Gundelik.az Xəbərlər İqtisadiyyat Bakı–Supsa neft kəməri: tarixi və perspektivləri
İqtisadiyyat

Bakı–Supsa neft kəməri: tarixi və perspektivləri

Qərb İxrac Boru Kəməri (QİBK) və Bakı–Supsa kəməri kimi 2 müxtəlif formada adlandırılan bu kəmər Azərbaycan neftini dünya bazarlarına nəql edən önəmli boru xətlərindən biridir. O, başlanğıcını Səngəçal terminalından götürüb, Gürcüstanın Supsa terminalına qədər uzanır və Azərbaycanın qısa müddətdə yaratdığı neft ixracı sisteminin ayrılmaz hissələrindən birini təşkil edir. 

Belə ki, Bakı–Supsa neft kəməri vasitəsilə Xəzərin Azərbaycan sektorunda hasil edilən neftin Gürcüstan üzərindən dünya bazarlarına nəqli həyata keçirilir. Kəmərlə xam neft Qara dəniz sahilinə nəql edilərək, Supsa terminalında tankerlərə yüklənir və Bosfor boğazından keçməklə Avropa bazarlarına daşınır.

Zərurətdən doğanlar

“Əsrin Müqaviləsi” imzalanandan sonra Azərbaycan qısa müddətdə neft ixrac sistemini genişləndirmək və yeni kəmərlər inşa etməkdə israrlı idi. Əks təqdirdə böyük neft strategiyasının uğurundan danışmaq çətin olacaqdır. Buna görə də dərhal ixracla bağlı ciddi işlərə başlanıldı. 

İlk növbədə “Xəzərin Azərbaycan sektorunda neft yataqlarının müştərək işlədilməsi və istifadəyə verilməsi” haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin və dünyanın bir neçə böyük neft şirkətləri ilə imzalanmış müqavilənin payçıları adından onun şərtlərini həyata keçirmək məqsədilə əməliyyat şirkəti yaradıldı. Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) adlandırılan və Böyük Britaniya, ABŞ, Yaponiya, Norveç, Rusiya, Türkiyə və Səudiyyə Ərəbistanı olmaqla, 7 ölkəni təmsil edən 11 neft nəhənginin daxil olduğu bu şirkət 1994-cü ilin sonlarından fəaliyyətə başladı. 

Bir il bitmədən – 1995-ci ilin oktyabrında Azərbaycan ABƏŞ-in rəhbər komitəsi ilkin neftin Rusiya və Gürcüstan ərazisi ilə ixracı üçün iki marşrut haqqında qərar qəbul etdikdən sonra neft boru kəmərlərinin çəkilişi ilə bağlı işlər intensivləşdi. Hər iki ölkənin hökuməti ilə danışıqlar paralel şəkildə aparılırdı. Rusiya ilə tranzit haqqında sənədlərin imzalanmasından bir ay keçməmiş 1996-cı il mart ayının 8-də Azərbaycan Respublikası ilə Gürcüstan arasında ilkin neftin Gürcüstan ərazisindən nəql olunmasına dair hökumətlərarası saziş imzalandı.

Büdcə və zaman 

Sazişin imzalanması ilə Bakı–Supsa neft boru kəmərinin keçəcəyi marşrutun texniki-iqtisadi aspektlərinin öyrənilməsi və layihələndirilməsi prosesi sürətləndi.

1996-cı ilin dekabr ayında ABƏŞ tərəfindən Qərb boru kəmərinin tikintisi üçün müsabiqə elan edildi. Müsabiqədə ABŞ, İtaliya, Avstraliya, Türkiyə, Fransa, Böyük Britaniya, Azərbaycan və digər ölkələrin şirkətləri iştirak etdilər. Şirkətlərdən daxil olan təklifləri öyrənən ABƏŞ 1997-ci ilin aprel ayında Bakı–Supsa boru kəmərinin tikintisi və bərpası üçün tenderin yekunlarını elan etdi.

