XVIII əsrin sonlarında 1784-cü ildə Azərbaycanın dilbər guşəsi olan Şuşa şəhərində, bəy ailəsində bir oğlan uşağı dünyaya göz açdı. Adını Qasım qoydular.
Ailə mənşəyi və nəsli etibarı ilə bu oğlan Şuşa şəhərinin binasını qoyan Pənah xanın doğma qardaşı Hüseynəli ağanın nəticəsi idi. İllər bir-birini əvəzlədikdən sonra bu oğlan dövrünün ən məşhur şairlərindən biri olacaqdı… Qasım bəy Zakir görkəmli şair, maarifçi, Azərbaycan ədəbiyyatında ictimai satiranın banisi, aşıq poeziyasının varisi və davamçısıdır. XIX əsr Azərbaycan realist poeziyasının görkəmli yaradıcılarından olan Qasım bəy Zakir aşiqanə – lirik şeirləri, dövrünün ictimai eyiblərini ifşa və tənqid edən əsərləri ilə ümumxalq şöhrəti qazanmışdır. Azərbaycan klassik ədəbiyyatının qabaqcıl ənənələrinin layiqli davamçısı olan şair, onun məzmununu xeyli zənginləşdirmiş, haqsızlığı, ictimai bərabərsizliyi, istismarçı siniflərin yaramaz əxlaqını, yadelli işğalçıların özbaşınalığını ifşa edərək, qiymətli əsərlər yaratmışdır. Q. Zakirin ədəbi irsi Azərbaycan ədəbiyyatı xəzinəsinə, onun realist qolunun inkişafı tarixinə yeni bir mərhələ açan hadisə kimi daxil olmuşdur.
Qasım bəy Zakir Azərbaycan bədii dilinin inkişafı sahəsində böyük xidməti olan sənətkarlardandır. Ədəbi – etik tariximizdə təlim – tərbiyə məsələlərinin bədii həlli həmişə tutumlu olmuşdur. Söz – sənət ustalarımız xalq yaradıcılığından, Şərq ədəbiyyatının , müdrikliyinin tükənməz çeşməsindən bəhrələnmiş, hər biri öz yaradıcılıq üslubuna, bədii zövq və amalına müvafiq təlim – tərbiyəyə, əxlaqi təmizliyə dair qiymətli fikirlər söyləmiş, insanpərvərlik və dostluq ideyalarını tərənnüm etmiş, zülmü və haqsızlığı, ətalət və cəhaləti pisləmişlər. Onların əsərlərində insanın şərəfinə, izzət və ləyaqətinə hörmət, insana həqiqi qayğı xüsusi məhəbbətlə təsvir olunmuşdur.
Bəli, Azərbaycan ədəbiyyatında satiranın kökləri dərinlərə gedib çıxır. Lakin ictimai satiranın yaranmasında Q. Zakirin müstəsna rolu olmuşdur.
Təcrübə və müşahidə göstərir ki, Qasım bəy Zakir yaradıcılığının ideya – bədii orijinallığını, estetik dəyərini dərindən mənimsətməkdə, onun irsinin ölməzliyinin sirrini açmaqda şairin əsərlərindəki folklorizmdən başlamaq daha faydalı olur.
Qasım bəy Zakir Azərbaycan mədəniyyətində və ictimai həyatında dərin izlər qoymuş, sənət və ədəbiyyat aləmində Azərbaycanın klassik ənənələrindən bəhrələnmiş, bunları öz poeziyasında uğurla davam etdirmişdir. XIX əsr realist Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan Q. Zakirin ədəbi irsi xalqımızın mədəniyyət xəzinəsinə daxil olmuşdur.
Kuyindi Zakirin Darüssəlamı,
Heç kimsənin yoxdu belə məqamı.
Kakilin hədisi, zülfün kəlamı
Şərhi – Mütəvvəldi kitab içində.
Qasım bəy Zakirin yaradıcılığı özündən əvvəlki Azərbaycan ədəbiyyatının qanuni inkişafıdır. Ağlın, zəkanın təntənəsinə inam Zakir poeziyasının mayasını təşkil edir.
Tənqidi satirik şeirlər, təmsillər, qoşmalar, qəzəllər, həzin, səmimi lirika, təbiət gözəlliklərınin və insanın könül dünyasının bəzən real, bəzən isə romantik, təsirli poetik vasitələrlə təsviri onun yaradıcılığının başlıca keyfiyyətləridir.
Ol keçən dəmləri hanı Zakirin,
İtkin olub adı-sanı Zakirin,
Qürbətdə çıxacaq canı Zakirin,
Yoxdu xeyirxahı o yar yanında
Bəli, Azərbaycanın görkəmli satirik şairi Qasım bəy Zakir tənqidi realizmin təməl daşını qoyanlardan biri, dövrünün qabaqcıl fikir və meyllərinin ifadəçisi olmuşdur.
Zakirin gənclik illəri siyasi hadisələrlə dolu mürəkkəb bir dövrə təsadüf edir. Azərbaycan xanlıqları üstündə gedən siyasi çəkişmələr, qanlı müharibələr, Ağa Məhəmməd şah Qacar qoşunlarının Qarabağa hücumu, Şuşanın işğalı, Qarabağ zadəganlarına şiddətli divan tutulması kimi hadisələr bu dövrdə vaqe olmuşdur ki, bütün bunlar şairin dünyagörüşünə mənfi təsir göstərib. Zakir Şuşada ruhani məktəbində farsca təhsil alıb və fars dilini mükəmməl bildiyi üçün Firdovsi, Xəyyam, Xaqani, Nizami, Sədi, Cəlaləddin Rumi kimi böyük klassiklərin əsərləri ilə tanış ola bilib. Azərbaycan klassiklərindən Füzuli və Vaqifin şeirləri ilə dərindən tanış olub və öz yaradıcılığında bu şairlərdən daha çox istifadə edib.
