Ədəbiyyat aləmimizdə tanınmış söz ustaları çox olub. Onlar xatırlanarkən ilk yada düşən qələm sahiblərindən biri də Hikmət Ziyadır.
Hikmət Ziya dedikdə, maraqlı və məzəli təmsillərin, gözəl məhəbbət şeirlərinin, həmin şeirlərə bəstələnmiş gözəl musiqilərin, “Qonşu qonşu olsa, kor qız da ərə gedər”, “Saqqalın kəraməti”, “Pul dəlisi” komediyalarının, “Dəcəl dovşan”, “Qərib cinlər diyarında” filmlərinin ssenari müəllifi göz önünə gəlir. Əməkdar İncəsənət Xadimi, tanınmış şair, təmsil ustası, tərcüməçi, publisist, dramaturq Hikmət Ziya təmsili ədəbiyyatımızda kamil dərəcəyə çatdırmış ilk sənətkar olaraq, özündən sonra zəngin ədəbi irs qoyub getmişdir.
Onun təmsillərində oxucu klassik təmsilçilərin işlətdiyi bədii təsvir vasitələrinə rast gəlir. Hikmət Ziyanın ustalığı, bədii fikrinin yeniliyi və kamilliyi ondadır ki, heç kəsi təkrar etmir, həyatdan aldığı mövzuları özünəməxsus üsullarla və obrazlı ifadələrlə canlandırır, çıxardığı əxlaqı nəticə də yeni olur. Məhz ona görə də onlar orijinaldır. Onun dövrün tələbi ilə səsləşən ictimai-siyasi məzmunlu şeirləri, sevgi duyğularını əks etdirən lirik nəğmələri, dərin məzmunlu təmsilləri, nəsr əsərləri, tərcümələri özündən sonra xalqımıza yadigar qalmışdır. Coşqun şair, işgüzar tərcüməçi Hikmət Ziya Ümumittifaq uşaq və gənclər ədəbiyyatı şurasının, “Mozalan” satirik kinojurnalı bədii şurasının, “Azərbaycan pioneri” və “Literaturnıy Azerbaydjan” jurnallarının redaksiya heyətinin üzvü olub. Onun adına “Hikmət Ziya ədəbiyyat mükafatı təsis edilib. Hikmət Ziya uşaq aləmindən xeyli adda əsərlər yazıb. Lakin biz onu daha çox təmsilçi kimi tanıyırıq. Onun satirik istedadı bu sahədə çox parlaq görünüb. Onun təmsillərində əliəyrilər, yaltaq və ikiüzlülər satira atəşinə tutulur. Qısa təmsillərinin əksəriyyəti öz ədəbi taleyi olan, həyat və insan haqqında yazılmış əsərlərdir. H.Ziyanın təmsilləri fəlsəfi ümumiləşdirmələr yolu ilə yaranmış, daha tutarlı səslənmişdir. Həyatının 25 ilini balalarımızın çox sevdiyi “Göyərçin” jurnalı redaksiyasında əməkdaşlıq edən Hikmət Ziya ədəbi yaradıcılığa 1952-ci ildə “Azərbaycan pioneri” qəzetində çap edilən “Qeqola” adlı ilk şeiri ilə başlamışdır. Sonra dövri mətbuatda vaxtaşırı çıxış etmişdir.
