Belçikada təsirini davam etdirən güclü isti hava dalğası səbəbindən sabah üçün ölkənin şərqində yerləşən Lyej və Limburq bölgələrində ən yüksək səviyyə olan qırmızı xəbərdarlıq elan edilib.
Belçika Kral Meteorologiya İnstitutu (IRM) iyunun 26-da ölkənin şərqində havanın temperaturunun 40 dərəcəyə çatacağının gözlənildiyini açıqlayıb.
Qurumun məlumatına görə, həddindən artıq istilər səbəbindən Lyej və Limburqda cümə günü ərzində qırmızı xəbərdarlıq qüvvədə olacaq. Ölkənin digər hissələrində isə ən azı şənbə gününədək narıncı xəbərdarlıq davam edəcək.
Qırmızı xəbərdarlıq çərçivəsində bələdiyyələr və səhiyyə qurumları isti hava ilə bağlı fövqəladə tədbirlər planlarını işə salıblar. Yaşlı və tək yaşayan insanların vəziyyətinin yoxlanılması, qocalar evlərində əlavə təhlükəsizlik tədbirlərinin görülməsi, açıq havada çalışanların qorunması üçün tədbirlərin gücləndirilməsi və vətəndaşlara günün ən isti saatlarında çölə çıxmamaq barədə xəbərdarlıqlar edilir.
Belçika üzrə bu gün havanın temperaturunun 33–38 dərəcə arasında dəyişəcəyi proqnozlaşdırılır.
Gecə saatlarında da temperatur normadan xeyli yüksək olaraq qalır. Ölkənin böyük şəhərlərində səhərin erkən saatlarında belə temperatur 25–27 dərəcədən aşağı düşmür.
Həddindən artıq istilər səbəbindən bəzi məktəb və uşaq bağçalarında iş saatları yenidən tənzimlənib, dəmir yolu nəqliyyatında isə istiliklə əlaqədar gecikmələr və nasazlıqlar müşahidə olunur.
Digər tərəfdən, Yükl bələdiyyəsində iyunun 24-də 34 dərəcə temperatur qeydə alınmaqla 1976-cı ilə aid rekord yenilənib.
Meteoroloqlar yaxın günlərdə temperaturun daha da yüksələcəyini bildirirlər. Onların sözlərinə görə, iyun ayı üzrə yeni istilik rekordları qırıla, ölkə tarixinin ən isti iyun günü, ən isti gecəsi və ən isti həftəsi yaşana bilər.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

