Avropanın bir sıra ölkələrində müşahidə olunan Günəş tutulmasını izləmək istəyənlər park, meydan, rəsədxana və yüksəkliklərdə toplaşıblar.
İspaniyanın şimalındakı bəzi ərazilərdə tam Günəş tutulması müşahidə olunub. Böyük Britaniyanın əksər hissəsində isə Günəşin 90 faizindən çoxu Ay tərəfindən örtülüb.
Avropanın müxtəlif ölkələrində tutulmanı izləyənlər Günəşə təhlükəsiz baxmaq üçün xüsusi qoruyucu eynəklərdən və teleskoplardan istifadə ediblər.
Böyük Britaniya
Böyük Britaniyanın paytaxtı Londonda Günəş tutulması yerli vaxtla saat 18:17-də başlayıb və 19:13-də ən yüksək səviyyəyə çatıb. Ölkənin müxtəlif bölgələrində tutulmanın maksimum həddi saat 19:02-19:16 arasında dəyişib.
Londonda tutulmanı izləmək üçün ən əlverişli məkanlar arasında Kral Rəsədxanasının yerləşdiyi Qrinviç Parkı, London mənzərəsi ilə tanınan Telegraph Hill, Regent’s Parkın şimalındakı Primrose Hill, Hampstead Heath ərazisindəki Parliament Hill və qərbə doğru geniş mənzərə təqdim edən Crystal Palace olub.
Parlament Meydanı və məşhur Trafalqar Meydanında da çox sayda insan Günəş tutulmasını izləyib.
Temza çayının sahilində tutulmanı izləyən Mayk son 9 ildə üç dəfə Günəş tutulmasına şahid olduğunu bildirib. O, səfəri planlaşdırarkən tutulmadan xəbərsiz olduğunu deyib:
“Bu gün Günəşin 90 faizinin tutulmasını izləyəcəyik. Çox həyəcanlıyam. Səfəri planlaşdırarkən Günəş tutulmasından xəbərimiz belə yox idi. Bunu öyrənəndə çox təəccübləndim.”
Rajed isə Günəş tutulmasını əsrin nadir hadisələrindən biri adlandıraraq, gözlədiyi görüntünü fotoşəkil çəkə biləcəyinə ümid etdiyini bildirib.
İspaniya
İspaniyanın şimal-qərbindən başlayaraq şərq istiqamətində irəliləyən tam Günəş tutulması ölkənin şimalındakı bəzi ərazilərdə və Balear adalarında müşahidə olunub.
Ölkədə tutulmanın qismən mərhələsi yerli vaxtla təxminən 19:30-da başlayıb. Tam tutulma isə bölgədən asılı olaraq 20:27-20:33 arasında baş verib. Bəzi ərazilərdə tam tutulma təxminən iki dəqiqə davam edib.
Gijon, Santander və Bilbao kimi şimal şəhərlərində tam tutulma müşahidə edilib. Paytaxt Madriddə isə Günəşin təxminən 99 faizi Ay tərəfindən örtülüb. Burada tutulma 20:32 radələrində maksimum həddə çatıb.
İspaniyada nadir astronomik hadisəyə böyük maraq göstərilib və çox sayda insan tutulmanı xüsusi qoruyucu eynəklərlə izləyib.
İber yarımadasında sonuncu tam Günəş tutulması 1912-ci ildə müşahidə olunub. İspaniyada növbəti tam Günəş tutulmasının 2 avqust 2027-ci ildə baş verəcəyi gözlənilir.
Fransa
Fransada Günəş tutulması xüsusilə ölkənin cənub-qərbində daha aydın müşahidə olunub.
Paytaxt Parisdə Günəşin 92 faizi Ay tərəfindən örtülüb. Ölkənin cənub-qərbində yerləşən Sen-Jən-de-Lüz şəhərində isə bu göstərici 99,6 faizə çatıb. Parisdə tutulma yerli vaxtla 19:22-də başlayıb və təxminən 21:10-da başa çatıb.
Tutulmanı izləmək istəyənlər Citroen Parkı, Lüksemburq bağları və Paris Filarmoniyasının damı kimi məkanlarda toplaşıblar.
Citroen Parkında tutulmanı izləyən 28 yaşlı Viktoriya xüsusi qoruyucu eynəkləri parkdakı paylama məntəqələrindən əldə etdiyini bildirib. O, avqust ayında belə böyük izdiham gözləmədiyini və mənzərənin olduqca gözəl olduğunu deyib.
Mariya adlı Fransa vətəndaşı isə həyatında ilk dəfə Günəş tutulmasına şahid olduğunu bildirib.
Parisdə Sacre-Coeur Bazilikasının qarşısında və məşhur Şanzelize prospektindəki Zəfər Tağının ətrafında da çox sayda insan toplaşıb.
Fransada sonuncu Günəş tutulması 1999-cu ildə müşahidə olunub. Tutulmadan bir neçə gün əvvəl qoruyucu eynəklərin tükənməsi səbəbindən bəzi satış məntəqələrinin qarşısında uzun növbələr yaranıb.