Ilk satirik şeirləri, eyni zamanda “Atamın hədiyyəsi” (1957), “Bahar gözəldir, ya qış?” (1959). “Milçək ürəyi” (1960) kitabları Hikmət Əfəndiyev imzası ilə çap olunmuşdur. “Sınaq”, “Ekiz qardaşlar” pyesləri tamaşaya qoyulmuşdur. Librettolarına (“Nənəmin nağılı”, “İkilərin sərgüzəştləri”, “Solğun çiçəklər”) və şeirlərinə musiqi bəstələnmişdir. Əsərləri keçmiş SSRİ xalqlarının dillərinə tərcümə olunmuşdur. Ölkənin ayrı-ayrı şəhərlərində keçirilən uşaq və gənclər kitabı həftələrində, eləcə də təşviqat qatarı ilə səfərlərdə, yubiley təntənələrində iştirak etmişdir. “Mozalan” satirik kino-jurnalı bədii şurasının, Ümumittifaq uşaq və gənclər ədəbiyyatı şurasının, “Literaturnıy Azerbaydjan” jurnalı redaksiya heyətinin üzvü olmuşdur. Hikmət Ziyanın kino yaradıcılığında da böyük xidmətləri olmuşdur. “Əli Bayramlı” (1971), “Azərbaycan
qadını” (1974), “Qərib cinlər diyarında” (1977), “Dəcəl dovşan” (1981) filmlərinin ssenari müəllifi olmuş və filmlər ekrana çıxmış, tamaşaçılar tərəfindən rəğbətlə qarşılanmışdır. “Qərib cinlər diyarında” həm böyüklərin, həm də kiçiklərin sevimli filminə çevrilmişdir. Hikmət Ziyanın yazdığı “Son Türk əlifbası” kitabı elmi-pedaqoji biliyindən xəbər verir. Bütün bu xidmətlərinə baxmayaraq Hikmət Ziya daha çox uşaq şairi kimi ad qazanmışdı. Hikmət Ziya sözün əsl mənasında böyük şair idi. Onun şeirləri aktuallığı və təbiiliyi, səmimiliyi ilə seçilir.
Hikmət Ziya ədəbiyyatımızda hər şeydən əvvəl öz təmsilləri ilə nəzəri cəlb etmişdir. Üç mindən çox təmsil müəllifi olan Hikmət Ziya bu təmsillərin çoxunu sovet dövründə yazmışdı. Lakin bu təmsillərin hər biri öz məna və məzmununa görə bütün dövrlərə aid ola bilər. Dovşan, timsah sifətində qorxaqlıq, ceyran sifətində gözəllik, qurd simasında yırtıcılıq, ayıda yekəpərlik, tülküdə hiyləgərlik, qaz boşboğaz, pişik özgəsinin kölgəsində dolanan, çanaqlı bağa ikiüzlü, cücə səfeh, qarğa xəbis, qurd amansız, aslanda igidlik onun təmsillərinin leytmotivi idi. Təsvir edilən heyvanların hər biri öz xüsusiyyətlərinə görə səciyyələndirilir. Hikmət Ziyanın Azərbaycan
ədəbiyyatına gətirdiyi ən böyük yenilik bu janrda maksimum yığcamlığa, lakonikliyə, sadəliyə riayət etmək olmuşdu. Onun təmsilləri həyatımızda, cəmiyyətimizdə olan nöqsanları, qüsurları əks etdirmişdir. Şair yaşadığı qısa ömründə Azərbaycan ədəbiyyatına gözəl incilər bəxş etmişdir.
Hikmət Ziya tərcümə sahəsində də bir çox işlər görmüş, rus şairi A.S.Puşkindən çoxlu sayda tərçümələr etmiş, Firdovsinin “Şahnamə” əsərindən “Rüstəm və Söhrab” dastanını dilimizə çevirmişdir. Bundan başqa onun “Qan ocağı”, “Qonşu qonşu olsa, kor qız da ərə gedər”, “Saqqalın kəraməti”, “Pul dəlisi”, “Qızılgül”, “Bir saç telinin qiyməti” kimi qiymətli komediyaları səhnəmizə yadigar əsərlərindəndir.
