!
Can, can, can Azərbaycan!
Ramiz QASIMOV
Naxçıvan Müəllimlər İnstitutunun dosenti,
filologiya üzrə fəlsəfə doktoru
Gundelik.az

