Həm Tehrandakı səfirlik, eyni zamanda Təbrizdəki Baş konsulluğun evakuasiyası ilə bağlı tapşırıqlar verilib.
Gundelik.az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Moldova Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoini ilə birgə mətbuat konfransında deyib.
Nazirin sözlərinə görə, Prezident İlham Əliyevin tapşırığına əsasən, İrandan diplomatik heyətin tam çıxarılmasına qərar verilib.
“Bu, həm Tehrandakı səfirlik, həm də Təbrizdəki Baş konsulluğa aiddir. Hazırda bu istiqamətdə iş aparılır, müvafiq tapşırıqlar verilib. Həm Tehrandakı səfirlik, həm də Təbrizdəki Baş konsulluğun heyətinin təxliyəsi üçün tapşırıqlar verilib. Hazırda bu tapşırıqlar icra səviyyəsindədir. Hadisələrin inkişafının bu fonunda biz insanlarımızın həyatını risk altına ata bilmərik. Bundan sonra proseslər diqqətlə izləniləcək. Dron hücumları ilə bağlı İran tərəfdən aparılan araşdırmanın nəticəsini gözləyəcəyik və onun nəticəsindən asılı olaraq, növbəti addımlar atılacaq, qərarlar veriləcək”, – Ceyhun Bayramov qeyd edib.

