AZCON Holdinq şirkətlərindən olan Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) və Dünya Məktəbi arasında ölkədə kosmik təhsil və innovasiya ekosisteminin inkişafına yönəlmiş əməkdaşlıq müqaviləsi imzalanıb.
Gundelik.az xəbər verir ki, müqavilə çərçivəsində tərəflər Dünya Məktəbinin şagirdləri arasında kosmik texnologiyalar, mühəndislik, innovasiya və tətbiqi elmlərə marağın artırılmasına yönəlmiş strateji təşəbbüsləri birgə həyata keçirəcəklər.
Bu əməkdaşlıq çərçivəsində reallaşdırılacaq “Dünya Məktəbi” peyk layihəsi proqramı şagirdlərə real kosmik missiya təcrübəsi qazandıraraq onların nəzəri biliklərini praktiki bacarıqlarla birləşdirməyi hədəfləyir.
Layihə iştirakçıları beynəlxalq standartlara uyğun “IoT” (Internet of Things – Əşyaların interneti) tipli “PocketQube 1P” formatında piko-peykin hazırlanması, test edilməsi prosesslərində birbaşa iştirak edəcəklər.
Layihənin icrası Azərkosmosun nəzdində fəaliyyət göstərən KOSMİK Akademiya tərəfindən təmin ediləcək. Beynəlxalq texniki tərəfdaş qismində isə Braziliyanın qabaqcıl kosmik təhsil və texnologiya şirkəti “IDEIA Space” cəlb ediləcək. Proqram təcrübə ilə öyrənmə (“learning by doing”) modeli əsasında qurulacaq və şagirdlərə kosmik mühəndisliyin əsas mərhələlərini real mühitdə mənimsəməyə imkan yaradacaq.
Layihə ümumilikdə 24 ay davam edəcək. İlk 12 ay tədris, dizayn, inteqrasiya və peykin hazırlanmasına, növbəti 12 ay isə orbitdən əldə ediləcək məlumatların qəbulu, təhlili və tətbiqinə həsr olunacaq.