Zakirəm, kuyində eylərəm fəryad,
Məgər eşitməzsən, ey sərvi – azad?
Bidar eylər idi çalanda Fərhad
Şirini yuxudan, tişə sədası
Zakirin zəngin bədii irsi müxtəlif mövzularda və formalarda yazılan şeirlərdən ibarətdir. Burada xalq aşıq şeiri şəklində olan qoşma, təcnis, gəraylı, müxəmməs, müsəddəs, müstəzad, tərcibənd, tərkibbənd və müasir mövzularda yazılan satira, təmsil, mənzum hekayə, mənzum məktub və sair parçalara rast gəlmək
mümkündür.
Zakirin bədii irsi içərisində satiraları, təmsil və mənzum hekayələri daha böyük əhəmiyyətə malikdir. Onu öz dövrünün realist şairi kimi tanıdan və ədəbiyyat tariximizdə ona daha şərəfli mövqe qazandıran satiralarıdır. Zakirin satiralarında rüşvətxor çar hakimləri, fitnəkar bəylər, savadsız, elmsiz həkimlər, baqqal və tacirlərin tənqid olunduğunu aydın görmək mümkündür.
Vaiz bizə oxur şəri – Mustafa.
Harama mürtəkib olmayın əsla,
Özü lüm – lüm udur, batində əmma,
Zahirdə dediyi mənaya bir bax.
Zakir Azərbycan dilini zənginləşdirmiş və incələşdirmişdir. Q. Zakirin leksikonunun əsasını və canını ümumxalq sözləri təşkil edir.Zakirin yaradıcılığında onun mənzum hekayə və təmsilləri də mühüm yer tutur. Nizami, Xaqani, Füzuli və başqa Azərbaycan klassikləri öz mənzum hekayələrinin çoxunu müasir həyatın tələblərinə uyğun olaraq yazmışlar. Klassiklərin mənzum hekayələrində müəyyən hadisələrin, real insan surətlərinin, qabaqcıl ideyaların təsvir və tərənnümü verilir.Onun müxtəlif mövzularda yazılan Məlikzadə və Şahsənəm Əmirzadə, məşuq və cavan aşiq Aşiqin təam bişirməyi Aşiq və məşuq haqqında Əxlaqsız qazı kimi mənzum hekayələri vardır. Zakirin mənzum hekayələrində məhəbbət insanın ülvi və nəcib hissi kimi təsvir olunur. Məhəbbətdə sədaqət, mətanət və dözümlülük, vəfada möhkəmlik bu hekayələrin bir qismində əsas məzmunu təşkil edir.
Eşqdir, seyr etdi Rəsuli – xaki
Bir ani – vahiddə doqquz əflaki.
Eşqdir, Məsihi – fəsih kəlam.
Ərşi – müəllani eylədi məqam.
Zakirin realist yaradıcılığında təmsillərinin əhəmiyyəti müstəsnadır. Zakir təmsillərini yazarkən birinci növbədə şifahi xalq yaradıcılığında geniş yayılan təmsillərdən və məşhur hind abidəsi "Kəlilə və Dimnə" əsərindən, həmçinin klassik poeziyadakı təmsillərdən, Nizami, Cəlaləddin Rumi, Füzuli-təmsillərindən də istifadə edib. Zakir təmsillərini yeni tarixi şəraitə, müasir həyatın tələblərinə uyğun olaraq yazmışdır. Bu əsərlərdə təbliğ olunan ideya şairin dövrü ilə həmahəng idi. O, bir tərəfdən dövrünün ictimai və siyasi hadisələrinə özünün eyhamları ilə işarələr edir, zülmün əleyhinə çıxır, o biri tərəfdən zəmanə gənclərinə vəfa, sədaqət, mərdlik və s kimi nəcib tərbiyəvi məsləhətlər verirdi.Qasım bəy Zakir ölməz əsərləri ilə ölümsüzlük zirvəsini fəth etdi. Azərbaycanın görkəmli satirik şairi Qasım bəy Zakir tənqidi realizmin təməl daşını qoyanlardan biri, dövrünün qabaqcıl fikir və meyillərinin ifadəçisi olmuşdur.
Böyük əgər deyə gündüzə gecə,
De ki, göydə ulduz səyrişir necə!
Nisbət verə gər gündüzə gecəni,
Söylə ki, yandırır afitab məni.
