Gundelik.az Mədəniyyət və cəmiyyət Beynin Səssiz Harayı: Nevroloji Sağlamlıq Niyə Təhlükə Altındadır?
Mədəniyyət və cəmiyyət Müsahibə

Beynin Səssiz Harayı: Nevroloji Sağlamlıq Niyə Təhlükə Altındadır?

Son illər nevroloji problemlər yalnız yaşlı nəsli deyil, getdikcə daha çox gənc yaş qruplarını da əhatə edir. Yuxusuz gecələr, nizamsız qidalanma, kofein və enerji içkilərinə həddindən artıq meyl, eləcə də oturaq həyat tərzi beynin və sinir sisteminin sağlamlığını ciddi risk altına alır. Bu mövzu ətrafında nevropatoloq Qalib Əsədov ilə söhbətləşdik. Həkim gündəlik praktikada ən çox rast gəlinən nevroloji problemlər, onların yaranma səbəbləri və profilaktik tədbirlər barədə ətraflı məlumat verdi.

Ən çox rast gəlinən nevroloji problemlər hansılardır?

– Nevroloji praktikada ən çox qarşılaşdığımız problemlərin başında baş ağrıları gəlir. Xüsusilə gərginlik tipli baş ağrısı və miqren geniş yayılıb. Müasir həyat tərzinin ayrılmaz hissəsinə çevrilən oturaq iş rejimi bel və boyun ağrılarına, osteoxondroz, fəqərəarası disk yırtığı və protruziyalara səbəb olur.

Bundan əlavə, ətraflarda keyimə və ağrılar, sinir sıxılmaları – məsələn, karpal tunel sindromu, şəkərli diabet və alkoqol fonunda yaranan polineyropatiyalar tez-tez müşahidə edilir. Beyin qan dövranı pozğunluqları, insultlar, başgicəllənmə və müvazinət pozğunluqları, epilepsiya və ürəkgetmə tutmaları, Parkinson xəstəliyi, yaddaş və diqqət zəifləməsi, demensiya və Alzheimer xəstəliyi də nevroloji praktikanın əsas problemlər sırasındadır.

Son dövrlərdə isə panik atak adı ilə tanınan təşviş pozuntuları daha çox rast gəlinir. Qeyd etməliyəm ki, bu şikayətlərin böyük əksəriyyəti stres, yuxusuzluq, qeyri-sağlam həyat tərzi və xroniki xəstəliklərlə birbaşa əlaqəlidir.

Yuxusuzluq hansı nevroloji risklər yaradır?

– Yuxusuzluq sadəcə yorğunluq hissi deyil, uzun müddət davam etdikdə beynin fəaliyyətinə ciddi zərbə vurur. İlk olaraq yaddaş zəifləyir, diqqət və konsentrasiya azalır, düşünmə prosesi ləngiyir. Xroniki yuxusuzluq demensiya riskini artırır.

Eyni zamanda arterial təzyiq yüksəlir, bu isə beyin qan dövranının zəifləməsinə gətirib çıxarır. Xüsusilə 40 yaşdan sonra bu risk daha da artır. Yuxusuzluq qıcolma həddini aşağı salaraq epileptik tutmaların yaranmasına şərait yaradır, miqren tutmaları tezləşir.

Vegetativ sinir sisteminin pozulması nəticəsində ürəkdöyünmə, tərləmə, əsəbilik müşahidə olunur. Yuxu həm də beynin “təmizlənmə” dövrüdür – bu zaman toksik zülallar, o cümlədən beta-amiloid maddələr xaric olunur. Yuxu pozulduqda həmin maddələr beyində toplanır və Alzheimer, Parkinson kimi xəstəliklərin riski artır. Üstəlik, yuxusuz insanlarda yol-nəqliyyat qəzaları riski yüksəlir, əmək qabiliyyəti azalır. Bir sözlə, yuxusuzluq beyni həm funksional, həm də struktur baxımdan zəiflədir.

Tez-tez baş ağrısı hansı xəstəliklərin əlaməti ola bilər?

– Tez-tez baş ağrısı sadəcə yorğunluq əlaməti deyil, müxtəlif nevroloji və sistem xəstəliklərinin göstəricisi ola bilər. Ən geniş yayılmış növ gərginlik tipli baş ağrısıdır. Bu ağrılar stress, psixoloji gərginlik, uzun müddət kompüter və telefon istifadəsi ilə bağlıdır və adətən sıxıcı, halqa şəklində, iki tərəfli olur.

Miqren isə çox vaxt başın bir yarısında baş verir, işıq və səsə həssaslıq, ürəkbulanma, qusma, bəzən isə aura ilə müşayiət olunur. Klaster baş ağrıları isə çox güclü və yandırıcı xarakter daşıyır, göz ətrafında yaranır və qısa, lakin şiddətli tutmalarla özünü göstərir.

Boyun fəqərələrinin problemləri zamanı servikogen ağrılar, yüksək arterial təzyiq zamanı isə xüsusilə səhərlər ənsə nahiyəsində ağrılar yaranır. Sinusit, qan azlığı da baş ağrısına səbəb ola bilər.

Əgər ağrı qəfil başlayıb sürətlə artırsa, nitq və görmə pozulursa, əl-ayaqda keyimə, qızdırma, şüur dəyişikliyi və ya qıcolma varsa, xüsusilə 50 yaşdan sonra yeni yaranan ağrılar müşahidə edilirsə, dərhal həkimə müraciət edilməlidir.

Kofein və enerji içkilərinin beyinə təsiri nədir?

– Kofein düzgün və ölçülü qəbul edildikdə diqqəti artırır, yorğunluq hissini azaldır, reaksiyaları sürətləndirir və əhvalı müvəqqəti yaxşılaşdırır. Miqren zamanı qısa müddətli rahatlama verə bilər.

Lakin həddindən artıq qəbul edildikdə beyin kofeinə öyrəşir və asılılıq yaranır. Qəbul edilmədikdə baş ağrısı, halsızlıq baş verir, yuxu ritmi pozulur, ürəkdöyünmə artır. Enerji içkiləri isə yüksək kofein və şəkər tərkibinə görə beyində həddindən artıq stimulyasiya yaradır, sonradan isə kəskin yorğunluq və əhvalın düşməsi ilə nəticələnir.

Sağlam böyüklər üçün gündə 2–3 fincan qəhvə kifayətdir. Enerji içkilərini isə tez-tez və xüsusən günün ikinci yarısında qəbul etmək tövsiyə olunmur. Yatmazdan ən azı 6 saat əvvəl kofeinli içkilərdən imtina etmək lazımdır. Az və düzgün vaxtda qəbul edilən kofein faydalıdır, lakin nəzarətsiz istifadə beynin və psixikanın tarazlığını pozur.

Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version