Xalq yazıçısı Mirzə İbrahimov Hikmət Ziya haqqında söhbətlərinin birində söyləmişdir: “Hikmət Ziya Azərbaycan yazılı ədəbiyyatı tarixində istedadını illər uzunu müntəzəm surətdə təmsil yazmağa həsr etmiş və bir janr olaraq təmsili ədəbiyyatımızda kamil dərəcəyə çatdırmış ilk sənətkardır.” Xalq yazıçısı Mirzə İbrahimovun H.Ziyanın təmsillərinə yüksək dəyər verməsi onun bu sahədə fəallığını daha da artırıb. Böyük rus təmsilçisi İvan Krılovun təmsillərini dilimizə ustalıqla tərcümə edən H.Ziya bu janrın sirlərinə yaxından bələd olduqca, daha gözəl təmsillər yazmağa başlayıb. Təsadüfi deyil ki, görkəmli alim, şair Sergey Mixalkov şairə vurduğu teleqramda onu əla təmsilçi adlandırıb. Şairin təmsillərini təhlil edən, onlara yüksək dəyər verən ədəbiyyatşünaslar onu müasir Azərbaycan təmsilinin Krılovu adlandırıb O, uşaq aləmindən xeyli adda əsərlər yazıb. Lakin biz onu daha çox təmsilçi kimi tanıyırıq. Onun satirik istedadı bu sahədə çox parlaq görünüb. Bəli, təmsil janrı qədim janrdır. Bu janrda bir çox şairlər qələmlərini sınamışlar. Azərbaycan ədəbiyyatında A.Bakıxanov, Q.Zakir, S.Ə.Şirvani, M.Ə.Sabir, A.Şaiq dəyərli sənət əsərləri yaratmışlar. Hikmət Ziyanın təmsillərini sevdirən və onun müəllifini şöhrətləndirən əsərlərin uşaqları maraqlandıran, düşündürən olmasıdır. Əmək, dostluq, qəhrəmanlıq Hikmət Ziya təmsillərində geniş təbliğ olunur. Bu təmsillər oxucuda nəcib əxlaqi sifətlər tərbiyə edir, pis hərəkətlərdən uzaqlaşdırır. Hikmət Ziya əsrin-zamanın havasını yaxşı duyan şairlərdən olmuş, onun təmsil sahəsindəki uğurları geniş oxucu rəğbəti və oxucu alqışı qazanmışdır. Bu təmsilləri oxuyanda biz tənqid hədəfində ikiüzlüləri, yaltaqları, yalançıları açıq-aydın görə və tanıya bilərik. Təmsillərin gücü-qüvvəti bundadır ki, müxtəlif heyvanların vasitəsilə insanlarda olan naqis sifətlər, nöqsanlar, yaramaz, mənfi cəhətlər üzə çıxarılır.
Məsələn:
Hələ Tütək qayrılmamış:
– Çalınıram, – dedi Qamış və yaxud
Alma Qurdu almanı təkcə yesəydi, nə dərd?!
Həm də onu içindən çürüdürdü bu namərd.
Bu cür həmişə özündən razı qalanlar və onu aləmə car çəkənlər, insanı “içindən çürüdənlər”, riyakarlar və bu qəbildən olan mənfi tiplər Hikmət Ziya təmsillərində çoxdur. Bu təmsillər ibrətamizdir, hikmətlidir, aforizmlə doludur. Onun bu mənfi qəhrəmanları bizim cəmiyyətdə yaşayırlar. Tülkü xislətli, canavar dişli, milçək ürəkli, ayı düşüncəli insanlar az deyildir. Meşələrə od vuran, çaylara, dənizlərə zəhər tökən, el malına göz dikən, aləmi bir-birinə
çaxnaşdıran elə bunlardır.
HIkmət Ziya öz təmsillərində daha çox heyvanlardan və əşyalardan istifadə edirdi. Amma onun bütün təmsillərinin sətiraltı mənası adamlar idi. O, öz sözünü heyvanların dili ilə bu günün uşağının sabahkı ağsaqqalına, qara saqqalına deyirdi.
