Bill Qeyts Dehlidə keçirilən Hindistan AI Impact Sammitində əsas məruzəni təqdim etməyəcək. Bu barədə Microsoft-un həmtəsisçisinin xeyriyyə təşkilatı çıxışdan bir neçə saat əvvəl məlumat yayıb.Gates Fondu bildirib ki, qərar “diqqətlə düşünülərək” və “sammitin əsas prioritetlərinə diqqətin yönəldilməsi üçün” verilib, lakin əlavə izah təqdim olunmayıb.Qeytsin çıxışdan imtinası onun mərhum cinsi cinayətkar Ceffri Epşteynlə əlaqələri ilə bağlı ABŞ Ədliyyə Nazirliyi tərəfindən yanvarda açıqlanan yeni sənədlərdə adının çəkilməsi fonunda baş verib. Qeytsin sözçüsü sənədlərdə yer alan iddiaları “tamamilə absurddur və qəti şəkildə yanlışdır” adlandırıb. Milyarder isə Epşteynlə vaxt keçirdiyinə görə peşman olduğunu bildirib.Qeyts Epşteynin qurbanları tərəfindən heç bir qanun pozuntusunda ittiham olunmayıb və sənədlərdə adının çəkilməsi hər hansı cinayət fəaliyyəti anlamına gəlmir.Gates Fondu bildirib ki, Qeytsin yerinə təşkilatın Afrika və Hindistan üzrə prezidenti Ankur Vora sammitdə çıxış edəcək. Fond həmçinin Hindistanda “ümumi sağlamlıq və inkişaf məqsədlərinin” irəlilədilməsi istiqamətində fəaliyyətinə tam sadiq qaldığını vurğulayıb.Qeytsin sammitdə çıxış etməməsi ilə bağlı qərar onun tədbirdə iştirak edib-etməyəcəyi barədə bir neçə günlük qeyri-müəyyənlikdən sonra verilib.Hazırda Hindistanda olan Qeyts bazar ertəsi Cənubi Andra Pradeş ştatına səfər edib və orada səhiyyə, kənd təsərrüfatı, təhsil və texnologiyanın inkişafı ilə bağlı təşəbbüsləri müzakirə edib.Media xəbərləri onun sammitdən imtina edə biləcəyini yazdıqdan sonra, fond çərşənbə axşamı onun planlaşdırıldığı kimi çıxış edəcəyini bildirmişdi.Qeytsin geri çəkilməsi Hindistanın özünü qlobal süni intellekt mərkəzi kimi təqdim etmək istədiyi bu sammit üçün ciddi zərbə sayılır.Beş gün davam edən sammitdə AI idarəçiliyi,infrastruktur və innovasiya mövzularında siyasət müzakirələri, startap təqdimatları və qapalı görüşlər keçirilir.Tədbir çərçivəsində Microsoft da daxil olmaqla bəzi şirkətlər Hindistan kimi ölkələrdə AI imkanlarının və infrastrukturunun genişləndirilməsinə investisiya vədləri veriblər.100-dən çox ölkədən nümayəndələr, o cümlədən bir sıra dünya liderləri tədbirdə iştirak edir.Lakin sammit ilk gündəki təşkilati problemlər və bir Hindistan universitetinin hazırladığını iddia etdiyi, lakin sonradan Çində istehsal olunduğu məlum olan robot it qalmaqalı ilə yadda qalıb.
AI-nin demokratikləşdirilməsi çağırışları
Qeyts iştirak etməsə də, sammitdə digər nüfuzlu şəxslər çıxış ediblər.OpenAI rəhbəri Altman çıxışında bildirib ki, dünya AI-ni “təcili şəkildə” tənzimləməlidir.O deyib: “AI-nin demokratikləşdirilməsi bəşəriyyətin çiçəklənməsini təmin etməyin ən yaxşı yoludur.” O əlavə edib ki, texnologiyanın bir şirkət və ya ölkədə cəmləşdirilməsi “fəlakətə səbəb ola bilər”.“Bu o demək deyil ki, heç bir tənzimləmə və ya qoruyucu mexanizmlərə ehtiyac yoxdur,” – deyə Altman bildirib. “Əksinə, digər güclü texnologiyalarda olduğu kimi, buna təcili ehtiyac var.”Hindistanın Baş naziri Narendra Modi və Fransanın Prezidenti Emmanuel Makron da AI-nin demokratikləşdirilməsi və innovasiyaya ortaq yanaşma ilə bağlı oxşar çağırışlar ediblər.Modi bildirib ki, texnologiya elə paylaşılmalıdır ki, insanlar sadəcə AI üçün məlumat nöqtəsinə və ya xammala çevrilməsin.“AI xüsusilə Qlobal Cənub üçün inklüzivlik və gücləndirmə vasitəsinə çevrilməlidir,” – deyə o vurğulayıb.Makron isə bildirib ki, AI ilə bağlı müzakirələr “daha çox edək” yanaşmasından “birlikdə daha yaxşı edək” yanaşmasına keçməlidir.BMT-nin baş katibi Antonio Quterreş də çıxışında AI-nin gələcəyinin “bir neçə ölkə” və ya “bir neçə milyarderin kaprizləri” ilə müəyyən edilməməli olduğunu deyib.Google-un baş icraçı direktoru Sundar Piçai Hindistanın AI sahəsində artan rolunu vurğulayıb və şirkətin ölkənin cənubundakı Vişakhapatnam şəhərində AI mərkəzi yaratmaq üzərində çalışdığını bildirib.Milyarder Mukeş Ambani isə Hindistanın AI ekosisteminin qurulması üçün növbəti yeddi il ərzində 110 milyard dollar investisiya qoyacağını açıqlayıb.Anthropic şirkətinin rəhbəri Amodei isə modellərin təhlükəsizlik və risk qiymətləndirilməsi sahəsində Hindistanla əməkdaşlıq etmək istədiklərini bildirib.
Tərtib etdi:Jalə Əliyeva
Gundelik.az