Cılız duyğulara, ötəri hisslərə biganə olub bədii obrazlar, maraqlı xarakterlər, təsirli dil vasitələri ilə ifadə olunmuş Zakir şeirləri insanı humanistliyə, qurub yaratmağa, xoşbəxt həyat uğrunda mübarizəyə çağıran, alovlu ehtiraslardan yoğrulmuş sənət nümunələridir.Q. Zakir əsərlərinin ideya dərinliyi və sənətkarlığı ilə Şərqin ən böyük ustadları Hafiz və Sədi ilə bir cərgədə duran sənətkardır. Q. Zakir və onun müasirləri olan A. Bakıxanov, İ. Qutqaşınlı və M. F. Axundovxalqın gözünü açmaq, onları maarifləndirmək üçün satiranı ədəbi janrların ən münasibi hesab edirdilər. Şairin əsərləri müstəqil ədəbi cərəyana çevrilən satirik şeirin vuran qəlbi və düşünən beyni olmuşdur. Q. Zakiri, Mirzə Şəfi Vazehi, Baba bəy Şakiri, Abbasqulu ağa Bakıxanovu, Mirzə Baxış Nadimi və başqa şairləri satira yazmağa təhrik edən amillər yaşadıqları ictimai mühitdə baş verən hərcmərclik, özbaşınalıq və qanunsuzluqlar idi. Bunların arasında Q. Zakir maarifçi satiranın banisi olması ilə fərqlənirdi. Şair xalqı cəhalətdə və zillətdə saxlayanların pozulmuş əməl və əxlaqına dözə bilmir, satiraları ilə onları ifşa və ittiham edirdi. Q. Zakirin realizmi qabaqcıl rus demokratik fikri ilə bərabər Qərbi Avropadakı mütərəqqi ideyaların güclü təsiri ilə fərqlənirdi. Şairin yaradıcılığı bir də ona görə seçilirdi ki, o, yazdığı realist əsərlərində Azərbaycan həyatının bir çox tipik xüsusiyyətlərini ümumiləşdirməyi bacarmış, eyni zamanda , satirik şeirlərin yeni nümunələrini – mənzum məktub, taziyanə, mənzum hekayə və təmsil janrlarını yaratmışdır.
Qarabağda nə day qaldı, nə dana.
Bu gün, sabah qaçar hərə bir yana;
Tənbih etmək ilə Xındırıstana,
Xub saldı nizama ölkəni qoçaq.
Böyük satirikin gülüşü yaşadığı mühitin qan damarlarına qədər təsir etmişdir. Bu gülüşdən heç kim, nə xalqı maarif ziyasından uzaq tutmağa çalışan bəy, xan, mülkədar, nə çar məmurları, nə ruhanilər, nə də xalqı soyub – talayan başqa tüfeyli fırıldaqçılar yaxalarını qurtara bilməmişlər. Q. Zakir avam kütlənin gözünü açmaq, onların savadlanmasına yardım etmək məqsədilə yorulmadan çalışmışdır. O, qələmini süngüyə çevirərək xalqı zülmət səltənətində saxlayan mürtəce qüvvələrə qarşı gülüşün bütün növlərindən – satira, istehza, kinayə, sarkazm və yumordan bacarıqla istifadə etmişdir. Elə buna görə özünün həyatı zillətdə keçmiş, düşmənlərinin sayı getdikcə çoxalmış, var – yoxu talan edilmiş, mülki zorla əlindən alınmış, oğlu və qardaşı oğlu şərə salınaraq tutulmuş, qardaşı oğlu öldürülöldürülərək həbsxananın divarları dibində quyulanmışdır.
Öləndə Zakiri – xəstə
Növcavanlar dəstə – dəstə
Gəlməsin qəbrimin üstə,
Deyin, cananədən ayrı
Q. Zakirin yaradıcılığı maarifçi satiranın inkişafında ayrıca mərhələ təşkil etmişdir. Şair öz əsərləri ilə cəmiyyətin sağlam yollarla inkişafına, xüsusilə maariflənməsinə və bu yolla cəhalətdən qurtularaq bəy, məmur özbaşınalığına qarşı çıxmalarına çalışmışdır. Onun bu istiqamətdə yazdığı satiralar, o cümlədən “Aslan, qurd və caqqal, ”Tülkü və qurd” təmsilləri, “Dərviş və fəqir” mənzum hekayəsi və başqa yazıları 1988 – ci ildə Tiflisdə nəşr edilən “Ana dili” dərsliyinə salınmışdır.
Şair xalqın nicatını yalnız maariflənməkdə görmüşdür. İctimai haqsızlıqlara qarşı amansız və mübariz olmaq ruhu şairin maarifçi realist və satirik şeirlərinin diqqəti cəlb edən xüsusiyyətlərindəndir.Satirikin əsasən, ifşaçı ruhda olan realizmi, kəskin satirası, yaradıcılığında xalq həyatına yaxınlıq, feodal təhkimçi mühitdə kütlənin
elmdən uzaq tutulmasına qarşı çıxması, yaşadığı mühitdəki nöqsanlara dərin istehzalı münasibət onu müasirlərindən fərqləndirirdi. Görkəmli satirikin xalq qarşısındakı xidmətlərindən biri də odur ki, O, M. P. Vaqifdən sonra Azərbaycan dilini daha yüksək pilləyə qaldırmağa çalışan ən böyük sənətkarlardan biri olmuşdur. O, dil məsələlərinə yaradıcı sənətkar kimi yanaşmış, şeirin, sənətin xalqa xidmətini daim nəzərə almışdır. Q. Zakir əsərlərini geniş xalq kütlələrinin başa düşdüyü bədii dildə yazmışdır. Məhz buna görə M. F. Axundov, F. Köçərli, Ə. Haqverdiyev, A. Şaiq və başqaları azərbaycan dilinin incəliyindən, gözəlliyindən danışarkən Q. Zakirin adını dönə – dönə çəkmişlər. Ədəbiyyat tariximizdə görkəmli şair, maarifçi, Azərbaycan ədəbiyyatında ictimai satiranın banisi, aşıq poeziyasının varisi və davamçısı kimi səciyyələndirilən Zakir Molla Pənah Vaqif ənənələrini davam və inkişaf etdirmişdir.
