Yüksək xolesterin uzun illər ərzində heç bir əlamət vermədən irəliləyir. İnsan özünü tam sağlam hiss etsə də, damar divarlarında xolesterin yığılır və ürək-damar xəstəlikləri riskini artırır.
İlk ciddi əlamət infarkt və ya insultdur
Yüksək xolesterin adətən ağrı, halsızlıq və başgicəllənmə kimi əlamətlərə səbəb olmur. Lakin damarların divarlarında yaranan yığıntılar zamanla artaraq qan dövranını pozur. Bəzi insanlarda xolesterin yüksəkliyinin ilk ciddi göstəricisi infarkt və ya insultdur.
Bu səbəbdən hər hansı şikayətin yaranmasını gözləmədən mütəmadi qan analizləri və həkim müayinəsindən keçmək tövsiyə olunur.
Yalnız ümumi xolesterinə baxmaq kifayət deyil
Xolesterin qiymətləndirilərkən yalnız ümumi göstərici deyil, LDL xolesterin, yaş, arterial təzyiq, siqaret istifadəsi, şəkərli diabet və ailədə ürək-damar xəstəliklərinin olub-olmaması da nəzərə alınmalıdır.
Mütəxəssislərin sözlərinə görə, ürək-damar xəstəliyi riski artdıqca LDL üçün müəyyən edilən hədəf göstərici daha aşağı olur. Buna görə hər kəs üçün eyni xolesterin hədəfi uyğun deyil.
Gənc və arıq olmaq da qoruyucu deyil
Yüksək xolesterin yalnız yaşlı və artıq çəkili insanlarda müşahidə olunmur. Gənc və arıq şəxslərdə də, xüsusilə genetik amillərlə əlaqədar, xolesterin yüksək olur.
Ailəsində erkən yaşda ürək xəstəliyi olan şəxslərin genetik xolesterin yüksəkliyi baxımından daha erkən müayinə olunması vacibdir.
Mənbə:CNN Türk
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