Qəbul edilmiş layihə planına əsasən, Səngəçal terminalından Gürcüstan sərhədlərinə qədər uzanan Azərbaycan ərazisində 421 km uzunluğunda mövcud boru xətti bərpa olunmalı və 47 km uzunluğunda hissəsi yenidən çəkilməli idi. Gürcüstan ərazisində isə 340 km uzunluğunda boru kəmərinin bərpası, 39 km məsafədə isə yeni hissəsinin çəkilişi nəzərdə tutulurdu. Bütün bu işlər üçün ilkin mərhələdə 315 milyon dollar büdcə ayrılmışdı. Həmin vəsaitin 150 milyon dolları 1997-ci ildə, qalan hissəsi isə 1998-ci ildə inşa işləri başa çatanadək xərclənməli idi.

İcra proseslərinə başlanmasında olan gecikmələr işlərin sürətlə aparılmasını zərururi edirdi. Digər tərəfdən isə Bakı–Novorossiysk boru kəmərinin gözlənilən vaxtda işə düşməməsi burada işlərin daha da sürətləndirilməsinə ehtiyacı artırırdı. Belə ki, Azərbaycan neftinin 1997-ci ilin fevral ayında Rusiya sərhədinə çatmasına baxmayaraq, qonşu ölkə onu qəbul edib Qara dəniz limanına çatdıra bilmədi. Buna görə də Qərb boru kəmərinin nəzərdə tutulan vaxtda tikilərək istifadəyə verilməsi Azərbaycanın və bütün xarici tərəfdaşların maraqlarına xidmət edirdi.

Belə işlərdə səhv bağışlanılmır

1998-ci ilin əvvəlində boru xəttinin mövcud hissəsində sınaq işləri aparılana qədər işlər öz qaydasında gedirdi. Lakin sınaq işləri həyata keçirildiyi zaman vaxtilə çəkilmiş borular təzyiqə davam gətirmədi. Bununla da tikinti işləri ərəfəsində Bakı–Supsa boru kəmərinin vəziyyətini öyrənən ABƏŞ-in podratçı şirkəti “Fluor Daniel”in qiymətləndirmədə səhvə yol verdiyi bəlli oldu. Bu isə yeni boruların çəkilməsini qaçılmaz etdi. Buna görə də boru kəmərinin inşası üçün nəzərdə tutulan zaman və maliyyə vəsaiti yetərli olmadı. İşlərin tamamlanması üçün əlavə zamana ehtiyac yarandı və layihə büdcəsinin 315 milyon ABŞ dollarından 590 milyon dollara qədər artırılması haqqında qərar qəbul edildi. 

Maliyyə vəsaitinin artırılmasına baxmayaraq, kəmərin yenə də 24 düymlük borularla inşa edilməsi nəzərdə tutulurdu. ARDNŞ boru kəmərinin buraxılış qabiliyyətinin ildə 5 milyon ton həcmində saxlanılmaqla büdcəsinin artırılmasına etiraz etdi. Həmin texniki göstəricilərlə Qərb boru kəmərinin öz xərclərini ödəməyəcəyini əsas götürən ARDNŞ onun tikintisinə tələb olunan əlavə 275 milyon dolların ABƏŞ-ə qaytarılmayacağını bildirdi. Bununla da, ARDNŞ ilə xarici neft şirkətləri arasında fikir ayrılığı yarandı. Azərbaycan öz maraqlarını qoruyaraq tələb olunan əlavə maliyyə vəsaitinin səhvə yol vermiş podratçı şirkət tərəfindən ödənilməli olduğunu əsaslandırırdı. Xarici şirkətlər isə bu mövqe ilə razılaşmaq istəmirdilər. 

