ABŞ-ın texnologiya nəhəngi Apple Rusiyanın ən populyar sosial şəbəkələrindən biri olan VKontakte (VK) və şirkətə məxsus bir sıra tətbiqləri App Store platformasından çıxarıb.
VK şirkətinin yaydığı yazılı açıqlamada bildirilir ki, Apple əvvəlcədən heç bir xəbərdarlıq etmədən şirkətin bəzi tətbiqlərini birtərəfli qaydada App Store-dan silib.
Açıqlamaya əsasən, VK, Zen, VK Video, VK Messenger, VK Music, VK Dating və Odnoklassnik tətbiqlərini artıq Apple cihazlarına yükləmək və yeniləmək mümkün deyil.
Şirkət vurğulayıb ki, VK heç bir sanksiya siyahısına daxil edilməyib. Buna baxmayaraq, Apple-ın qərarı Rusiyada milyonlarla insanın istifadə etdiyi rəqəmsal xidmətlərə çıxışı məhdudlaşdırır.
VK həmçinin xəbərdarlıq edib ki, tətbiqlərin yenilənə bilməməsi istifadəçilərin mesajlar və digər vacib hadisələrlə bağlı ani bildirişləri vaxtında almasına mane ola bilər.
Şirkətin açıqlamasında deyilir:
“Apple-ın rusiyalı istifadəçilərə qarşı atdığı bu addımları əsassız və qəbuledilməz hesab edirik.”
Xatırladaq ki, Apple daha əvvəl də bir sıra Rusiya şirkətlərinə məxsus tətbiqləri App Store-dan silmişdi. Digər tərəfdən, Rusiya hakimiyyəti də ölkə ərazisində Facebook, İnstagram, YouTube və X kimi platformalara girişə müxtəlif məhdudiyyətlər tətbiq edib.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