Hikmət Ziya dedikdə, Azərbaycan torpağını hərarətlə vəsf və tərənnüm edən, onun təbiətini özünəməxsus poetik boyalarla canlandıran bir şair, Sabir ədəbi məktəbinin davamçısı olan, yaşadığı dövrdə cəmiyyətdə, ictimai həyatda gözə dəyən nöqsanları, eyibləri tənqid edən satirik şairi yad etmiş oluruq. Hikmət Ziya ictimai həyatdakı hadisələr haqqında da təmsil dili ilə, uşaqların başa düşəcəyi bir dildə sadə, lakin dolğun və mənalı biliklər verir. Uşaqlara Hikmət Ziyanın bu həcmcə kiçik əsərlərindən böyük mənalar əxz edilir. Şair oxucularına təlqin edir ki, cəmiyyətdə bir-birinə zidd fikirlər olduğu kimi, bir-birinə zidd insanlar da vardır. Bu mənfi ünsürlər cəmiyyətin inkişafına və insanların xoşbəxt yaşamalarına mane olur. Belə adamları şair tənqid vasitəsilə haqqa, ədalətə tapınmağa çağırır. Hikmət Ziya öz əsərlərində əsasən zəmanənin aktual problemlərinə toxunmuş, onların bədii həllini verməyə çalışmışdır. Hikmət Ziyanın sənətkarlığının böyüklüyü ondadır ki, kiçik həcmli əsərlərində böyük fikirləri çox sadə, səlis, lakonik bir dildə oxucularına çatdırır.
Hikmət Ziya həmçinin milli musiqi alətlərimizi uşaqlara daha yaxından tanıtmaq və sevdirmək üçün gözəl şeir nümunələri yaratmışdır. Uşaqlar bu şeirləri dinlədikdə milli musiqi alətlərimizin xalqımız üçün necə dəyərli olduğunu anlayır, bu alətlərdə çalmağa və yaxud bu alətlərdə musiqi, nəğmə dinləməyə həvəslənirlər.
Hikmət Ziya uşaq psixologiyasına dərindən bələd olan şairlərdəndir. Uşaqlar aləminə yaxşı bələd olan şairin xalq nağılları, əfsanələri əsasında yazdığı əsərləri yalnız uşaqlar deyil, böyüklər də həvəslə oxuyurlar. Xüsusilə kiçik həcmli tapmacaları azyaşlı uşaqlar daha çox sevirlər. Bu tapmacalar uşaqların zehinlərini inkişaf etdirir, onları fikirləşməyə, düşünməyə vadar edir. Əşyanın sadalanan əlamətinə görə adını müəyyənləşdirmək uşaqların öz ixtiyarına buraxılır.
Şairin yaradıcılığının mövzu və problematikası zəngindir. Onun yaradıcılıq nümunuləri arasında ictimai-siyasi mövzuda yazdığı əsərlər xüsusi yer tutur. Hikmət Ziya xalqımızın milli-mənəvi dəyərlərini heç zaman unutmamış, azərbaycançılıq ideyası onun bütün yazılarının cövhərini, mayasını təşkil etmişdir. Onun şeirlərində Azərbaycan təbiətinin gözəllikləri böyük məhəbbətlə tərənnüm olunur. Şairin Qobustana, Qarabağa. Şəkiyə, Mingəçevirə, Azərbaycanın digər guşələrinə həsr etdiyi şeirlərdə vətən torpağını məhəbbətlə tərənnüm edən bir yaradıcı insanın ürək döyüntülərini eşidirik. Qarabağı “Azərbaycanın solmaz gülzarı” deyə vəsf edən şair doğulduğu Şəkini də eyni məhəbbətlə tərənnüm edir. Hikmət Ziyanın poeziyasındakı lirik ovqat, axıcılıq, hiss və düşüncələrin incə ştrixlərlə verilməsi bəstəkarlarımızın diqqətindən yayınmamışdır. Görkəmli bəstəkarlarımızdan Arif Məlikovun, Süleyman Ələsgərovun, Sevda İbrahimovanın, Musa Mirzəyevin, Emin Sabitoğlunun, Ağabacı Rzayevanın, Əfsər Cavanşirovun, Hökumə Nəcəfovanın, Oktay Zülfüqarovun, Hacı Xanməmmədovun, Nəriman Məmmədovun və başqalarının Hikmət Ziyanın sözlərinə yazdıqları mahnılar uzun müddət tanınmış müğənnilərin repertuarından düşməmişdir. “Unutmarıq”, “Bahar nəğməsi”, “Solmazın mahnısı”, “Sənin qəlbindən keçir”, “Bəxtiyarlığım”, “Sən olmasan”, “Gözümdəsən”, “Şirin yuxum olasan”, “Yeganəm”, “Qəşəng qız”, “Gəl öyrət mənə”, “Sən məni yad etsən”, “Xoş gəlmisən”, “Ay yaraşıqlı”, “Mən sənsiz, sən də mənsiz” və s. bu kimi məşhur mahnıların sözləri Hikmət Ziyaya məxsusdur. Şairin “Məhəbbətsiz dünya bir heçə dönər”, “Bağışla, ürəyim, məni bağışla”, “Sənsizləşən günlərim”, “ən tək duyan olarmı”, “Küsüşdük, barışdıq”, “Bilmədin qədrimi sən”, “Qovuşsaq”, “Könlüm səni unutmaz” və s bu kimi onlarla şeirində sevən, sevilən, sevgi əzabları çəkən, məhəbbətinin yolunda bütün çətinliklərə mətanətlə sinə gərən bir ürəyin
döyüntülərini eşitməmək mümkün deyil.
