Almaniyanın avtomobil istehsalçısı “Bayerische Motoren Werke AG” (BMW) korporasiyasının bu ilin birinci rübündə xalis mənfəəti ötən ilin eyni dövründəki 2,951 milyard avro ilə müqayisədə 26,4% azalaraq 2,173 milyard avroya düşüb.
Bu barədə Gundelik.az şirkətin maliyyə hesabatına istinadən xəbər verir.
Şirkətin faiz və vergilərdən əvvəl mənfəəti (EBIT) 22,5% azalaraq 3,142 milyard avroya enib.
Eyni zamanda şirkətin gəlirləri 7,8% azalaraq 33,758 milyard avroya bərabər olub.
Şirkətin analitiklər üçün öz konsensus proqnozu EBIT üçün 2,8 milyard avro və gəliri 35,26 milyard avro səviyyəsində idi.
BMW, Mini və “Rolls-Royce” avtomobillərinin satışları ötən rübdə 1,4% azalaraq 586 117 ədəd olub. Bununla belə, elektrik avtomobillərinin satışları 32,4% artaraq 109 513-ə çatıb və onların ümumi satışlardakı payı bir il əvvəlki 13,9%-dən 18,7%-ə yüksəlib.
BMW motosikletlərinin satışları 3,9% azalaraq 44 609 ədəd təşkil edib.
Birinci rübdə avtomobil seqmentində EBIT 25,3% azalaraq 2,024 milyard avroya düşüb. BMW-nin əməliyyatlarının gəlirliliyinin əsas göstəricisi olan avtomobil seqmentinin marjası bir il əvvəlki 8,8%-dən 6,9%-ə düşüb.
Avtomobil istehsalçısı hələ də avtomobil seqmentində EBIT marjasının 2025-ci ildə 5-7% diapazonunda olacağını proqnozlaşdırır. Eyni zamanda vergidən əvvəlki mənfəətin təxminən ötənilki səviyyədə (10,97 milyard avro) qalacağı gözlənilir.
BMW bu il avtomobil və motosiklet tədarüklərinin bir qədər artacağını gözləyir.
BMW səhmləri çərşənbə günü ticarətdə 3,2% bahalaşıb. Cari ilin əvvəlindən şirkətin kapitallaşması 2,2% (46,4 milyard avroya qədər) azalıb.
Gundelik.az