Belçika
Belçikada da Günəş tutulmasını izləmək üçün xüsusi eynəklərə böyük tələbat yaranıb. Mağazaların qarşısında uzun növbələr əmələ gəlib.
Paytaxt Brüsseldə Ellinci İl Parkındakı tarixi Zəfər Tağı kompleksi tutulmanı izləmək istəyənlərin üzünə açılıb. Burada satışa çıxarılan biletlər bir neçə dəqiqə ərzində tükənib.
Brüsseldə MIRA Rəsədxanası, Zavelenberq təbiət ərazisi, Scheutbos Parkı və Koekelberq Bazilikası kimi məkanlarda da insanlar tutulmanı izləyiblər.
Antverpendə isə MAS Muzeyinin damında xüsusi tədbir keçirilib. İştirakçılar burada Günəş teleskoplarından istifadə edərək tutulmanı canlı izləyiblər.
İsveçrə
İsveçrədə 1999-cu ildən bəri müşahidə olunan ən böyük qismən Günəş tutulması baş verib.
Tutulma ölkə üzrə təxminən 19:25-də başlayıb. Təxminən bir saat sonra Ay Günəşin 91-93 faizini örtüb.
Cenevrədə tutulmanın maksimum mərhələsində Günəşin təxminən 93 faizi Ay tərəfindən örtülüb.
Nadir hadisəyə böyük maraq göstərilib. Bern şəhərində yüzlərlə insan təhlükəsiz müşahidə üçün xüsusi eynək almaq məqsədilə mağazaların qarşısında növbəyə düzülüb.
Avstriya
Avstriyada Ay Günəşin 89 faizini örtüb.
Paytaxt Vyanada tutulma 19:22-də başlayıb və 20:13-də maksimum həddə çatıb. Günəşin 20:14-də batması səbəbindən tutulmanın ən yüksək mərhələsi gün batımından cəmi bir dəqiqə əvvəl baş verib.
Vyanada Steinhofgründe, Kahlenberg və Cobenzl kimi yüksək ərazilər müşahidə üçün seçilən əsas məkanlar arasında olub.
Vyana Xalq Təhsil Mərkəzlərinin planetariumunda da tutulma ilə bağlı kollektiv müşahidə tədbirləri keçirilib. Tuna qülləsinin 150 metr yüksəklikdə yerləşən müşahidə meydançası da Günəş tutulmasını izləmək istəyənlərin üz tutduğu məkanlardan biri olub.
İsveç
İsveçdə Günəş tutulması yerli vaxtla təxminən 19:56-da başlayıb və təxminən 10 dəqiqə davam edib.
Paytaxt Stokholmda onlarla insan xüsusi eynəklərdən istifadə edərək nadir astronomik hadisəni izləyib.
İsveç Astronomiya Cəmiyyətinin rəhbəri Peter Linde hadisəni “çox möhtəşəm təcrübə” adlandırıb. Onun sözlərinə görə, ötən il İsveçdə Günəşin yalnız 30 faizi örtülmüşdüsə, bu dəfə göstərici 85 faizə çatıb.
İsveçdə sonuncu tam Günəş tutulması 1954-cü ildə baş verib. Növbəti tam tutulmanın isə 2126-cı ildə müşahidə olunacağı gözlənilir.
Almaniya
Almaniyanın bir çox şəhərində Günəş tutulmasını izləmək istəyənlər tarixi məkanlara, parklara və açıq ərazilərə axın ediblər.
Tutulma xüsusilə ölkənin cənub-qərbində daha aydın müşahidə olunub. Berlində Günəşin 85 faizi, ölkənin cənub-qərbində yerləşən Frayburq şəhərində isə 90 faizi Ay tərəfindən örtülüb.
Almaniyada tutulma 19:12-də başlayıb və 20:05-də maksimum həddə çatıb.
Berlində Tempelhofer Feld və Brandenburq qapısı tutulmanı izləmək üçün insanların toplandığı əsas məkanlar olub.
Ölkədə də qoruyucu eynəklərin bir neçə gün əvvəl tükəndiyi bildirilib.
İslandiya
İslandiyada 1954-cü ildən bəri ölkədə müşahidə olunan ilk tam Günəş tutulması baş verib.
Tutulma ölkənin qərbindəki Vestfyordlar, Snaefellsnes yarımadası və paytaxt Reykyavik də daxil olmaqla bir sıra ərazilərdə tam şəkildə müşahidə olunub.
Reykyavikdə tutulma yerli vaxtla 16:47-də başlayıb, tam tutulma isə 17:48-də başlayaraq təxminən bir dəqiqə davam edib. İslandiyanın qərbindəki bəzi ərazilərdə tam tutulmanın müddəti iki dəqiqəni keçib.
Nadir hadisəni izləmək üçün ölkəyə çox sayda turist gəlib. Xüsusi qoruyucu eynəklərin isə qısa müddətdə tükəndiyi bildirilib.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