Qorxuram ki, səg rəqiblər kəmalə,
Gecə – gündüz fikrim budur kəmalə,
Bəd əsillər çətin yetər kəmalə,
Əgərçi oxuya üzilən məni
Zakirin ”Durnalar” şeiri onun ictimai motivli qoşmalarındandır. Bakıda sürgündə olarkən yazılmış bu şeirin mövzusu şifahi xalq ədəbiyyatında geniş yayılmışdır. Belə ki, folklorda durnalar qəribliyin, kövrəklik və gözəlliyin timsalı, simvolu kimi alınmış, vəsf olunmuşdur. Zakirin “Durnalar” şeiri sələflərinin şeirlərindən siyasi məzmunu ilə seçilir. Bu qoşmada həzin bir kədər, kövrək duyğular canlı, şirin və yığcam dillə təsvir olunmuş, dövrün zülmü, ictimai haqsızlıq çox incə və sadə şəkildə qələmə alınmışdır. Qasım bəy Zakir yeganə şair idi ki, , ilk dəfə Azərbaycan poeziyasında tipik portretlər silsiləsi yaratmışdır.
Zakirəm, od tutub alışıb ciyər,
Var isə canandan sizdə bir xəbər,
Təğafül etməyin allahı sevər,
Dönməsin bağrınız daşa, durnalar!
Şeirdəndə göründüyü kimi ana dili hər bir sənətkarın əlində fikrini və hissini dolğun, düzgün əks etdirmək üçün əsas silahdır. Q. Zakir bu silaha yiyələnmiş, Vaqifdən sonra Azərbaycan bədii dilini daha da zənginləşdirmiş və incələşdirmişdir.
Bəli, şairin fikrincə bədii söz elə deyilməlidir ki, orada sözün mənası da dərinləşməlidir. Qasım bəy Zakir belə bir bacarığa malik idi. Q.Zakirin sadə Azərbaycan dilində yazdığı əsərlərinin M. F.Axundovun heyrətinə səbəb olması təsadüfü deyildir. O, görürdü ki, Vaqifdən sonra şeirdə, sənətdə xalqa doğru meyilin ən gözəl nümunəsi isə Azərbaycan xalq dilinin şeirdə, sənətdə üstün mövqe tutması idi. Açıq və aydın dildə” yazıb – yaradan Q. Zakirin leksikonunun əsasını və canını ümumxalq sözləri təşkil edir. Qasım bəy Zakir Azərbaycan dilinin ən gözəl xüsusiyyətlərdən, incəliklərdən məharətlə istifadə etmiş, dildə olan məsələlərdən, ayrı – ayrı sözlərin xalq dilində işlədilən məna çalarlarından bol, həm də yerli – yerində işlətmişdir. Bütün bunlar şairin fikrini zənginləşdirmiş, sözün təsir qüvvəsini artırmış, həm də onu obrazlı, təbii və sadə etmişdir. Q. Zakir XIX əsr realist ədəbiyyatımızın inkişafına müsbət təsir göstərən və ona istiqamət verən maarifçi ziyalılardan olmuşdur. Şair öz yaradıcılığı ilə Azərbaycan ədəbiyyatını mövzu, fikir, ideya cəhətdən zənginləşdirdiyi kimi, janr etibarilə də onu inkişaf etdirmişdir. O, Azərbaycan dilinin bir çox gözəlliklərini şeirə, sənətə gətirmişdir.
Zakirəm, sızlaram misli-əndəlib,
Tapmayıb dərdimi, çəkildi təbib.
Bəxtəvər başına sənin, ey rəqib,
Xeyir sənə qismət oldu, şər mənə!
M. F. Axundovdan sonra realist – demokrat ədəbiyyatımızın görkəmli nümayəndələri də yeri gəldikcə Q. Zakir sənətinə müraciət etmişlər. Q. Zakir bir sənətkar kimi özündən sonrakı realist şeirimizin inkişafına müsbət təsir etmişdir.
Bu təsir S. Ə. Şirvani və eləcə də M. Ə. Sabir yaradıcılığında özünü göstərmişdir. XIX əsr realist Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan Q. Zakirin ədəbi irsi xalqımızın mədəniyyət xəzinəsinə daxil olmuşdur. Onun yaradıcılığı orta və ali məktəb proqramlarında, dərsliklərdə, müntəxabatlarda geniş yer tutmuşdur. Böyük şair, görkəmli satirik Qasım bəy Zakirin maarifçilik fəaliyyəti, sonralar onun xələfləri, o cümlədən dostu M. F. Axundov tərəfindən davam və inkişaf etdirilmişdir. Həmin tarixi şəxsiyyətlərin , görkəmli ziyalıların elm, təhsil, maarifin inkişafı, dilimizin saflığı uğrunda apardıqları mübarizələrin məntiqi nəticəsidir ki, hazırda bu sahədə böyük irəliləyişlərin, inkişafın şahidi oluruq.Q. Zakirin şeirinin uzun ömürlülüyünü həmişə onların məzmun və ifadə gözəlliyi ilə, forma və dil gözəlliyi ilə bağlamışlar. Zakirin şeirlərinə öz həqiqi qiymətini xalq vermişdir. Y. V. Çəmənzəminli, N. Nərimanov, S. Mumtaz, F. Qasımzadə, H. Səmədzadə, Ə. Sədzadə, H. Araslı, S. Vurğun, Ə. Mirəhmədov, K. Məmmədov, M. İbrahimov, S. Rüstəmov, Ə. Cəfərzadə, M. Mustafayev və başqaları Zakirin ədəbiyyatımızdakı mövqeyi, həyatı, realist ədəbiyyatın yaranması və inkişafında rolu, ictimai satiranın formalaşması uğrunda fəaliyyəti, onun sənətkarlıq qüdrəti haqında bir sıra dəyərli əsərlər yazmışlar.
Zakir, həzər eylə, bu çərxi-fani
Yola salmış Vamiq lə Sənani;
Fərhadü Məcnunun keçib dövrani,
Sənsən qalan ancaq mərdanələrdən.
