Gundelik.az Ölkə Sağlamlıq Botoks haqqında ən böyük yanlış təsəvvürlər: Kimlərə uyğundur, kimlərə yox? – Səma Məmmədli açıqlayır
Ölkə Sağlamlıq Xəbərlər

Botoks haqqında ən böyük yanlış təsəvvürlər: Kimlərə uyğundur, kimlərə yox? – Səma Məmmədli açıqlayır

Gənc və hamar dəriyə sahib olmaq istəyənlərin müraciət etdiyi estetik prosedurlar arasında botoks xüsusi yer tutur. Lakin prosedurun geniş yayılmasına baxmayaraq, onunla bağlı cəmiyyətdə bir çox yanlış təsəvvür mövcuddur. Bəziləri botoksun üzü tamamilə hərəkətsiz etdiyini düşünür, digərləri isə prosedurun yalnız müəyyən yaşdan sonra tətbiq edilməli olduğuna inanır. Əslində isə botoksun nəticəsi onun hansı məqsədlə, hansı nahiyəyə və nə qədər tətbiq edilməsindən, eləcə də pasiyentin fərdi xüsusiyyətlərindən asılıdır.

Botoks əsasən mimika nəticəsində yaranan qırışların görünüşünü azaltmaq üçün istifadə olunur. Prosedur zamanı müəyyən əzələlərin fəaliyyəti müvəqqəti zəiflədilir və bunun nəticəsində mimik qırışlar daha az nəzərə çarpır. Alın, qaşlararası nahiyə və göz ətrafı ən çox tətbiq edilən sahələr sırasındadır. Bununla belə, botoksun bütün qırışları aradan qaldıran universal vasitə olmadığını nəzərə almaq vacibdir.

Estetik cərrah, dermatoloq və trixoloq Səma Məmmədli mövzu ilə bağlı Gundelik.az-a açıqlama verib.

Onun sözlərinə görə, botoksun effektiv və təhlükəsiz olması üçün ilk növbədə pasiyentin düzgün qiymətləndirilməsi və prosedurun mütəxəssis tərəfindən həyata keçirilməsi vacibdir.

Həmsöhbətimin fikrincə, botoksun üzü “donuq” göstərməsi məcburi deyil və bu, əsasən tətbiq olunan preparatın dozası, inyeksiyanın düzgün nöqtələrə edilməsi və mütəxəssisin təcrübəsindən asılıdır.

Mütəxəssis bildirir ki, botoks hər kəs üçün uyğun prosedur deyil. Hamiləlik və südvermə dövründə, preparatın tərkibinə qarşı həssaslıq olduqda, inyeksiya nahiyəsində aktiv infeksiya və ya bəzi sinir-əzələ xəstəlikləri zamanı prosedurdan çəkinmək lazım gələ bilər. Buna görə botoks etdirməzdən əvvəl pasiyentin sağlamlıq vəziyyəti, istifadə etdiyi dərmanlar və gözləntiləri mütləq qiymətləndirilməlidir. Səma Məmmədli vurğulayır ki, botoksun məqsədi insanın mimikasını tamamilə yox etmək deyil, daha təbii və balanslı nəticə əldə etməkdir.

Botoksla bağlı digər yanlış fikir isə prosedurun yalnız yaşlı insanlar üçün nəzərdə tutulmasıdır. Əslində prosedura ehtiyac yaşdan daha çox mimik qırışların vəziyyəti və pasiyentin fərdi xüsusiyyətləri ilə müəyyən edilir. Eyni zamanda, botoksun təsirinin daimi olmadığı və müəyyən müddətdən sonra təkrar prosedura ehtiyac yarana biləcəyi də nəzərə alınmalıdır.

Mütəxəssislər hesab edir ki, estetik prosedur seçərkən sosial şəbəkələrdəki nəticələrə və tanışların təcrübəsinə əsaslanmaq əvəzinə, fərdi konsultasiya almaq daha doğrudur. Çünki eyni prosedur müxtəlif insanlarda fərqli nəticə verə bilər və düzgün yanaşma həm estetik nəticənin, həm də təhlükəsizliyin əsas şərtidir.

Nurəddin Abdullayev
Gundelik.Az

Exit mobile version