ABŞ-da aparılan araşdırma göstərib ki, yatmazdan əvvəl son 3 saat ərzində qida qəbul etməmək ürək sağlamlığına və maddələr mübadiləsinə müsbət təsir göstərir.
ABŞ-ın tədqiqatçıları son yemək saatının ürək və maddələr mübadiləsinə təsirini araşdırıblar.
Tədqiqat çərçivəsində artıq çəkidən əziyyət çəkən iştirakçılar iki qrupa bölünüb. Birinci qrup yatmazdan ən azı 3 saat əvvəl yeməyi dayandırıb və gecə ərzində 13–16 saat ac qalıb.
İkinci qrup isə 11–13 saatlıq gecə acqalma rejimini davam etdirib. Hər iki qrupun iştirakçılarına əlavə olaraq yatmazdan 3 saat əvvəl işıqları azaltmaq tövsiyə olunub.
Araşdırma zamanı iştirakçıların qəbul etdiyi kalori miqdarı dəyişdirilməyib, yalnız yemək saatı erkən vaxta keçirilib. Nəticədə son yeməyini daha erkən yeyən qrupda gecə qan təzyiqinin və ürək döyüntüsünün nəzərəçarpacaq dərəcədə azaldığı, həmçinin qan şəkərinin səviyyəsinin yaxşılaşdığı müəyyən edilib.
Tədqiqatda vurğulanıb ki, xüsusilə ürək-damar xəstəlikləri riski yüksək olan insanlar üçün yemək saatını daha erkən vaxta çəkmək pəhrizin məzmununu dəyişmədən tətbiq oluna bilən praktik üsuldur.
Araşdırmada qeyd olunub ki, orqanizmin bioloji saatı hesab edilən sirkadiyan ritm maddələr mübadiləsi və ürəyin fəaliyyəti də daxil olmaqla bir çox prosesi tənzimləyir. Metabolik sağlamlığın pozulması isə 2-ci tip diabet, qaraciyərin piylənməsi və ürək-damar xəstəlikləri riskini artırır.
Araşdırmanın nəticələri “Arteriosclerosis, Thrombosis, and Vascular Biology” elmi jurnalında dərc olunub.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