Zakirin özünəməxsus üslubundan danışan tədqiqatçılar göstərirlər ki, onun hər hansı bir mübahisəli şeirini müasirlərinin və ya ümumiyyətlə, naməlum şairlərin əsərləri ilə müqayisə etdikdə həm bədii keyfiyyəti, həm də dili, ifadə tərzi etibarı ilə onlardan seçilir. Azərbaycan ədəbiyyatının bu görkəmli nümayəndəsi XIX əsrin birinci yarısında bir tərəfdən M. Füzuli və M. P. Vaqif ədəbi ənənələrini davam etdirərək qoşma, təcnis, gəraylı, qəzəl, müxəmməs, tərcibənd və tərkibbəndləri ilə şeirimizi mövzu və ideya cəhətdən zənginləşdirmiş, digər tərəfdən isə təmsilləri, satirik şeirləri və mənzum məktubları ilə tənqidi realizmin əsasını qoymuşdur.
Nə qədər ki, gəlir təndə nəfəsim,
Bülbüli-şeyda tək kəsilməz səsim;
Mənim səndən özgə yoxdur bir kəsim,
Yüz kimin-kimsənən o ki var, sənin.
Ədəbiyyat tariximizə həm lirik, həm də satirik şair kimi daxil olan Q. Zakir qanunsuzluğun, hərc-mərcliyin gündən-günə artdığını, məmurların özbaşınalığını, kəndlilərə edilən dözülməz zülmü təsvir etmişdir. Q. Zakirin yaradıcılığının birinci mərhələsini onun lirik şeirləri təşkil edir. Şairin aşıq şeiri səpgisində yazdığı əsərlərində şifahi xalq yaradıcılığının və M. P. Vaqifin böyük təsiri vardır.
Təsadüfü deyildir ki, şairin heca vəznində yazdığı şeirlər içərisində qoşmaları fəxri yer tutur. Məzmun və formasına, yüksək bədii dili və orijinallığına görə seçilən bu qoşmaların əksəriyyətində sevgi və vüsal həsrəti ilə çırpınan aşiqin daxili aləmi, mənəviyyatı bütün zənginliyi ilə verilmişdir.
Badi – səba, söylə mənim yarıma,
Gözəllər çıxıbdır seyranə, gəlsin!
Təğafül etməsin, işrət çağıdır,
İçilir hər yerdə peymanə, gəlsin!
Q. Zakirin gəraylıları da bədiiliyinə görə qaşmalarından geri qalmır. İstisnasız olaraq bu sənət incilərinin hamısında bir nikbin və dünyəvi ruh hakimdir:
Ölsəm qoyun, sizi tarı,
Yönümü dilbərə sarı.
Özüm öz əlimlə yarı
Bu gün əğyarə tapşırdım.
Yaxud:
Hər kimsə ki, aşiq ola,
Mənim kimi həsrət ölə.
Bir əlini qoyun çölə,
Tanısınlar məzarından.
Ümumiyyətlə, Zakirin yaradıcılığı üçün xas olan həyat sevgisi, dünyəvi nemətlərin tərənnümü, nikbin əhvali – ruhiyyə onun bütün lirik şeirlərinin ana xəttini təşkil edir. Q.Zakirin zəngin ədəbi irsi içərisində Azərbaycan qadınlarının həyatı, dünyagörüşü, daxili aləmi və məhəbbətini özündə əks etdirən şeirlər xüsusi yer tutur. Şair qadının daxili gözəlliyi ilə yanaşı, zahiri gözəlliyini də qiymətləndirmişdir.
Q.Zakir qadını “başıaşağı”, “həyalı,”aşiqinə mehriban,qeyrilərinə biganə”, mərifətdə kamil, qədirbilən, sözü doğru, müdrik, aqil, əhli – hal, məkrü al bilməyən görmək istəyirdi.
Yadlar ilə danışmaya, gülməyə,
Namünasib yerə gedib-gəlməyə,
Hər sözü şəninə layiq bilməyə,
Namusu qeyrəti, arı gərəkdir.
Q.Zakirin əsərləri içərisində dini fanatizm, cəhalət və şəriət ehkamları əleyhinə yazılmış şeirlər mühüm yer tutur. Q.Zakirin bədii irsi içərisində onun epik əsərləri, xüsusən satiraları bizim üçün daha qiymətlidir. Şair satirik şeirlərində çar hökumətinin eyiblərini, dövlət məmurlarının rüşvətxorluğunu, idarələrdəki qanunsuzluqları, ümumiyyətlə, çar üsuli- idarəsini kəskin ifşa edir:
Gün kimi tutub aləmi bu şöhrəti-bica,
Divan əməltacına yox ədldə həmta.
Yüz təşnələbi-qəhr olasan, xadimi dövlət
Verməz bir içim su sana ta almaya dərya.
Bu, elə bir dövr idi ki, “hər əlifba oxuyan adını ruhani qoymuşdu”,”Bir içim çay iləm yüz şahidi – bidin tapılır”dı, ”pişik şirə qorxu gəlir, quzu canavara həmlə edirdi”. Ölkədəki haqsızlığın, oğurluğun, quldurluğun, qətl-qarətin, hər cür özbaşınalığın əsas səbəbkarı yerli bəylər, xanlar, naiblər deyil ikibaşlı cəllad – çardır:
Nəçidir məmləkəti çala, çapa dana – doluq,
Əhli – divan ona hərgah desə kim, dincəl.
