Gundelik.az Dünya Avropada həddindən artıq isti hava şərqə doğru irəliləyir: Qırmızı həyəcan elan edildi
Dünya Xəbərlər

Avropada həddindən artıq isti hava şərqə doğru irəliləyir: Qırmızı həyəcan elan edildi

Qərbi Avropada yüzlərlə insanın ölümünə səbəb olan həddindən artıq isti hava dalğası şərqə doğru hərəkət edir. Macarıstan, Polşa, Rumıniya və Balkan ölkələrində ən yüksək səviyyəli – qırmızı həyəcan elan olunub, əhaliyə zəruri olmadıqca evdən çıxmamaq tövsiyə edilib.

Ötən həftə Qərbi Avropada temperatur rekordları qıran isti hava kütləsi indi qitənin mərkəzi, şərqi və cənub bölgələrini təsiri altına alıb.

Yeni bölgələri bürüyən isti hava səbəbindən Slovakiyada havanın temperaturu 40,5 dərəcəyə çataraq ölkə tarixində indiyədək qeydə alınan ən yüksək göstərici olub.

Macarıstanın paytaxtı Budapeştdə temperaturun 40 dərəcəni keçəcəyi gözlənilir. Hakimiyyət orqanları əhalinin sərinləyə bilməsi üçün ölkə üzrə 2 mindən çox kondisionerli sərinləmə mərkəzi açıb.

Çay sularının isinməsi nəticəsində elektrik istehsalının azalmasının qarşısını almaq məqsədilə Macarıstandakı atom elektrik stansiyasına müvəqqəti istisna tətbiq edilib.

Nəqliyyatda problemlər, meşə yanğınları

Almaniyada ardıcıl üç gün temperatur rekordu qeydə alınıb. Brandenburg əyalətində termometrlər 41,7 dərəcə göstərib. Berlin polisi ictimai yerlərdə toplaşan insanları sərinlətmək üçün təzyiqli su şırnaqlarından istifadə edib. Bəzi şəhərlərdə isə yüksək temperatur tramvay xətlərinə ziyan vurduğundan nəqliyyatın hərəkətində fasilələr yaranıb.

Xorvatiyada paytaxt Zaqreb, eləcə də Split və Dubrovnik kimi turizm şəhərlərində qırmızı həyəcan elan olunub. Adriatik dənizində yerləşən Vis adasında baş verən meşə yanğınına havadan və qurudan müdaxilə edilir.

İsti hava dalğası Qərbi Avropada zəifləməyə başlasa da, ağır nəticələr geridə qalıb. Fransada isti hava ilə əlaqədar 1000-dən çox, İspaniyada isə 800-dən artıq əlavə ölüm qeydə alınıb.

Fırtına, daşqın və infrastruktur problemləri

Həddindən artıq isti bəzi bölgələrdə güclü fırtına və daşqınlara da səbəb olub. İtaliyanın şimalındakı Alto Adice bölgəsində bir saat ərzində hər kvadratmetrə 50 kiloqram yağıntı düşməsi nəticəsində torpaq sürüşmələri və su basqınları baş verib. Çayların daşması səbəbindən çoxsaylı sakin təxliyə olunub.

Həftəsonu Polşada keçirilən velomarafon zamanı iki idmançı həyatını itirib. Kiprdə park edilmiş avtomobildə qalan iki uşaq ölüb. Almaniyada isə sərinləmək üçün suya girən 13 nəfər boğularaq həyatını itirib.

Mütəxəssislər bildirirlər ki, Mərkəzi və Şərqi Avropa şəhərləri iqlim böhranının təsirlərinə qarşı daha həssasdır. Bunun əsas səbəbi bölgədəki binaların əksəriyyətinin qış aylarında istiliyi saxlamaq üçün tikilməsi və kondisionerdən istifadənin geniş yayılmamasıdır.

Müharibə şəraitində fəaliyyət göstərən və infrastrukturu zədələnmiş Ukraynanın enerji sistemi də artan elektrik tələbatı qarşısında çətinlik yaşayır. Həddindən artıq isti hava səbəbindən ölkənin bir çox bölgəsində təcili elektrik kəsintiləri tətbiq olunur.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version