Avqust ayı tam Günəş tutulması, Perseid meteor yağışı, Veneranın parlaq görünməsi və qismən Ay tutulması ilə səma həvəskarları üçün olduqca maraqlı keçəcək.
12 avqust tarixində baş verəcək tam Günəş tutulması Şimali Rusiya, Qrenlandiya, İslandiya, İspaniyanın şimalı və Portuqaliyanın kiçik bir hissəsindən tam şəkildə izlənilə biləcək. ABŞ-da isə Alyaskadan Şimali Karolinaya qədər uzanan ərazilərdə tutulma qismən görünəcək.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, Günəş tutulmasını izləyərkən yalnız sertifikatlaşdırılmış tutulma eynəklərindən istifadə edilməlidir. Xüsusi filtr olmadan dürbün, teleskop və ya kamera vasitəsilə birbaşa Günəşə baxmaq gözlər üçün ciddi təhlükə yarada bilər.
Perseid meteor yağışı zirvəyə çatacaq
Günəş tutulmasının baş verdiyi gecə Perseid meteor yağışı da maksimum aktivlik mərhələsinə çatacaq. Ən əlverişli müşahidə vaxtı 12 avqust axşamından 13 avqust səhərin erkən saatlarınadək davam edəcək.
Həmin günün Yeni Ay mərhələsinə təsadüf etməsi səbəbindən səma daha qaranlıq olacaq və meteorları izləmək üçün ideal şərait yaranacaq.
Meteor yağışı Swift-Tuttle kometasının buraxdığı hissəciklərin Yer atmosferində yanması nəticəsində əmələ gəlir. Müşahidə üçün hava qaraldıqdan sonra şimal-şərq istiqamətinə, Persey (Qəhrəman) bürcü tərəfə baxmaq tövsiyə olunur.
Venera daha parlaq görünəcək
14–16 avqust tarixlərində Venera ən böyük şərq uzanımına çatacaq.
Bu müddətdə planet gün batımından qısa müddət sonra qərb üfüqünə yaxın görünəcək və səmadakı bütün ulduzlardan daha parlaq seçiləcək.
Avqust qismən Ay tutulması ilə başa çatacaq
27 avqust gecəsi başlayaraq 28 avqusta keçən gecə, Dolunay zamanı qismən Ay tutulması baş verəcək. Bu hadisəni Şimali və Cənubi Amerikanın böyük hissəsində, həmçinin Avropa və Afrikanın bəzi bölgələrində izləmək mümkün olacaq.
Tutulmanın maksimum mərhələsində Ay diskinin təxminən 93 faizi Yerin tam kölgəsinə düşəcək.
Ay tam tutulmayacaq, lakin səthinin böyük hissəsi qaralacaq və mis rənginə çalan görünüş alacaq. Ay tutulmasını izləmək üçün xüsusi göz qoruyucu vasitələrə ehtiyac yoxdur və onu təhlükəsiz şəkildə müşahidə etmək mümkündür.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

