Astronomlar Yerdən təxminən iki yarım dəfə geniş olmasına baxmayaraq, 23 dəfə daha böyük kütləyə sahib olan və qeyri-adi sıxlığı ilə diqqət çəkən nəhəng ekzoplanet aşkar ediblər. GJ 523b adlandırılan və “meqa-Dünya” kimi xarakterizə edilən bu göy cismi qayalı planetlərin necə formalaşması ilə bağlı mövcud nəzəriyyələrə meydan oxuyur.
NASA-nın TESS peyki və Arizonadakı yerüstü teleskoplar vasitəsilə aşkarlanan GJ 523b öz ulduzu ətrafında tam dövrəni təxminən 18 günə başa vurur. Təxminən 170 milyon il yaşı olan gənc sistemə aid planetin ölçüsü, kütləsi və sıxlığı alimləri təəccübləndirib.
Mövcud astronomiya modellərinə görə, Yer kütləsinin 20 mislinə çatan nəhəng nüvələrin sürətlə qaz toplayaraq Yupiter və ya Saturn kimi qaz nəhənglərinə çevrilməsi gözlənilirdi. Lakin GJ 523b böyük kütləsinə baxmayaraq, demək olar ki, heç bir qalın qaz təbəqəsi formalaşdırmayıb və sıx, qayalı quruluşunu qoruyub.
Nəhəng toqquşma ehtimalı gündəmdədir
Alimlər bu ölçüdə bir planetin niyə qaz nəhənginə çevrilmədiyini araşdırırlar. Mütəxəssislər bununla bağlı iki əsas ehtimal irəli sürürlər.
Birinci ssenariyə görə, planet əvvəlcə qalın atmosferə sahib olub, lakin zaman keçdikcə bu təbəqəni itirib.
İkinci və daha güclü ehtimala görə isə sistemin ilkin mərhələsində iki böyük planet bir-biri ilə toqquşub. Bu toqquşma nəticəsində qaz təbəqələri kosmosa səpələnib, geridə isə birləşmiş, nəhəng və son dərəcə sıx qayalı kütlə qalıb.
“Meqa-Dünya” anlayışı yenidən araşdırılır
Astronomlar GJ 523b kimi həddindən artıq sıx planetlərin kainatda nadir rast gəlinən istisnalar, yoxsa hələ kifayət qədər aşkar edilməmiş geniş planet sinfinin nümunələri olduğunu müəyyənləşdirməyə çalışırlar.
Hazırda resenziya mərhələsində olan araşdırmanın nəticələrinin gələcəkdə oxşar planetlərin sayının artması ilə planetlərin təkamülü haqqında mövcud təsəvvürləri dəyişə biləcəyi bildirilir.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

