ABŞ prezidenti Donald Trump bildirib ki, ABŞ və İran arasında atəşkəs hələ də qüvvədədir. Buna baxmayaraq, cümə axşamı gecəsi Hormuz boğazı yaxınlığında tərəflər arasında qarşılıqlı atəş açılıb. İlk atəşi kimin açdığı isə məlum deyil.
İranın yüksək hərbi komandanlığı ABŞ-ı İran neft tankerini və Hormuz boğazına yaxınlaşan başqa bir gəmini hədəf almaqda, həmçinin sahil bölgələrinə hava zərbələri endirməkdə ittiham edib.
ABŞ isə İranın ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus raketdaşıyan esmineslərə hücum etdiyini və buna “özünümüdafiə zərbələri” ilə cavab verdiyini açıqlayıb. Tramp “İran bu gün bizimlə oynamağa çalışdı” deyə bildirib.
Gərginlik İran Xarici İşlər Nazirliyinin ABŞ-ın müharibəni dayandırmaq təklifini nəzərdən keçirdiyini açıqlamasından cəmi bir gün sonra baş verib.
Cümə günü səhər isə Birləşmiş Ərəb Əmirlikləri Müdafiə Nazirliyi İran tərəfindən raket və dron hücumunun qarşısının alındığını açıqlayıb.
İran dövlət mediası əvvəlcə Hormuz boğazında “partlayışlar” və “düşmənlə atışma” baş verdiyini yazıb. Yerli mediada isə Tehran şəhərində partlayış səslərinin eşidildiyi bildirilib.
İran ordusu ABŞ-ın Bəndər-Xəmir, Sirik və Qeşm adası sahillərinə hava zərbələri endirdiyini açıqlayıb. Tehran dərhal cavab verdiyini və ABŞ hərbi gəmilərinə “əhəmiyyətli ziyan vurduğunu” iddia edib.
ABŞ Mərkəzi Komandanlığı isə İranın raket, dron və sürətli qayıqlarla hücum etdiyini, cavab olaraq İranın raket və dron bazalarının vurulduğunu bildirib.
Tramp “Truth Social” platformasında yazıb ki, ABŞ İranın bir neçə sürətli qayığını məhv edib və gələcəkdə razılaşma imzalanmasa daha sərt zərbələr endiriləcəyini xəbərdar edib.
Bir İsrail mənbəsi isə BBC-yə son hücumlarda İsrailin iştirak etmədiyini deyib.
ABŞ mediası Ağ Evin İranla 14 maddəlik anlaşma memorandumu üzərində irəliləyiş əldə etdiyini yazsa da, İran parlamentindəki təhlükəsizlik komissiyasının sözçüsü Ebrahim Rezaei bunu “arzular siyahısı” adlandırıb və Tehranın “barmağının tətiyin üstündə olduğunu” bildirib.
Tramp daha əvvəl İran razılaşmanı qəbul etməsə, bombardmanların daha güclü şəkildə davam edəcəyini demişdi. ABŞ tərəfi həmçinin İranın nüvə silahı əldə etməyəcəyinə razı olduğunu iddia edir, lakin Tehran bunu təsdiqləməyib.
Mənbə:BBC
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

