XX əsrin 80-ci illərindən Bakı–Novorossiysk neft kəmərinin bir hissəsi Rusiyadan Bakıya xam neftinin emal məqsədilə daşınması üçün istifadəyə verilmişdir.
Azərbaycanın 1994-cü ildən start götürən neft strategiyası hasil edilmiş neftin nəqli üçün imkanların səfərbər edilməsini zərurətə çevirdi. Yeni kəmərlərin inşasına qədər isə Bakı–Novorossiysk neft kəməri bu işi yerinə yetirmək üçün ən real vasitə idi.
Azərbaycan nefti 1996-cı ilin dekabrında Bakı–Novorossiysk boru xəttinə vurulub, 1997-ci ilin fevral ayında iki ölkənin sərhədinə çatsa da, Rusiya onu qəbul edib Qara dəniz limanına ötürməyə hazır olmadı. Azərbaycan neftinin Rusiya ərazisi ilə nəqlinin əvvəlcə may ayına keçirilməsinə baxmayaraq, bu prosesə yalnız oktyabrın 25-də başlamaq mümkün oldu.
Beləliklə, 1997-ci ildən bu boru kəmər ilə Azərbaycan nefti əks istiqamətdə – Azərbaycandan Rusiyanın Qara dənizdəki Novorossiysk limanına nəql edilməyə başladı.
Coğrafiyası
Bakı–Novorossiysk neft kəmərinin ümumi uzunluğu 1347 km-dir. Kəmərin 231 km hissəsi Azərbaycanın, 1116 km hissəsi isə Rusiyanın ərazisi ilə uzanır.
Bakı–Novorossiysk neft kəmərinin ümumi məzərəsi
Marşrut hər birinin tutumu 25 000 tonluq 4 rezervuardan ibarət olan 100 000 ton tutuma malik Səngəçal neft terminalından başlanır və Novorossiysk limanında bitir.
Texniki-iqtisadi göstəriciləri
12 nasos stansiyasına malik boru kəmərinin diametri 720 mm-dir. Kəmərin ötürmə qabiliyyəti 105 min barel/gün olsa da, daşıma qabiliyyətinin iki dəfədən çox artırılma imkanı mövcuddur.
Neft kəmərinin hərəkət istiqamətinin dəyişdirilməsi ilə bağlı 60 mln. dollar xərclənmişdir. Kəmərin son məntəqəsi olan Novorossiysk limanı isə ildə 34 mln. tona qədər neft və neft məhsullarını daşıma qabiliyyətinə malikdir.
Kəmərin Azərbaycan hissəsinin operatoru 1994-cü ilin axırlarında yaradılmış Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ), Rusiya hissəsinin operatoru isə Rusiyanın “Transneft” şirkəti seçilmişdir. Operatorlar əhatə olunan ərazilər üzrə həm mövcud obyektlərin təmir və yenidən qurulmasını, həm də yeni obyektlərin tikintisinə sərf olunan xərcləri öz üzərinə götürmüşdür.
Azərbaycan neftinin Rusiya ərazisi ilə nəql edilməsi, eləcə də tərəflərin müvafiq fəaliyyət, vəzifə və məsuliyyətləri Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında 18 yanvar 1996-cı il Sazişi ilə tənzimlənməyə başlamışdır.
Boru kəmərində müəyyən bərpa işləri aparılaraq, 2008-ci ilə qədər AÇG neftinin və SOCAR-ın özünün hasil etdiyi neftin nəqli üçün istifadə edildi. Bundan əlavə 2001-ci ildən SOCAR-ın xarici tərəfdaşlarla birgə istismar etdiyi qurudakı yataqlardan hasil edilən neftin nəqli də bu boru kəməri vasitəsilə həyata keçirildi.
Perspektiv: ya emal, ya da son
Kəmərlərlə nəql edilən neft Novorossiysk limanından yüklənərək İtaliya, Rumıniya, Bolqarıstan, Xorvatiya, Fransa, İspaniya və digər ölkələrə ixrac olunmağa başladı. Lakin 1999-cu ildən daşınma xərcləri baxımından daha səmərəli Bakı–Supsa və 2006-cı ildən Bakı–Tbilisi–Ceyhan kəmərlərinin istismara verilməsi nəticəsində Bakı–Novorossiysk marşrutu ilə neft daşınması azaldı.