Şair Hikmət Ziyanın kino yaradıcılığında da böyük uğurları vardır: “Əli-Bayramlı”, “Azərbaycan qadını” “Dəcəl dovşan”, “Qərib cinlər diyarında”. Bu filmlər arasında onun
ssenarisi əsasında C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası tərəfindən 1978-ci ildə çəkilmiş “Qərib cinlər diyarında” filmi uzun illərdir ki, həm uşaqlar, həm də böyüklər tərəfindən sevilə-sevilə baxılır. Filmdə var-dövlət arzusu ilə yaşayan kasıb kəndli balası – Qərib haqqında söhbət açılır. Günlərin birində gəncin arzusundan xəbər tutan cinlər padşahı Akşad onu öz
diyarına dəvət edir və gəncə çoxlu var-dövlət verəcəyini bildirir, amma bir şərtlə: oğlan cinlərə taxıl əkməyi və çörək bişirməyi öyrətməlidir. Gənc razılıq verir. Beləliklə, ilk baxışda elə görünür ki, o, məqsədinə çatıb, istəyinə nail olub. Lakin çox keçmir ki, Qərib evləri üçün darıxmağa, anasını, sevgilisini tez-tez xatırlamağa başlayır. Yalnız bu zaman o, başa düşür ki, dünyada Vətəndən əziz heç nə yoxdur və ola bilməz. Satirada Hikmət Ziyanın yolunu davam etdirən tanınmış şair, təmsilçi Mərkəz Qacarın şairə həsr etdiyi “Təqib” dramını oxuduqda bu hisslərin bir daha şahidi oluruq. Hikmət Ziya üçün Vətəndən əziz heç nə olmadığı aydın olur.
Bəli, hər bir bədii əsərə qələm sahibinin arzu və düşüncələri, həyata cəmiyyətə baxışı ilə bərabər, yaradıcı insanın ruhu da hopur. Hikmət Ziya xalqını dərin məhəbbətlə sevən, həssas, kövrək, xeyirxah, hazırcavab, eyni zamanda cəmiyyətin pisliklərinə qarşı barışmaz mübarizə aparan ziyalı idi. Üç mindən çox irili-xırdalı təmsilin, gözəl şeirlərin müəllifi olan Hikmət Ziya oxucuların məhəbbətini əbədi qazanmışdır. Hikmət Ziya Azərbaycanın Əməkdar İncəsənət xadimi fəxri adına layiq görülmüş (1986), Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif edilmişdir (1988). Hikmət Ziya 2 avqust 1995-ci ildə Bakı şəhərində vəfat etmişdir.
Azərbaycan uşaq ədəbiyyatında sanballı əsərlər yaradan, nəcib və yüksək hisslərlə ömrünü başa vuran böyük sənətkarımız Hikmət Ziyanın şeirləri həmişə sevilə-sevilə oxunacaqdır. Hikmət Ziya Sabirdən sonra təmsil janrında yazan ən görkəmli şairimizdir. Sevimli şairimiz özünün gözəl şeir, təmsil, poemalarında və əlbəttə ki, bəstəkarlarla birgə yazdığı nəğmələrində həmişə yaşayacaq!
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının
Elmi – metodika şöbəsinin müdiri Məmmədli Ruhiyyə
Gundelik.az

