Gundelik.az Dünya ABŞ-ın Hörmüz boğazı üzərində İran limanlarına blokadası: səbəblər, gedişat və risklər
Dünya Xəbərlər

ABŞ-ın Hörmüz boğazı üzərində İran limanlarına blokadası: səbəblər, gedişat və risklər

ABŞ İran bayrağı altında üzən bir yük gəmisini saxlayıb və müsadirə edib. Bu hadisə Tramp administrasiyasının bu ayın əvvəlində İran limanlarına daxil olan və ya oradan çıxan dəniz nəqliyyatına qarşı hərbi dəniz blokadasına başlamasından sonra baş verib.

Bazar günü Donald Tramp bildirib ki, ABŞ Hərbi Dəniz Qüvvələri “Touska” adlı gəmini Oman körfəzində saxlayıb.

Daha əvvəl ABŞ qüvvələri açıqlamışdı ki, İran sahillərinə gedən və ya oradan çıxan gəmilər ya saxlanacaq, ya da geri qaytarılacaq.

Vaşinqton bildirib ki, digər ölkələrdən gələn və ya gedən gəmilərə Hörmüz boğazından keçməyə icazə veriləcək. Bu boğaz İran sahilləri yaxınlığında yerləşən və strateji əhəmiyyətə malik su yoludur. İran isə ABŞ-İsrail hücumlarına cavab olaraq bu keçidi faktiki olaraq bağlamışdı.

ABŞ donanması İran limanlarına çıxışı nəzarətə götürərək Tehranın neft ixracından qazanc əldə etməsini məhdudlaşdırmağa çalışır. Bu, ölkəyə təzyiq göstərmək məqsədi daşıyır. Blokada tərəflər arasında müharibəni dayandırmaq üçün aparılan danışıqların nəticəsiz qalmasından sonra tətbiq edilib. Müharibə 28 fevralda başlayıb və hazırda iki həftəlik atəşkəs qüvvədədir.

Trampın məqsədi İrana iki əsas iqtisadi mənbə üzərindən təzyiq göstərməkdir:

Hörmüz boğazından keçən gəmilərdən alınan yüksək rüsumlar

Neft gəlirləri

O, bildirib ki, “İranın istədiyi ölkələrə neft sataraq pul qazanmasına icazə verməyəcəyik” və məqsədin “ya hamı keçəcək, ya heç kim” prinsipi olduğunu vurğulayıb.

İran isə bu blokadanı “dəniz quldurluğu” adlandırıb və Fars körfəzi ölkələrinin limanlarını hədəf ala biləcəyi ilə hədələyib.

Təhlükəsizlik üzrə ekspertlərin fikrincə, bu blokada iki əsas risk yaradır:

Neft və qaz qiymətlərinin yenidən artması

Atəşkəsin pozulması və ABŞ-İran arasında genişmiqyaslı müharibənin yenidən başlaması (bu isə Dubay, Bəhreyn, Küveyt və Səudiyyə Ərəbistanına da təsir edə bilər)

2022-ci il ABŞ Hərbi Dəniz Qüvvələrinin əməliyyat qaydalarına görə blokada “düşmən dövlətə aid limanlara və sahillərə gəmilərin və təyyarələrin giriş-çıxışının qarşısını almaq üçün həyata keçirilən hərbi əməliyyatdır”.

BMT-nin Beynəlxalq Dəniz Təşkilatı isə bildirib ki, beynəlxalq keçid üçün istifadə olunan boğazları bloklamaq heç bir ölkənin hüququ deyil.

Ekspert Donald Rotvell isə qeyd edir ki, beynəlxalq hüquqa görə ABŞ, İsrail və İran “müharibə tərəfləri” hesab olunur. Bu isə ABŞ-a dəniz müharibəsi qanunlarına əsasən blokada tətbiq etmək imkanı verir.

ABŞ hərbi gəmilərinin dəqiq yerləşməsi açıqlanmır. Lakin onların İran sahillərinə yaxın yerləşdirilməsinin riskli olduğu (raket və dron hücumları səbəbilə) ehtimal edilir.

Buna görə də blokadanın əsasən Oman körfəzi ətrafında həyata keçirildiyi düşünülür. ABŞ peyk və kəşfiyyat məlumatları ilə İran limanlarından çıxan gəmiləri izləyir və açıq okeana çıxandan sonra onları saxlayır.

ABŞ Mərkəzi Komandanlığı bildirib ki:

12-dən çox hərbi gəmi

100-dən çox döyüş və müşahidə təyyarəsi

əməliyyatda iştirak edir.

Peyk görüntülərinə əsasən, “USS Abraham Lincoln” təyyarədaşıyan gəmisi Oman körfəzinin şərqində, İran sahillərindən təxminən 200 km məsafədə yerləşir.

“Touska” gəmisinin saxlanması zamanı ABŞ qüvvələri helikopterlə yaxınlaşıb və dəniz piyadaları kəndirlə gəmiyə eniblər.

Tramp isə bildirib ki, gəminin mühərrik hissəsinə zərbə endirilərək hərəkəti dayandırılıb.

ABŞ humanitar yüklərin (ərzaq, dərman və s.) keçidinə icazə veriləcəyini, lakin yoxlamadan keçiriləcəyini açıqlayıb.

Bundan əlavə, Tramp İranın boğazda yerləşdirdiyini iddia etdiyi minaların məhv ediləcəyini də bildirib.

Aprelin əvvəlində isə bəzi ticarət gəmilərinə geri dönmək tapşırığı verildiyi açıqlanıb. Peyk məlumatları bəzi İranla əlaqəli gəmilərin istiqamətini dəyişdiyini göstərir.

Bununla yanaşı, bəzi gəmilərin yerini gizlətmək üçün saxta siqnallar (spoofing) göndərməsi də mümkündür.

Mənbə: BBC

Hazırladı: Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version