Gundelik.az Mədəniyyət və cəmiyyət Bağırsaq bakteriyaları ac qalanda nə yeyir: Lif olmayanda bağırsağın özünə yönəlirlər
Mədəniyyət və cəmiyyət Xəbərlər

Bağırsaq bakteriyaları ac qalanda nə yeyir: Lif olmayanda bağırsağın özünə yönəlirlər

Bağırsaq bakteriyaları kifayət qədər lif qəbul etmədikdə ac qalmır, alternativ qida mənbələrinə yönəlir. Yeni araşdırmaya görə, bəzi bakteriyalar bu zaman bağırsağın səthini qoruyan selik (mukus) təbəqəsindəki zülallardan istifadə etməyə başlayır.

Araşdırmada həmçinin göstərilir ki, paxlalılar və tam taxıllarda olan, həzmə davamlı bəzi bitki zülalları bağırsaq bakteriyaları üçün lifə bənzər qida mənbəyi rolunu oynayır.

Lif azaldıqda nə baş verir?

Qidada olan bəzi liflər həzm olunmadan yoğun bağırsağa çatır və burada mikroorqanizmlər tərəfindən istifadə edilir. Yeni araşdırma isə göstərir ki, yalnız lif deyil, bəzi bitki zülalları da bağırsaq bakteriyalarının qidalanmasında rol oynayır.

Tədqiqatçılar bu zülalları “lif kimi davranan zülallar” (Prif) adlandırırlar. Onların bir hissəsi nazik bağırsaqda tam həzm olunmadan yoğun bağırsağa çataraq bakteriyalar tərəfindən istifadə edilir.

Lif olmayanda bakteriyalar bağırsağın seliyinə yönəlir

Araşdırmanın ən diqqətçəkən nəticələrindən biri budur: lif çatışmadıqda bəzi bağırsaq bakteriyaları bağırsağın qoruyucu selik təbəqəsindəki zülallardan istifadə etməyə başlayır.

Bu proses bağırsaq sağlamlığı baxımından arzuolunmayan bəzi metabolitlərin yaranması ilə əlaqələndirilir. Qidada lifin miqdarı artırıldıqda isə bakteriyaların selik təbəqəsindəki zülallardan istifadəsi və həmin metabolitlərin yaranması azalır.

Bağırsaq bakteriyalarını nə ilə qidalandırırıq?

Araşdırma göstərir ki, bağırsaq sağlamlığı yalnız hansı bakteriyaların mövcudluğundan deyil, onların nə ilə qidalandığından da asılıdır. Buna görə də rasionda tərəvəz, meyvə, paxlalılar və tam taxıllar kimi liflə zəngin bitki mənşəli qidalara yer vermək vacibdir.

 

Mənbə:CNN Türk

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version