Gundelik.az Dünya ABŞ/İsrail–İran müharibəsində ABŞ-a məxsus çoxsaylı hava vasitələri zərər gördü
Dünya Xəbərlər

ABŞ/İsrail–İran müharibəsində ABŞ-a məxsus çoxsaylı hava vasitələri zərər gördü

ABŞ və İsrailin İrana hücumları ilə başlayan müharibədə ABŞ qüvvələrinə məxsus çoxlu sayda döyüş təyyarəsi, pilotsuz uçuş aparatı (PUA), yanacaq doldurma təyyarəsi və helikopter müxtəlif hadisələr zamanı ciddi zərər gördü.

ABŞ rəsmilərinin açıqlamaları və mediada yayılan xəbərlər göstərir ki, 28 fevralda başlayan ilk hücumlardan bəri ABŞ-a məxsus bir çox hava vasitəsi ya döyüşlərdə, ya qəzalar zamanı, ya da hücumlar nəticəsində zədələnib.

Bu itkilərin ümumi dəyərinin 2,8 milyard dolları keçdiyi bildirilir.

İran üzərində uçan və 65 milyon dollar dəyərində olan F-15E Strike Eagle döyüş təyyarəsi 3 aprel tarixində İran hava hücumundan müdafiə sistemi tərəfindən vurulub. Təyyarədə olan hər iki pilot katapult edərək xilas olub və sonradan keçirilən əməliyyatla götürülüb.

NBC News-un məlumatına görə, eyni gün 18,8 milyon dollar dəyərində A-10 hücum təyyarəsi də itirilib. Bu hadisə ilə bağlı xilasetmə əməliyyatları zamanı hər biri 36 milyon dollar dəyərində olan 2 UH-60 Black Hawk helikopteri də vurulub.

ABC News xəbər verir ki, xilasetmə əməliyyatında iştirak edən 2 MC-130J C-130 təyyarəsi İran ərazisində qalıb və personal təxliyə edildikdən sonra ABŞ qüvvələri tərəfindən məhv edilib.

Həmçinin eyni bölgədə 4 MH-6 Little Bird helikopteri ələ keçirilməməsi üçün məhv edilib. Bu texnikaların ümumi dəyəri yüz milyonlarla dollar təşkil edir.

İlk F-15E təyyarəsinin vurulması və sonrakı xilasetmə əməliyyatlarındakı itkilər, müharibə başlayandan bəri ABŞ-ın ən ciddi hava itkisi hesab olunur.

Müxtəlif bölgələrdən itkilər

İran dövlət mediası 4 apreldə yayımladığı görüntülərdə, Küveytdəki bazaya edilən PUA hücumu nəticəsində 48 milyon dollar dəyərində CH-47 Chinook helikopterinin məhv edildiyini iddia edib.

NPR-in məlumatına görə, 27 martda Səudiyyə Ərəbistanındakı bazaya edilən hücumda 2 E-3 Sentry erkən xəbərdarlıq təyyarəsi (ümumi dəyəri 1,4 milyard dollar) zərər görüb.

“Iraq İslami Müqaviməti” adlı qrupun yaydığı görüntülərdə Bağdaddakı bazaya edilən PUA hücumlarında Sentinel radarı və Black Hawk helikopteri hədəf alınıb.

Bloomberg bildirir ki, MQ-9 Reaper PUA-larından ən az 12-si itirilib:

9-u İran tərəfindən vurulub

1-i İordaniyada məhv edilib

2-si qəzada itirilib

Bu PUA-ların ümumi dəyəri 380 milyon dollardan çoxdur.

CNN-in məlumatına görə, İran üzərində döyüş zamanı vurulan F-35 təyyarəsi təcili eniş edib. Bu, həmin model üçün ilk döyüş zədəsi hesab olunur.

Wall Street Journal yazır ki, İranın hücumları nəticəsində 5 KC-135 yanacaq doldurma təyyarəsi də zərər görüb.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) isə 12 martda İraqda baş verən qəza nəticəsində bir KC-135 təyyarəsinin düşdüyünü açıqlayıb.

İlk itkilər

CENTCOM-un məlumatına görə, 1 martda Küveyt üzərində 3 F-15E təyyarəsi səhvən dost atəşi nəticəsində vurulub. Pilotlar xilas edilib.

Bu hadisə müharibənin ilk məlum ABŞ təyyarə itkisi kimi qeydə alınıb.

Ümumilikdə Küveyt və İran üzərində itirilən 4 F-15E təyyarəsinin dəyəri 260 milyon dollar təşkil edir.

Mənbə: TRT Haber

Hazırladı: Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version