Dünya güclərinin qütbləşməsi dərinləşdikcə, beynəlxalq münasibətlər sistemində hər bir gərginlik regional təhlükəsizlik mühitinə birbaşa təsir göstərir. Xüsusilə ABŞ ilə Rusiya arasında son illər daha da kəskinləşən rəqabət yalnız qlobal siyasətdə yox, həm də Cənubi Qafqaz kimi strateji regionlarda yeni reallıqlar formalaşdırır. Enerji xəritəsi, geosiyasi marşrutlar, sülh prosesləri və hərbi-siyasi balans bu rəqabətin ən çox təsir etdiyi sahələrdir. Region ölkələrinin hər birinin öz maraqları, həmçinin böyük güclərin burada fəallığı Cənubi Qafqazı geopolitik qarşıdurmanın ön səhnələrindən birinə çevirir.Bu baxımdan siyasi ekspert Çingiz Şahbaziyə ünvanlanan suallar həm regional aktorların mövqeyini, həm də yaxın perspektivdə bölgədə baş verə biləcək siyasi-hərbi dəyişiklikləri aydınlaşdırmaq baxımından olduqca aktuallıq kəsb edir.
Müsahibəni sizə təqdim edirik:
ABŞ– Rusiya münasibətkərindəki gərginlik Cənubi Qafqaza hansı şəkildə təsir edir?
– ABŞ-Rusiya münasibətlərindəki gərginlik, müasir dövrün siyasi tələbləri ilə əlaqəli görünsə də, bu siyasi rəqabətin kökləri daha çox keçmiş illərə bağlıdır. Hər iki qütbün, dünyada və daha çox geosiyasi və geoiqtisadi maraqlarının təmin olunduğu və yaxud da olunması üçün fərqli coğrafiyalarda, daha aktiv şəkildə siyasi mübarizədə səylərini görürük. Cənubi Qafqaz regionu bütün dövrlərdə Rusiyanın siyasi baxımdan arxa baxçası hesab olunub və Rusiya bu səbəbdən öz təsirini bu regionda saxlamaq üçün ABŞ, Türkiyə ilə xüsusi olaraq və Avropa İttifaqı ölkələri ilə, mübarizə aparmaqdadır. Bu mübarizə elementləri arasında Rusiya, köhnə təzyiq metodlarından istifadə edir və bu coğrafiyada yerləşən ölkələrə qarşı bütün imkanları çərçivəsində səy göstərir ki,onlar onun təsiri altında qalsınlar. Amma, göründüyü kimi dünyadakı vəziyyət heç də sabit olaraq qalmaqda davam etmir və o cümlədən Cənubi Qafqazda da siyasi və iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətində addımlar atılır. Bu addımlar dünyanın digər ölkələri ilə əlaqələrin qurulması, inkişafı ilə bağlıdır. Əlbətdə ki ABŞ -Rusiya gərginliyin Cənubi Qafqaza təsiri birbaşa hərbi qarşıdurma ilə olmasa da, regional balans , diplomatik aktivlik və təsir mübarizəsi formasında özünü göstərir. ABŞ Ermənistanla hərbi əməkdaşlıq əlaqələrini davam etdirir və bunu regional təhlükəsizlik təşəbbüsü kimi təqdim edir. Demokratik dəyərlərin təbliği və inkişafı üçün Vaşinqtonun Cənubi Qafqazdakı səylərini bu istiqamətdə qeyd etmək olar. Bakı-Tbilisi-Ceyhan və Cənub Qaz Dəhlizi kimi və digər iqtisadi layihələrə xüsusi diqqət yetirir. Ermənistan və Azərbaycan arasında yekun sülh müqaviləsinin bağlanması istiqamətində çərçivə sülh sazişi ilə bağlı ABŞ-ın vasitəçilik missiyası, əlbətdə ki bütün bunlar Rusiyanı narahat edən məsələlərdəndir. Bu baxımdan Rusiya Cənubi Qafqazda ortamın pozulması üçün əlindən gələni edir. Xüsusilə də Azərbaycana qarşı bitib tükənməyən çirkin planlar qurur. Bilir ki Cənubi Qafqaza qapı Azərbaycandan açılır. Azərbaycan işğalda qalan torpaqlarını azad etdi və istər siyasi istər iqtisadi baxımdan nəinki Cənubi Qafqazda, dünyanın bir çox ölkələrdə və ən nüfuzlu siyasi və iqtisadi platformalarında yüksək nüfuz sahibidir. Bu baxımdan ABŞ və Rusiya arasında münasibətlərin necə olmasından asılı olmayaraq və Cənubi Qafqazda baş verənlərdən dolayı, hadisələrin Azərbaycan üçün təsiri o qədər də ciddi olaraq qəbul edilməməlidir. Bütün bunlara rəğmən Azərbaycan ehtimal edilən bütün arzuolunmaz hadisələrə cavab verməyə hazır görünür və hesab edirəm ki, regionun lider dövləti kimi, Azərbaycan bu istiqamətdə yürütdüyü siyasəti genişləndirir və istər ABŞ prezidenti olsun, istərsə də Rusiya prezidenti Vladimir Putin olsun, bu siyasət ətrafında öz siyasətlərini qurmağa çalışdıqlarını görürük və hesab edirəm ki, bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü bu siyasətin nəticəsidir.
Gundelik.az

