Gundelik.az Dünya ABŞ-nin kimya şirkəti Avropadakı üç fabrikini bağlayacaq, 800 nəfər işsiz qalacaq
Dünya Xəbərlər

ABŞ-nin kimya şirkəti Avropadakı üç fabrikini bağlayacaq, 800 nəfər işsiz qalacaq

Amerikanın kimya şirkəti “Dow” 2027-ci ilin sonuna kimi Avropadakı üç istehsal müəssisəsini bağlayacaq.

Gundelik.az şirkətin bəyanatına istinadən xəbər verir ki, bu qərar regiondakı struktur problemləri ilə izah olunur.

Almaniyada “Dow” 2027-ci ilin dördüncü rübündə Böhlendəki etilen zavodunu və Şkopaudakı xlor-qələvi və PVC kompleksini bağlamağı planlaşdırır. Eyni zamanda Böyük Britaniyadakı siloksan zavodunun 2026-cı ilin ortalarında bağlanması nəzərdə tutulur.

Bu addımlar 800-ə yaxın iş yerinin itirilməsinə səbəb olacaq.

“Avropada zavodların bağlanması bizə regional istehsal potensialını optimallaşdırmağa, eləcə də regionun ən enerjitutumlu aktivlərini “Dow”un portfelindən çıxarmağa imkan verəcək”, – şirkətin məlumatında deyilir.

“Avropadakı sənayemiz əlverişsiz bazar şəraiti, eləcə də çətin xərc və tələb şərtləri ilə üzləşməkdə davam edir”, – deyə şirkətin baş direktoru Cim Fitterlinq bildirib.

Aprel ayında şirkət üç Avropa biznesi üçün perspektivləri nəzərdən keçirəcəyini söyləyib. Şirkətin idarə heyəti iyunun 30-da bir sıra digər aktivlərin restrukturizasiyası ilə birlikdə həmin müəssisələrin bağlanmasını təsdiqləyib.

Üç Avropa zavodunun bağlanması şirkətdən 360 milyon ABŞ dolları ilə 790 milyon ABŞ dolları arasında vəsait silinməsini tələb edəcək.

Elan edilmiş tədbirlər 2026-cı ildən etibarən “Dow”un mənfəətinə müsbət təsir göstərməyə başlayacaq və dörd il ərzində illik 500 milyon dollarlıq xərclərə qənaət etməyə imkan verəcək.

2025-ci ilin əvvəlindən bəri “Dow”un bazar dəyəri 29% azalıb.

Gundelik.az

Exit mobile version