Gundelik.az Dünya ABŞ Konqresi Epstein işi ilə bağlı Baş prokuror Bondini ifadə verməyə çağırmaq üçün səs verdi
Dünya Xəbərlər

ABŞ Konqresi Epstein işi ilə bağlı Baş prokuror Bondini ifadə verməyə çağırmaq üçün səs verdi

Bir Konqres komitəsi Jeffrey Epstein haqqında aparılan istintaqla bağlı ABŞ Baş prokuroru Pam Bondi-nin ifadə verməsi üçün çağırılmasına səs verib.

Bondinin məcburi şəkildə çağırılması barədə təklif respublikaçı konqres üzvü Nancy Mace tərəfindən irəli sürülüb. O, Ədliyyə Nazirliyini bu işdə “ört-basdır etməkdə” ittiham edib.

Donald Trump administrasiyası siyasi spektrin müxtəlif tərəflərindən Epstein istintaqı ilə bağlı bütün sənədlərin açıqlanması üçün artan təzyiqlə üzləşir. Konqres komitəsi artıq bu iş üzrə bir neçə tanınmış şəxsi ifadə verməyə məcbur edib.

Mace sosial mediada yazıb:

“Epstein işi Amerika tarixində ən böyük ört-basdır hadisələrindən biridir. Onun qlobal seks ticarəti şəbəkəsi açıqlanandan daha böyükdür.”

Bondi və Trump administrasiyası sənədlərin yayımlanması prosesini idarə etmələrinə görə tənqid olunub. Tənqidlərdən biri də Epstein qurbanlarının adlarının gizlədilməməsi ilə bağlıdır.

Çərşənbə günü Nümayəndələr Palatasının Nəzarət Komitəsində beş respublikaçı — Mace, Lauren Boebert, Tim Burchett, Michael Cloud və Scott Perry — demokratlarla birlikdə subpoena (yəni hüquqi çağırış) verilməsinin lehinə səs veriblər.

Mace yazıb:

“3 milyon sənəd açıqlanıb, amma hələ də tam həqiqəti bilmirik. Videolar itkindir. Audio materiallar yoxdur. Qeydlər yoxdur. Hələ milyonlarla başqa sənəd mövcuddur.”

Mace, Donald Trump-ı dəstəkləməsinə baxmayaraq, onun Ədliyyə Nazirliyinin Epstein sənədləri ilə bağlı siyasətini tənqid edib.

Ədliyyə Nazirliyi milyonlarla sənəd yayımlayıb, lakin daha milyonlarla sənəd hələ də açıqlanmayıb. Qurum BBC-nin şərh sorğusuna dərhal cavab verməyib.

Keçən ilin noyabrında Donald Trump Konqres tərəfindən qəbul edilən və Epstein istintaqı ilə bağlı bütün materialların açıqlanmasını tələb edən qanunu imzalayıb.

Lakin milyonlarla sənəd yayımlandıqdan sonra həm demokratlar, həm də respublikaçılar narazılıq bildirib. Onlar Ədliyyə Nazirliyini bəzi qurbanların kimliyini gizlətməməkdə, amma qurban olmayan bəzi şəxslərin adlarını qorumaqda ittiham ediblər.

Komitədəki ən yüksək rütbəli demokrat Robert Garcia isə Ədliyyə Nazirliyini Trump-a qarşı yetkinlik yaşına çatmayan bir şəxsin cinsi istismarı ilə bağlı iddiaların olduğu sənədləri gizlətməkdə günahlandırıb.

Garcia bildirib ki, o, ictimaiyyətə açıqlanmayan və bu iddiaların yer aldığı sənədləri şəxsən görüb.

Ədliyyə Nazirliyi isə cavabında bildirib ki, “heç bir sənəd silinməyib” və yalnız təkrar sənədlər, məxfi materiallar və ya davam edən federal istintaqa aid olanlar saxlanılıb.

Keçən həftə subpoena əsasında keçmiş prezident Bill Clinton və həyat yoldaşı, keçmiş dövlət katibi Hillary Clinton Nəzarət Komitəsi qarşısında ifadə veriblər.

Epstein qurbanları tərəfindən Klintonlara qarşı hər hansı cinayət ittihamı irəli sürülməsə də, Bill Clinton Epstein ilə bağlı istintaq sənədlərində, o cümlədən fotoşəkillərdə qeyd olunur.

Lakin Epstein sənədlərində adın keçməsi həmin şəxsin cinayət törətdiyi demək deyil.

Mənbə: BBC

Hazırladı: Jalə Əliyeva

Gundelik.az

Exit mobile version