Hökumət başçılarına qarşı belə şiddətli etirazlarla çıxış edən Zakir hakim dairələrdəki süründürməçiliyin, ədalətsiz hökmlərin, qazıların rüşvətxorluğunun, məhkəmələrdə hökm sürən yalançı şahidliyin, zülm və zorakılığın daxili səbəblərini cəsarətlə açırdı. Bəzən o, bədbinliyə qapılaraq:
Dərd çox, bar giran, qövrə yetən yox, ya rəb,
Bizlərə səbr əta eylə və yainki əcəl.
deyirdisə, bu hisslərdən tez yaxa qurtarmağı da bacarırdı. Xalqı zalım hakimlərəqarşı çıxmağa, ədalətli qanun qaydalar uğrunda mübarizə aparmağa səsləyirdi.
Q. Zakir sələflərindən öyrənərək ölməz sənət nümunələri yaratdığı kimi, xələflərinə də çox böyük poetik təsir göstərmişdir.
Həddən aşıb büxlü həsəd, şərarət,
Yoldaş – yoldaşına eylər xəyanət,
Alimdə əməl yox, bəydə ədalət…
Deyən Q. Zakir ədəbiyyat tarixində böyük xalq şairi kimi daxil olmuş, mövzu və məzmunun tələbinə uyğun bədii təsvir vasitələri işlətmiş, beləliklə də, şeirini xəlqiliyinə səmimiyyət gətirmiş, realizmini dərinləşdirmişdir. S. Ə. Şirvani Zakirin on dörd qəzəlini, bir satirasını təzkirəsinə salmış, bir sıra qəzəlinə nəzirə yazmış, satiralarından bəhrələnmişdir. Bundan başqa X. Natəvan, P. Abdulla Zakirin şeirlərinə nəzirələr yazmışlar.
1Q. Zakirin “Tərlanlar və elçilər”, “Dəvəsi itən kəs” adlı hekayələri əxlaqi – tərbiyəvi məsələlərə həsr edilmişdir. Birinci hekayədə Yəmən və Herat hökmdarının şəxsində fikirləşmədən, məsləhət etmədən əmr verən dövlət başçılarına, yaşadığı dövrün hakim dairələrinə işarə edilir.
Çox nəf hasildir bu hekayətdən,
Guş edən ayılır xabi – qəflətdən
Təhəmmül etməsə padşah əgər,
Peşimanlıq əlin dizinə dögər.
İkinci hekayədə isə səbir və təvəkkül kimi fəlsəfi müddəalar,yersiz gülmək, heç bir səbəb olmadan şadlanmaq kimi fikirlər irəli sürülür. Bu hekayədə şairin gəldiyi qənaət belədir:
Hünərin əvvəli səbrü təhəmmül,
Taətin ovlası təkiyyə təvəkkül.
Tosənin bədəsli oynar, dingildər,
Yeriməz, yüyürməz, ziyadə kişnər.
Bütün bunlar Q, Zakirin Azərbaycan ədəbiyyatı tarixində mənzum hekayə və təmsilin inkişaf etdirilməsi sahəsindəki gözəl və məhsuldar yaradıcı əməyini çox gözəl səciyyələndirir. Cəsarətlə demək olar ki, Zakirin bu mənzum hekayələri ədəbiyyatımızda daha sonralar yaranmış bir çox mənzumələrin meydana çıxması üçün bədii zəmin təşkil etmişdir.Q. Zakir, xalqın əsrlər boyu yaratdığı zəngin və tükənməz söz xəzinəsindən çox ustalıqla istifadə etmişdir. Şifahi xalq motivləri, canlı danışıqdan gələn söz və ifadələr şairin əsərlərinin canına və qanına hopmuşdur. Bunu onun qoşma, gəraylı, təcnis və bayatılarında , qəzəl, müxəmməs, müstəzad, tərkibbənd və tərcibəndlərində, mənzum məktublarında, satira, təmsil və mənzum hekayələrində işlətdiyi bədii təsvir və tərsim vasitələrində görürük.
Şübhəsiz, Zakir sözə hakim olan qüdrətli sənətkar idi.Yaradıcılığının bu xüsusiyyətlərinə görədir ki, o özündən sonra gələn Azərbaycan şairlərinin bir
çoxuna dərin poetik təsir göstərmişdir.
Ey Nəbiyyi-Mürsəl, ey kani-kərəm,
Zakirəm, şəfaət səndən istərəm.
Bir əməlim yoxdur, onda neylərəm
Deyələr tuşeyi-səfərdir mənə
İctimai varlığı bütün eyibləri ilə açıb göstərmək, həqiqəti sənət dili ilə söyləmək üçün şairin müxtəlif ədəbi yollar, vasitələr axtarmasının özü də diqqəti cəlb edən cəhətdir. Həqiqəti örtülü şəkildə, hadisə və əhvalatları başqa dövrə və yerə köçürmək yolu və ya təmsil, nağıl, rəvayət vasitəsilə söyləmək onun faydalandığı bədii üsullardan idi.Satirik şair həyata, əxlaqa, insanlar arasındakı münasibətə fəal müdaxilə vasitəsi olan gülüşün, istehzanın islahedici qüvvəsinə inanırdı. O öz müsbət fikirlərinin həyata keçməsində istehzanı fəal bir vasitə kimi qiymətləndirirdi. Zakir zəhmətkeş kütlələrin arzularına uyğun iş görür, onun kədər və qəmini də, şadlığını da özününkü hesab edirdi. Zakir şeirə, sənətə də yüksək meyarla yanaşır, şairlik sənətini çox uca tuturdu.
Məsəli-məşhurdur eldə, obada,
Sən özün də eşidibsən ziyada;
Mərd ətəyin tutan yetər murada,
Namərdə başını endirmə, Mirza!
