Gundelik.az Mədəniyyət və cəmiyyət Arıqlama iynələrində kritik detal: 1 il ərzində itirilən çəkinin üçdə ikisi geri qayıtdı
Mədəniyyət və cəmiyyət Xəbərlər

Arıqlama iynələrində kritik detal: 1 il ərzində itirilən çəkinin üçdə ikisi geri qayıtdı

Arıqlama iynələri ilə verilən çəkinin müalicə dayandırıldıqdan sonra əhəmiyyətli hissəsinin geri qayıda biləcəyi araşdırmalarla yenidən gündəmə gəlib. Semaglutid və tirzepatid üzərində aparılan tədqiqatlar göstərib ki, dərmanların dayandırılmasından sonra yalnız çəki artımı deyil, qan şəkəri, arterial təzyiq və bel çevrəsi kimi metabolik göstəricilərdə əldə olunan yaxşılaşmalar da geriləyir.

Araşdırmaya görə, semaglutid qəbulunu dayandıran şəxslər bir il ərzində itirdikləri çəkinin təxminən üçdə ikisini geri alıblar. Başqa bir araşdırmada isə semaglutid dayandırıldıqdan 20 həftə sonra iştirakçıların itirdikləri çəkinin 65 faizini geri aldığı müşahidə olunub.

Tirzepatidlə aparılan SURMOUNT-4 tədqiqatında isə 36 həftəlik müalicə müddətində orta hesabla 21 faiz çəki itkisi əldə edilib. Müalicə dayandırıldıqdan sonra plasebo qrupuna keçirilən iştirakçılar ilkin çəkilərinin təxminən 14 faizini yenidən alıblar.

Mütəxəssislər bildirirlər ki, müalicənin dayandırılması ilə çəki artımından əlavə, qan şəkərinin nəzarəti, arterial təzyiq, bel çevrəsi və qan lipidlərində əldə olunan müsbət dəyişikliklər də pisləşir.

Dietoloq Selahattin Dönmez vurğulayır ki, arıqlama iynələri təkbaşına daimi həll yolu deyil. Davamlı çəki nəzarəti üçün düzgün qidalanma, kifayət qədər protein və lif qəbulu, müntəzəm fiziki aktivlik və xüsusilə əzələ itkisini azaltmağa kömək edən müqavimət məşqləri müalicənin vacib hissəsi olmalıdır.

Mütəxəssislərin fikrincə, piylənmə xroniki və təkrarlana bilən xəstəlikdir. Buna görə də hansı üsulla çəki azaldılmasından asılı olmayaraq, yanlış qidalanma vərdişləri dəyişdirilmədən uzunmüddətli nəticə əldə etmək çətin olur. Arıqlama dərmanlarının dayandırılması isə mütləq həkim nəzarəti və planlaması ilə həyata keçirilməlidir.

 

Mənbə:CNN Türk

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version