Azərbaycan tərəfi yaranmış vəziyyətdən çıxış yolu kimi, boru kəmərinin buraxılış gücünün artırılmasını təklif etdi. Bu təklifə görə, boru kəməri diametrinin 24 düymdən 42 düymə qədər genişləndirilməsi məqbul hesab edilirdi. Bu isə layihə büdcəsini 1 milyard dollara qaldıra bilərdi. Tərəfdaşları ARDNŞ-in bu təklifini qəbul etmədilər. Buna görə rəhbər komitənin növbəti iclasında Qərb boru kəmərinin tikintisini ABƏŞ-in öz maliyyə vəsaiti hesabına başa çatdırmaq haqqında qərar qəbul olundu. 

Bundan sonra sıx qrafik çərçivəsində aparılan işlər 1998-ci ilin sonunda başa çatdı və dekabrın 10-da Bakı–Supsa kəmərinin “Əsrin Müqaviləsi” çərçivəsində hasil olunmuş neft ilə doldurulmasına başlanıldı. 

Bu da nəticə

Bir tərəfdə ilkin neft boru kəmərinə vurulmuş, o biri tərəfdə isə Supsa terminalının inşası hələ tamamlanmamışdı. Tamamlanmamış işlərin isə boru kəmərinin neftlə doldurulacağı müddətdə görülməsi və 1999-cu ilin aprelində başa çatdırılması nəzərdə tutulurdu. 

Bakı–Supsa neft kəmərinin ümumi mənzərəsi

Bu dəfə heç bir tərəfdən gecikmə olmadı. 1998-ci ilin dekabrında Səngəçal terminalından vurulan xam neft 1999-cu il martın 11-də Supsa terminalına çatdı. Burada neftin çənlərə doldurulması ilə Bakı–Supsa ixrac boru kəmərinin fəaliyyətə başlaması üçün son hazırlıq işlərinə start verildi. Aprelin 17-də Supsada Azərbaycan, Gürcüstan və Ukrayna prezidentlərinin, habelə ABŞ prezidentinin və dövlət katibinin Xəzər regionu üzrə xüsusi müşavirinin iştirakı ilə Qərb ixrac boru kəmərinin və Supsa terminalının rəsmi açılış mərasimi oldu.

Texniki-iqtisadi göstəriciləri

Diametri 530 mm olan Bakı–Supsa boru kəmərinin uzunluğu Azərbaycan ərazisində 456.4 km, Gürcüstan ərazisində isə 373.2 km olmaqla, ümumilikdə, 829.6 km təşkil edir. Boru xətti dağlarda 1190 metr yüksəkliyə qədər qalxır. 

Kəmər layihələndirilərkən istismar müddəti 2026-cı ilin sonunadək hesablanmışdır. 

3-ü Azərbaycanda, 3-ü də Gürcüstanda olmaqla, 6 nasos stansiyasına və Gürcüstanda yerləşən 2 təzyiqazaltma stansiyasına sahib olan kəmərin ötürmə qabiliyyəti gündə 90 min (maksimum 106 min barrel/gün) barreldir. Onun gəmiyükləmə qabiliyyəti isə 600 min barreldən 1 milyon barrelə qədər dəyişir. 

Boru kəmərinin operatoru ABƏŞ, istismar edən isə “Azəri–Çıraq–Dərinsulu Günəşli (AÇG) Hasilatın Pay Bölgüsü Sazişi”nin tərəfdaşları adından BP şirkətidir. Kəmər AÇG konsorsiumuna aid olduğu üçün səhmdarları AÇG ilə eynidir. 

Kəmərin pay bölgüsündə isə şirkətlər BP 30.37 %, SOCAR 25 %, “MOL Group” 9.57 %, INPEX 9.31 %, “Equinor” 7.27 %, “ExxonMobil” 6.79 %, TPAO 5.73 %, ITOCHU 3.65 %, “ONGC Videsh Limited” (OVL) 2.31 % olmaqla paya sahiblənmişlər.

Qeyd: Bu pay bölgüsü 01.01.2024-cü il üzrə olan göstəricidir. Tərəfdaşların və payların dəyişmə ehtimalı hər zaman vardır.