Zakirin realist yaradıcılığında təmsillərinin əhəmiyyəti müstəsnadır. Onun nəşr olunmuş Əsərləritndə: Aslan, Qurd və Çaqqalt, Dəvə və Eşşək, Tülkü və Qurd , Xain yoldaşlar haqqında (an, Dəvə, Tısbağa), Tülkü və Şir Sədaqətli dostlar haqqında (Tısbağa, Qarğa, Kəsəyən, Ahu) adları ilə altı təmsili çap olunmuşdur. Zakir təmsillərini yeni tarixi şəraitə, müasir həyatın tələblərinə uyğun olaraq yazmışdır. Bu əsərlərdə təbliğ olunan ideya şairin dövrü ilə həmahəng idi. O, bir tərəfdən dövrünün ictimai və siyasi hadisələrinə özünün eyhamları ilə işarələr edir, zülmün əleyhinə çıxır, o biri tərəfdən zəmanə gənclərinə vəfa, sədaqət, mərdlik və s. kimi nəcib tərbiyəvi məsləhətlər verirdi. Zakirin realist yaradıcılığında təmsillərinin əhəmiyyəti müstəsnadır. Onun nəşr olunmuş Əsərlərində: Aslan, Qurd və Çaqqal Dəvə və Eşşək Tülkü və Qurd, Xain yoldaşlar haqqında (İlan, Dəvə, Tısbağa), Tülkü və Şir Sədaqətli dostlar haqqında (Tısbağa, Qarğa, Kəsəyən, Ahu) adları ilə altı təmsili çap olunmuşdur.
Zakir təmsillərini yazarkən birinci növbədə şifahi xalq yaradıcılığında geniş yayılan təmsillərdən və məşhur hind abidəsi Kəlilə və Dimn əsərindən, həmçinin klassik poeziyadakı təmsillərdən, Nizami, Cəlaləddin Rumi, Füzuli təmsillərindən də istifadə etmişdir.
Zakirin əxlaqi tərbiyəvi xarakter daşıyan təmsilləri sırasında “Dəvə və eşşək”,”Tülkü və qurd”,”Xain yoldaşlar haqqında” adlı əsərlərini göstərmək olar.
Zakir təmsillərində xalqın canlı danışıq dilindən, xalq ədəbiyyatından geniş istifadə etmişdir: ”Quyruğun basdın ilanın”, ”Kiçikdən xəta, böyükdən əta”, ”Əvvəl suyu yoxla, sonra soyun”, ”Bir paydan bir kişi doyar, gər bölünə, ikisində ac qoyar”, ”Yaxşı gündə mənəm – mənəm deyənlər”,”Ovu göydə alıb, göydə yeyənlər”, “Güclüyə nə duz, nə çörək”, “Heç adətdə yoxdur elçiyə zaval”,”El namusu elə düşər”, “Kürəyə düşməyən olmaz yumşaq”, ”Hər meşəyə güman aparma, boşdur” və s. Sədaqətli dostlar haqqında təmsili ictimai məzmunu etibarilə daha səciyyəvidir. Təmsilin iştirakçıları tısbağa, kəsəyən, ahu və qarğadır. Tora düşmüş ahunu azad etməkdən ötrü dostlar birlikdə işə girişib öz məqsədlərinə nail olurlar.
Q. Zakirin təmsillərindən bir qismi daha çox əxlaqi – tərbiyəvi xarakter daşıyır.(Dəvə və eşşək”,”Tülkü və qurd”,”İlan, dəvə,tısbağa”). Təmsillərdə yoldaşlıqda vəfalı olmaq, ağıllı nəsihətlərə əməl etmək, zəhmətlə dolanmaq kimi gözəl insani xasiyyətlər təbliğ olunur, murdar xasiyyətlər: yaltaqlıq, yalançılıq, xəyanət, hiylə və sairə tənqid atəşinə tutulur. Q. Zakir xalq şeirinin qoşma, təcnis, gəraylı, bayatı formasında şeirlər yazdığı kimi, klassik şeirin qəzəl, müxəmməs, müstəzad, tərcibənd, tərkibbənd formalarında da şeirlər yaratmışdır. Q. Zakir Klassik şərq ədəbiyyatına , elmə, əfsanələrə, dini rəvayətlərə, musiqiyə dərindən bələd sənətkardır.“Rast”,”Müxalif”,”Əşiran”,”Şahnaz”,”Dügah”,”Segah”,”Aranı”,”Azərbaycan”,”Hicaz”, “Nişaburi”,”İraq” kimi muğam və muğam şöbələrinin adları şeirdə çəkilir ki, şair onlardan həqiqi və məcazi mənalarda ustalıqla istifadə etmişdir. Q. Zakirin şeirləri real varlığı əks etdirən güzgü timsalında olduğu kimi, sənətə münasibətdə də fikirləri aydındır. Satirik şair həyata, əxlaqa, insanlar arasındakı münasibətə fəal müdaxilə vasitəsi olan gülüşün, istehzanın islahedici qüvvəsinə inanırdı. O öz müsbət fikirlərinin həyata keçməsində istehzanı fəal bir vasitə kimi qiymətləndirirdi. Zakir zəhmətkeş kütlələrin arzularına uyğun iş görür, onun kədər və qəmini də, şadlığınıda özününkü hesab edirdi. Zakir şeirə, sənətə də yüksək meyarla yanaşır, şairlik sənətini çox uca tuturdu.
Nə qədər ki, gəlir təndə nəfəsim,
Bülbüli-şeyda tək kəsilməz səsim;
Mənim səndən özgə yoxdur bir kəsim,
Yüz kimim – kimsənən o kivar, sənin.
Azərbaycan ədəbiyyatında satiranın kökləri dərinlərə gedib çıxır. Lakin ictimai satiranın yaranmasında Q. Zakirin müstəsna rolu olmuşdur.
