Boris Conson və bir sıra avropalı yüksək vəzifəli şəxslərin stansiyadan ayrılmasından qısa müddət sonra Rusiya Ukraynada qatara hücum edib.
Ukrayna-Polşa sərhədində yerləşən Yahodın stansiyasında qatarın lokomotivi vurulub. Hadisə nəticəsində ölən və ya yaralanan olmayıb. Ukraynalı rəsmilər bütün sərnişinlərin təxliyə edildiyini bildiriblər.
Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson və ölkənin milli təhlükəsizlik müşaviri Conatan Pauellın da daxil olduğu bir qrup avropalı milli təhlükəsizlik müşaviri Kiyevdə keçirilən konfransdan qayıdarkən eyni marşrutdan keçib.
Diplomatik qatar hədəfə alınıb
Rusiya Qərbi Ukraynadakı dəmir yolu infrastrukturuna zərbələr endirdiyini açıqlayıb. Ukraynanın dəmir yolu şirkəti Ukrzaliznytsia isə hücumun diplomatik qatarı hədəf almış ola biləcəyini bildirib.
Hadisə zamanı Yahodın stansiyasında başqa qatarda olan Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) keçmiş direktoru Devid Petreus hadisəni dəhşətli adlandırıb. O, hücumu Ukrayna mülki əhalisini qorxutmağa çalışan “barbar” rəhbərin əməli kimi qiymətləndirib.
Ukrzaliznytsia qatarın Rusiyanın hücum təhlükəsi səbəbindən cədvəldə edilən dəyişiklik nəticəsində planlaşdırılandan daha tez yola düşdüyünü açıqlayıb. Şirkətin məlumatına görə, hücumdan 15 dəqiqə əvvəl sərnişinlərə təxliyə əmri verilib.
Ukraynalı və polşalı rəsmilər Rusiya pilotsuz uçuş aparatının Polşa sərhədindən təxminən 2 kilometr məsafədə hədəfə dəydiyini bildiriblər.
Boris Consondan çağırış
Kiyevdəki konfransda iştirak edən İsveçin keçmiş baş naziri Karl Bildt sərnişinlərə təxliyəyə hazırlaşmaq göstərişi verildiyini, daha sonra isə qatarın hərəkətini davam etdirməsinə icazə verildiyini deyib. Bildtin olduğu qatar Polşanın Dorohusk sərhəd stansiyasına çatıb.
Boris Conson Rusiyanın Polşa sərhədində hərəkətsiz vəziyyətdə olan Ukrayna lokomotivini vurmasına nəyin səbəb olduğunu bilmədiyini bildirib. O, Ukraynanın müttəfiqlərini Kiyevə ehtiyac duyduğu hava hücumundan müdafiə sistemlərini təcili şəkildə təqdim etməyə çağırıb.
Ukraynanın xarici işlər naziri Andrey Sibihə Yahodındakı hücumların Rusiyanın “terrorunu” Avropa İttifaqı və NATO-nun qapısına gətirdiyini deyərək Moskvaya qarşı sanksiyaların sərtləşdirilməsini tələb edib.
Polşanın baş naziri Donald Tusk son hadisələri müzakirə etmək üçün təcili toplantı keçirib. Tusk Rusiyanın hərəkətlərindəki gərginliyin artmasının reallığa çevrildiyini və təhlükənin sərhədə getdikcə yaxınlaşdığını bildirib.
Rusiya hücumları mülki əhalinin istifadə etdiyi Ukrayna dəmir yolu şəbəkəsinə ciddi ziyan vurub. Prezident Volodimir Zelenski daha əvvəl baş verən oxşar hücumları terror aktı kimi qiymətləndirib.
Avropa ölkələri Almaniyada baş verən pilotsuz uçuş aparatı hücumları və müdafiə obyektlərində qeydə alınan şübhəli yanğınlara görə Rusiyanı ittiham edib. Moskva isə bu iddiaları rədd edib.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