Perspektiv: Mərkəzi Asiya təşəbbüsü

Bakı–Supsa neft kəməri inşa edilməyə başladığı andan istismar müddətinin sonuna qədər Azərbaycan və Gürcüstanın iqtisadi və siyasi inkişafında öz rolunu oynadığı və oynayacağı şübhəsizdir. Bu layihənin hər iki ölkədə məşğulluğun təmin edilməsində, eyni zamanda, regional investisiya qoyuluşunun artmasında, sosial rifahın yüksəlməsində, siyasi sabitliyin təmin olunmasında özünəməxsus yeri olmuşdur. 

Kəmərin rentabellik baxımından da Şimal boru kəmərini üstələməsi onun əhəmiyyətini daha da artırmışdır. Ona görə də həm xarici neft şirkətləri, həm də Azərbaycan üçün iqtisadi baxımdan sərfəli olmuşdur. Hesablamalara görə, neftin Qərb boru kəməri ilə ixrac edilməsi o zamankı qiymətlərlə Azərbaycana ildə 70–100 milyon dollar qənaət etməyə imkan yaradırdı. Lakin bu kəmərin gözəl keçmişi haqqında nə qədər danışmaq xoş olsa da, uzaq perspektivləri haqqında əminliklə danışmaq çox çətindir. Çünki 2005-ci ildə Bakı–Tbilisi–Ceyhan neft kəmərinin istifadəyə verilməsi və son illərdə “Əsrin Müqaviləsi” çərçivəsində hasilatın səviyyəsinin aşağı düşməsi Bakı–Supsa boru kəməri ilə nəql olunan neftin azalmasına səbəb olmuşdur. 

İkinci bir məsələ isə bu kəmərin istismar müddətinin bitməsi ilə bağlıdır. Belə ki, Bakı–Supsa kəmərinin istismar müddəti 2026-cı ilin sonunadək hesablanıb. Bundan sonrakı dövr ərzində onun yenilənməsi imkanları ciddi araşdırmaların nəticəsində mümkün ola bilər. 

Hazırda Qazaxıstan tərəfinin Bakı–Tbilisi–Ceyhan neft kəməri ilə yanaşı, həm də Bakı–Supsa neft kəməri ilə öz neftini ixrac etmək kimi bir istəyi mövcuddur. Qazaxıstan böyük ehtiyatlara malik olduğu üçün bu istəyin və ehtiyacın hələ uzun illər qalması, hətta digər Mərkəzi Asiya ölkələrinin də ona qoşulması mümkündür. Lakin Bakı–Supsa boru kəmərinin istismar müddətinin bitməsi ortaya 3 sual çıxarır: 

1. Kəmərin istismar müddətinin uzaldılması üçün hansı işlər görüləcək? 

2. Yenilənmə ehtiyaclarının qarşılanması hansı şərtlərlə icra ediləcək? 

3. Kəmər yenidən çəkilərsə, Mərkəzi Asiya ölkələri üçün alternativlərlə müqayisədə bu marşrut nə qədər rentabelli olacaq? 

Burada birinci və ikinci sualların cavabı müzakirələr nəticəsində əldə edilə bilən cavabdır. Görüləcək işlərin planı və şərtlər toplusunun hazırlanması üçün hər hansı maneə yoxdur. Mövcud bazar konyukturasına nəzər salanda isə üçüncü sualın cavabının da müsbət olma ehtimalı az deyildir.

Beləliklə, Azərbaycan neft hasilatı azalsa və QİBK-nin istismar müddəti keçsə də, yuxarıda qeyd edilən amillərdən asılı olaraq bu marşrut üzrə yenidən layihələndirilmələrin aparılması və ixrac proseslərinin uzun illər davam etdirilməsi mümkündür.

İqtisadçı Eldəniz Əmirov 

Gundelik.az 

Exit mobile version