Təcrübə və müşahidə göstərir ki, Qasım bəy Zakir yaradıcılığının ideya – bədii orijinallığını, estetik dəyərini dərindən mənimsətməkdə, onun irsinin ölməzliyinin sirrini açmaqda şairin əsərlərindəki folklorizmdən başlamaq daha faydalı olur, effektli nəticələr verir. Ədəbiyyat tariximizdə görkəmli şair, maarifçi, Azərbaycan ədəbiyyatında ictimai satiranın banisi, aşıq poeziyasının varisi və davamçısı kimi səciyyələndirilən Zakir Molla Pənah Vaqif ənənələrini davam və inkişaf etdirmişdir.
Zakir Azərbaycan klassik şeiri ilə yanaşı , aşıq poeziyasına da yaxşı bələd olmuş, folkloru bilmiş, yaradıcılıqla xalq ədəbiyyatından bəhrələnmişdir. “Durnalar” şeirinin mövzusu folklordan alınmış, folklora məxsus ifadələrddən istifadə olunmuşdur.
Zakir mənzum hekayələrində çox ustalıqla atalar sözü və məsəl işlədir, böyük bir mətləbi yığcam sətirlərdə ümumiləşdirir: ”El ağzını tutmaq olmaz, – məsəldi, Pərdəni götürmək yaman əməldi” (Həyasız dərviş və ismətli qadın); ”Əvvəl imtahandır, sonra fərmayiş, yerinə qayıtma ta ki, düşdü diş”, ”At hünəri ummaq olmaz eşşəkdən. Ov aparmaq bəiddir köpəkdən”(“Tərlanlar və elçiləri”) və s.
Bəli, Q. Zakir tənqidi realizmin görkəmli nümayəndələrindəndir. O, klassik şeiri, Vaqif ənənələrini inkişaf etdirən, Azərbaycan bədii dilini yüksək pilləyə qaldırmağa çalışan sənətkarlardandır.Kökü real həyata bağlı olan satira mövzusu Q. Zakirin mübariz qələmi ilə daha yüksək mərhələyə qaldırıldı və mühitin eybəcərlikləri bu parlaq güzgüdə əks etdirildi. Zakirin satirası əsarət, avamlıq və zülmü kəskin tənqid və ifşa etməkdə indi də öz əhəmiyyətini itirməmişdir. Sanki dövr bu ölməz sənətkarı ictimai çirkinlikləri ifşa etmək üçün yaratmışdı.Klassik ədəbiyyatımızın layiqli varisi Zakirin əsərləri ideya dərinliyi, məzmunu, forması, sənətkarlığı ilə yaşadığı cəmiyyətin bədii mədəniyyətində keyfiyyət sıçrayışı idi.
Bu sıçrayış klassik irsin bədii yaradıcılığı, cəmiyyətin mədəni həyatının yüksəlişi, ictimai yaraların dərinləşməsi, ziddiyyətlərin daha da kəskinləşməsi və şairin öz subyektiv hiss, arzu, amalı hesabına yaranmışdı. Bütün bunlar zəngin, rəngarəng bədii formalar, mövzular, obrazlar törətməyə bilməzdi.
Görkəmli şair, mütəfəkkir Q. Zakirin adı və yaradıcılığı Azərbaycan mədəniyyəti tarixində fəxri yer tutur. Böyük , parlaq istedada, vətəndaşlıq ehtirasına malik sənətkar xalq poeziyasının öz diqqətəlayiq sələflərinin ən yaxşı ənənələrini əxz edərək,Azərbaycan ədəbiyyatını zənginləşdirmiş və inkişaf etdirmiş, xalqına xidmət göstərmişdir. Xalq da öz şanlı oğluna və şairinə layiqincə ehtiram göstərmişdir. Q. Zakir öz vətəndaşlıq ehtirasının , öz istedadının qüvvəsi ilə kəskin, ifşaedici, satirik əsərlərində çarizm istibdadına qarşı çıxış edir, zülmün səbəbkarlarının, xalqın istirmarçılarının konkret adlarını çəkirdi. İrtica qüvvələri bunu şairə bağışlaya bilmədilər, ona qarşı əlbir oldular. Lakin təqib edilən Zakir əyilmir, öz qələmi ilə xalqına xidmət göstərməkdə davam edir, şərə və zorakılığa qarşı mübarizə aparır, onları ifşa edirdi. O, xalq yaradıcılığının klassik janrlarında işləyərək, xeyirxahlığı və ədaləti, gözəlliyi və məhəbbəti tərənnüm edərək, bununla da xalqın dəruni hisslərini ifadə edirdi. Şairin xidmət etdiyi həqiqət, ədalət, azadlıq, xeyirxahlıq, gözəllik duyğuları əbədidir. Qasım bəy Zakirin şeirinin uzun ömürlülüyünü həmişə onların m Bu il Azərbaycanın görkəmli satirik şairi Qasım bəy Zakirin anadan olmasının 230 ili tamam olur. Qasım bəy Zakir el arasında hörmətlə yad edilən, sevilən, vətənpərvər şəxsiyyətdir.
Zakirin şeirlərinə öz həqiqi qiymətini xalq vermişdir. Məhz buna görə indi də onun şeirləri ilhamla səslənərək, qədirbilən nəsillərin ürəklərində canlı əks – səda doğurur. Q. Zakir xalqımızın müqtədir şairi, ölməz klassiki kimi həmişə yaşayacaq.
Məmmədli Ruhiyyə
F. Köçərli adına Respublika Uşaq Kitabxanasının Elmi – Metodika şöbəsinin
müdiri
Gundelik.az