2013-cü ildə Azərbaycan Dövlət Neft Şirkətinin rəhbərliyi tərəfindən Azərbaycandan neft daşıyan kəmər vasitəsilə bundan sonra Rusiyadan Azərbaycana neft daşınacağı barədə məlumat verilmişdir. O zaman “Urals” markalı neftin Bakı–Novorossiysk neft kəməri vasitəsilə Bakıya nəqli ilə bağlı Rusiyanın “Rosneft” şirkəti ilə danışıqlar aparıldığı bildirilmişdir. “Rosneft” şirkəti ilə aparılan danışıqlara əsasən, ilkin mərhələdə Bakı–Novorossiysk kəməri ilə 5 milyon ton həcmində Rusiya nefti Azərbaycana idxal olunacaqdı. Həmin neftin bir hissəsinin Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal olunması, yerdə qalan hissəsinin isə Bakı–Tbilisi–Ceyhan neft kəməri (BTC) ilə nəql olunaraq Ceyhan limanından Avropa bazarına çıxarılması planlaşdırılırdı.
Lakin bütün bunlar o qədər də real görünmürdü. Çünki BTC-nin operatorunun BP olmasına görə orada nəql ediləcək neftlə bağlı qərarları bu şirkət özü verə bilərdi. Eyni zamanda, Bakıda olan neft emalı zavodlarının real gücü həm Azərbaycan neftini, həm də Rusiyada idxal ediləcək xam neftin emalına imkan vermirdi.
Üçüncü bir sual isə BTC ilə ixrac ediləcək xam neftin müəyyənləşdirilmiş təmizlik tələbləri vardı. “Urals” markalı neft isə buna cavab vermirdi. Odur ki, “Urals” markalı neftin BTC ilə nəqlinin müəyyən çətinliklər yaradacağı mütləq idi. Bu prosesin özünü doğrultmasına mane ola biləcək dördüncü və əsas maneə ixracın maya dəyəri məsələsi idi. Bu marşrut “Urals” markalı neftin son məntəqədə maya dəyərini ciddi şəkildə yüksəldirdi.
Proseslərin nəticəsi onu göstərdi ki, 2013-cü ildə qaldırılmış tərsinə ixrac məsələsi özünü doğrultmadı. Amma uzaq perspektiv üçün bu ssenarinin bir qismi reallaşa bilər. Belə ki, Abşeronda iri neft emalı müəssisələri yaradılarsa, o zaman bu kəmərlə Rusiya nefti emal edilmək üçün ötən əsrin 80-ci illərində olduğu kimi yenidən Bakıya istiqamətlənə bilər. Lakin bu ssenariyə BTC ilə “Urals” markalı neftin ixracı daxil ola bilməz.
Nəzərə alınmalıdır ki, Azərbaycanda ildən-ilə neft hasilatı azalır və hətta Azərbaycan neftinin BTC üzrə ixrac həcmi onu tam gücü ilə təchiz etmək üçün artıq yetərsizdir. Buna görə də, BTC Azərbaycandan əlavə olaraq Qazaxıstan neftinin də ixracını reallaşdırır. Bütün bu amilləri təhlil edəndən sonra görmək olur ki, Bakı–Novorossiysk kəməri Azərbaycan neftini şimala doğru uzun müddət daşıya bilməyəcək.
Odur ki, gələcəkdə bu kəmərin istismar müddətinin uzaldılması üçün ən real şans Azərbaycanda neft emalı sənayesinin güclü inkişaf etməsidir. Yalnız bu halda ötən əsrin 80-ci illərində olduğu kimi Bakı–Novorossiysk neft kəməri Rusiyadan Bakıya xam nefti emal məqsədilə daşıya bilər. Əks halda, bu kəmərin gələcəyi haqqında böyük arzular qurmaq yersizdir.
İqtisadçı Eldəniz Əmirov
Gundelik.az

